Ermənilər Gəncədə Rusiya vətəndaşını öldürüb

Ermənilər Gəncədə Rusiya vətəndaşını öldürüb
  24 Oktyabr 2020    Oxunub:4376
Ermənistanın mülki Azərbaycan vətəndaşlarına, xüsusilə uşaqlara və yeniyetmələrə qarşı dövlət səviyyəsində terroru və müharibə cinayətləri davam edir.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib.

Prezidentin köməkçisi deyib: “Baş Prokurorluq tərəfindən məlumat verildiyi kimi, bu gün Tərtər rayonunun və kəndlərinin “Smerç” raketlərindən atəşə tutulması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.

Oktyabrın 17-də Gəncənin yaşayış məntəqələrinin “SCUD” tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç (Ramiz oğlu) həkimlərin səylərinə baxmayaraq, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Mayakov Artur Vladimiroviç Gəncəyə bibisigilə qonaq gəlmişdi.

Mərhum Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Aleksandr Nevski kilsəsinin dəstəyi ilə pravoslav xristian dini ənənələrinə uyğun olaraq dəfn olunacaq. Xarici İşlər Nazirliyi vasitəsilə bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məlumat verilib.

Hazırda Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində yerləşən Azərbaycan şəhərlərinin ağır artilleriya və digər silahlardan atəşə tutulması davam edir.

Ermənistandan fərqli olaraq Azərbaycan mülki insanları və mülki obyektləri hədəfə almır. Azərbaycan tərəfindən beynəlxalq humanitar hüquqda təsbit olunmuş hərbi zərurət, legitim hərbi hədəflər və cavab tədbirlərinin proporsionallığı kimi tələblər ciddi şəkildə nəzərə alınır. Xankəndidə olmuş xarici jurnalistlər tərəfindən də qeydə alındığı kimi, Ermənistan tərəfi atəş nöqtələrini mülki obyektlərin içərisində və yaxınlığında yerləşdirərək terrorçulara məxsus taktikadan istifadə edir. Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırırıq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi, Azərbaycanın mülki erməni əhalisi ilə işi yoxdur. Azərbaycan tərəfə keçmək istəyən mülki şəxslərə və hərbçilərə bütün humanitar yardım və dəstəyi göstərməyə hazırıq. Mülki insanlara qarşı törədilmiş müharibə cinayətlərinə, hərbi avantüraya görə məsuliyyəti tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyi daşıyır”.

Azvision.az


Teqlər: HikmətHacıyev   Gəncə  





Xəbər lenti