Zakir Həsənov həmsədrlərə iradını bildirdi

Zakir Həsənov həmsədrlərə iradını bildirdi
  05 Fevral 2014    Oxunub:1047
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprçiki qəbul edib.

Görüş zamanı qonaqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bildiriblər.

Müdafiə naziri qonaqları salamlayaraq, onlara regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib.

General-polkovnik Zakir Həsənov son günlər qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi məsələsinə də toxunaraq, düşmən tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin və mülki əhalinin atəşə məruz qalması hallarının qeydə alınması, o cümlədən atəşin intensivliyinin artmasına da diqqəti yönəldib.
Sonda Müdafiə naziri, xalqımızın işğal altında olan torpaqların sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu, Azərbaycanın işğal faktı ilə barışmayacağını və ərazilərimizin düşməndən azad edilməsi hüququnun özündə saxladığını bildirib.

Görüşdə Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti