Şeyx Oqtay Əsədovun təklifini qəbul etmədi

Şeyx Oqtay Əsədovun təklifini qəbul etmədi
  05 Fevral 2014    Oxunub:1011
“Quranın Azərbaycan dilində oxunması mümkün deyil”

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə spiker Oqtay Əsədovun Qurani-Kərimin Azərbaycan dilində oxunması ilə bağlı təklifinə reaksiya verib. AzVision.az-ın məlumatına görə, şeyx O.Əsədovun bu təklifinin ümumiyyətlə müzakirə mövzusu olmadığını bildirib.

Allahşükür Paşazadə Quranın Azərbaycan dilində oxunmasına razı olmadığını diqqətə çatdırıb. Şeyx buna səbəb kimi Quran tərcümələrinin zəif olduğunu qeyd edib:

“Qurani-Kərimin Azərbaycan dilində oxunması müzakirə mövzusu belə ola bilməz. Bu bizim düşüncəmizcə düzgün və doğru bir fikir deyil və yaxşı düşünülməmiş söhbətdir. Bunu Oqtay müəllimlə də görüşüb müzakirə etmişəm. Ona demişəm ki, Quran Azərbaycan dilinə tərcümə edilsin ki, kitabda nə var nə yox olduğu kimi bilinsin. Amma onun Azərbaycan dilində oxunması mümkünsüzdür”.

Qeyd edək ki, Milli Məclisinin sədri Oqtay Əsədov Milli Məclisin fevralın 3-də keçirilən plenar iclasında din xadimlərini tədbirlərdə Quranı Azərbaycan dilində də oxumağa çağırıb.

Spiker bildirib ki, dini tədbirlərdə Quranı azərbaycan dilində də oxumaq lazımdır. Bu məsələ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məşğul olacaq.

“Bizim din xadimlərimiz Qurandan duaları ərəbcə təbliğ edirlər ki, bunu da heç kim başa düşmür və formal xarakter daşıyır”-, deyə Əsədov bildirib.

“Quranı-Kərim Azərbaycan dilinə tam səlisliyi ilə tərcümə olunub. Qurani-Kərim ərəb dilində oxunanda insanların 80 faizi onu başa düşmür. Bəziləri ərəb dilində oxuyur, sonra Azərbaycan dilinə tərcümə edir. Bakının bəzi kəndlərində mərasimlərdə Quran-Kərimdəki surələr Azərbaycan dilində oxunur. Yavaş-yavaş bu fikrə də baxmaq lazımdır ki, əgər bu kəlamlar bizə lazımdırsa, öz dilmizdə deyilsin ki, hamı başa düşsün”, deyə spiker bildirib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti