QHT-lər haqqında qanun dəyişdi - FƏRMAN

QHT-lər haqqında qanun dəyişdi - FƏRMAN
  04 Fevral 2014    Oxunub:2250
Prezident İlham Əliyev "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Dəyişikliklərə əsasən,

Məqsədi və ya fəaliyyəti Azərbaycan Respublikasının konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyə, ərazi bütövlüyünü pozmağa, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyə, irqi, milli və dini ədavəti qızışdırmağa yönəlmiş qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasında filial və ya nümayəndəliklərinin yaradılmasına və fəaliyyətinə yol verilmir;

Xarici dövlətlərin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycan Respublikasının ərazisində bir nümayəndəlik və ya filial yaradıla bilər;.

Qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin əsasnaməsində onu yaratmış təşkilatın adı, dövlət qeydiyyatı haqqında məlumatlar (qeydiyyat tarixi, nömrəsi, hüquqi ünvanı, onun qeydiyyatını aparmış qurumun adı), filial və ya nümayəndəliyin hüquqi ünvanı, idarə edilməsi qaydası, rəhbərinin səlahiyyətləri, ləğv olunması qaydası göstərilməlidir;

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər, habelə xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş qeyri-hökumət təşkilatlarının, eləcə də xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar. Xarici dövlətin qeyri-hökumət təşkilatının filialının və nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir;

Qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə tərəfindən işə baxılarkən təşkilatın üzvlərinin hüquqlarının pozulduğu müəyyən edildikdə qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə qərarı ilə bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulmuş müddətə dayandırıla bilər;

Qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin təsis sənədlərində qanunvericiliyə uyğunsuzluq aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı həmin qurumlardan 30 gün müddətində təsis sənədlərinin qanunvericiliyə uyğunlaşdırılmasını tələb edir;

Xarici dövlətin qeyri-hökumət təşkilatı digər təşkilatla birləşdikdə, qoşulduqda və ya özü bölündükdə, təşkilati-hüquqi formasını dəyişdikdə onun Azərbaycan Respublikasının ərazisindəki filialı və ya nümayəndəliyi ləğv edilir;

Qeyri-hökumət təşkilatı peşəkar dini fəaliyyətlə məşğul ola bilməz;

Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri öz fəaliyyətinin şəffaflığını təmin etməlidirlər. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri korrupsiya hüquqpozmalarının, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidirlər;

Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir;

Müvafiq icra hakimiyyəti orqanı qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi işinə aidiyyəti dövlət orqanlarının və digər qeyri-hökumət təşkilatlarının nümayəndələrini cəlb etmək səlahiyyətinə malikdir.

Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi üçün maneələr yaradan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar;

Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi bu Qanunun müddəalarından irəli gələn tələbləri pozduqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır;

Azərbaycan Respublikası qanunvericiliyinin, eləcə də nizamnamənin müddəalarından irəli gələn tələblərin pozulmasına görə qanunla məsuliyyət müəyyən olunmadığı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyri-hökumət təşkilatına və ya xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə yazılı surətdə xəbərdarlıq edilir və pozuntuların 30 günədək müddətdə aradan qaldırılması haqqında göstəriş verilir;

Bu maddədə müəyyən olunmuş hallarda qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti məhkəmə qərarı ilə bir ilədək müddətə dayandırıla bilər. Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması əsasları aşağıdakılardır:
- qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törətdikdə;
- qeyri-hökumət təşkilatı, xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığında və ya göstərişində bildirilmiş pozuntuların müəyyən edilmiş müddətdə aradan qaldırılmamasına görə inzibati məsuliyyətə cəlb edildikdən sonra qurum tərəfindən həmin pozuntular aradan qaldırılmadıqda;
- qeyri-hökumət təşkilatının icra orqanı tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulması müəyyən edildikdə;

Qeyri-hökumət təşkilatına, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda qeyri-hökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər;

Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılmasına səbəb olmuş pozuntular aradan qaldırıldıqda bu Qanunun 31.3.1-ci və 31.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının, 31.3.3-cü maddəsində müəyyən olunmuş halda isə təşkilatın üzvlərinin müraciəti əsasında qurumun fəaliyyəti məhkəmənin qərarı ilə vaxtından əvvəl bərpa oluna bilər.

Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını bu Qanunun 29.4-cü maddəsində müəyyən edilmiş müddətdə təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır.


Teqlər:  





Xəbər lenti