“Deputat sözündən imtina edilməlidir” - ÇAĞIRIŞ

“Deputat sözündən imtina edilməlidir” - ÇAĞIRIŞ
  04 Fevral 2014    Oxunub:984
“Milli Məclisin adının dəyişdirilməsi ilə bağlı təklifi mənə gənclər müraciətlərində bildirmişdilər”.
Bunu AzVision.az-a açıqlamasında deputat Zahid Oruc bildirib.
Deputat Milli Məclisin adının dəyişdirilməsi ilə bağlı irəli sürdüyü təklifin mahiyyətini açıqlayıb.

Onun sözlərinə görə, müxtəlif dövlət qurumlarının fəaliyyətinin dəqiqləşdirilməsi, onun funkisyanallığının artırılması, milli maraqlara daha uyğun bir səviyyədə qurulması üçün hər zaman yollar axtarılmalıdır:

“Dövlətin varlığında, mövcudluğunda cümhuriyyət zamanından bu yana varislik prinsipləri qorunub saxlanmaqdadır. Ulu Öndər zamanında ordu günü məhz demokratik respublikanın zamanında olması günü ilə eyni götürdü. Təkcə bayraq simvolları deyil, eləcə də digər atributlarda da bu cür bağlılıqlar var. Hesab edirəm ki, bu mövqe Böyük Millət Məclisi sözündən ilkin olaraq çıxış etməyə görə idi. Qəti şəkildə məsələ sadəcə formal bir parallelik naminə dilə gətirilməmişdi. Türkiyədə qeyd etdiyimiz adın on illər boyu qərarlaşmasında biz də özümüzü uyğunlaşdırmaq istəmirdik, amma məsələnin mahiyyəti xeyli fərqlidir”-deyə Z.Oruc təklifini əsaslandırıb.

Deputat hesab edir ki, bu gün dünyada parlamentlər fərqli adlara malikdir. “Ukraynada bu ad Rada, ABŞ-da Konqres, Rusiyada Duma və s. Bunlar sadəcə, dövlətin və millətin siyasi mənəvi yükünü özündə daşımır, onu təcəssüm etdirmir, eyni zamanda oradakı çox millətliliyi vahid bir adda birləşdirir”.

Millət vəkilinin sözlərinə görə, Milli sözü 90-cı illərdə daha yerində işlənən bir ifadə idi: “O zaman demokratik Azadlıq hərəkatı və müstəqilliyə qovuşma dövründəki duyğulardan sırf elə adlar meydana gəlirdi, əksər kitabların, partiyaların adında bu sözü görə bilərsiniz. O cümlədən də parlament də o adı daşıdı. Milli sözü ilə millət sözü eyni deyil, milli həmin anlamın kiçik bir hisəssidir. Millət əslində daha çox vətəndaş yüklüdür, yəni oradakı bütün çox millətliyi tam özündə ehtiva edir. Bundan başqa deyim ki, Azərbaycan parlamentarilərini ad olaraq çağıranda millət vəkili deyirik. Bu, çox gözəldir. Əslində deputat sözündən tamamilə imtina etmək lazımdır. Biz millət vəkili deyirik, milli vəkil demirik. Əgər məsələnin sırf hərfi prizmasına varanda belə etməliydik. Ona görə də düşünürəm ki, Millət Məclisi söyləməklə daha çox dərəcədə Azərbaycanda vətəndaşlama prosesini qərarlaşdırmış oluruq. Əlbəttə ki, bu mövqenin tərəfdarları da, məsələyə fərqli yanaşmalar da var. Bunları normal qarşılayıram. Amma istərdim ki, hər kəs bu hisslərdən bir azca uca dayansın.

Zahid Oruc hesab edir ki, səsləndirdiyi təklif cəmiyyətdə özünə yer edəcək.

“Məsələ hər hansı bir şəkildə deputatların bugünkü fəaliyyətini qiymətləndirməkdən getmir. Hesab edirəm ki, səsləndirdiyim fikir cəmiyyətdə özünə yer edəcək, siyasi dairələrdə, strukturlarda müxtəlif reaksiyalar doğruldacaq, yəqin ki, gələcəkdə bu məsələyə baxılacaq”.

Qeyd edək ki, millət vəkili Zahid Oruc parlamentin dünənki iclasında Milli Məclisin adının dəyişib, Millət Məclisi olmağını təklif edib. Deputatın bu təklifi birmənalı qarşılanmayıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti