`17 yeni elektrik stansiyası istismara verilib`

  06 Fevral 2014    Oxunub : 675
`17 yeni elektrik stansiyası istismara verilib`
Etibar Pirverdiyev: Son 10 ildə Azərbaycanda 17 yeni elektrik stansiyası istismara verilib.
Son 10 il ərzində Azərbaycanın elektrik enerjisi sistemində 17 yeni elektrik stansiyası istismara verilib. AzVision.az xəbər verir ki, bunu "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı deyib.

ASC sədri qeyd edib ki, bu gün Azərbaycanın müstəqil elektrik enerjisi sisteminə malik olması vaxtilə ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəticəsidir: "Möhtərəm cənab Prezident, Sizin enerji müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkə əhalisinin və iqtisadiyyatının elektrik enerjisinə olan tələbatının tamamilə ödənilməsi, respublikada elektrik enerjisinin ixrac potensialının yaradılması sahəsində energetiklər qarşısında qoyduğunuz tapşırıqların icrası davam etdirilir".

Onun sözlərinə görə, bütün bunların nəticəsidir ki, 10 il əvvəl ölkədə mövcud olan enerji problemləri respublikanın müxtəlif bölgələrində rekord qısa müddətdə yeni elektrik stansiyalarının inşası nəticəsində tamamilə aradan qaldırıldı. Sahibkarlığın, kiçik biznesin, ümumiyyətlə, bütün iqtisadiyyatın davamlı inkişafı üçün möhkəm zəmin yaradıldı: "Möhtərəm cənab Prezident, Sizin Sərəncam və tapşırıqlarınız əsasında I və II Dövlət proqramları çərçivəsində son 10 il ərzində Azərbaycanın elektrik enerjisi sistemində 17 yeni elektrik stansiyası istismara verilmiş, 10 min kilometrdən çox elektrik verilişi xətləri və 1500-dən çox yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur".
E.Pirverdiyev bildirib ki, 2006-cı ildən başlayaraq, hər il iki yeni elektrik stansiyası istifadəyə verilmişdir. Bu, Azərbaycanın elektrik energetikası tarixində rekord göstəricidir. Nəticədə 2300 meqavatdan artıq yeni generasiya gücləri əldə edilmişdir. Belə ki, 2006-cı ildə Astarada, Şəkidə, Xaçmazda və Naxçıvanda hər birinin gücü 87 MVt, 2007-ci ildə Bakıda 105 MVt, 2008-ci ildə Səngəçalda 300 MVt, 2009-cu ildə Şahdağda 105 Mvt, Sumqayıt şəhərində 525 MVt, 2013-cü ildə Sizin tərəfinizdən Şirvanda 780 MVt gücündə istilik elektrik stansiyaları işə salınmışdır: "Qeyd etmək istərdim ki, 409 meqavat gücündə daha bir stansiyanın - "Şimal-2" istilik elektrik stansiyasının cari ilin sonuna qədər işə salınması nəzərdə tutulmuşdur. Bundan başqa, LerikYardımlı rayonlarının coğrafi mövqeyinin mürəkkəbliyi nəzərə alınaraq, həmin rayonların elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə Lerikdə inşa edilən 17 meqavat gücündə elektrik stansiyasında işlər başa çatdırılıb".

"Azərenerji" sədri deyib ki, layihə çərçivəsində YardımlıLerik rayonlarının ərazisində 35 kilovoltluq yeni yarımstansiyalar və elektrik xətləri inşa edilib. Həmin rayonların paylayıcı şəbəkələrinin də yenidən qurulması qarşıda duran vəzifələrdən biridir: "Möhtərəm cənab Prezident, respublikamızın su resurslarından səmərəli istifadə sahəsində Sizin tapşırıqlarınız istiqamətində işlər davam etdirilir. Füzulidə gücü 25 MVt olan su elektrik stansiyası, Qusarİsmayıllı rayonlarında isə kiçik su elektrik stansiyaları Sizin iştirakınızla istifadəyə verilmişdir. Göyçayda gücü 3 meqavat olan kiçik su elektrik stansiyasında işlər, demək olar ki, başa çatdırılmışdır. Balakən, Oğuz, İsmayıllıAstara rayonlarında tikilməkdə olan digər 5 kiçik su elektrik stansiyasında isə işlərin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Cənab Prezident, Sizin çıxışlarınızda dəfələrlə qeyd edilmişdir ki, bütün sahələrdə yeni texnologiyaların tətbiqi müasir dövrün tələbidir. Sizin dəyərli tövsiyələriniz nəzərə alınaraq, yeni enerji obyektlərinin inşasında ən müasir texnologiyalar tətbiq edilməkdədir. Bunun nəticəsində respublikanın elektrik enerjisi sistemində təkcə kəmiyyət cəhətdən deyil, eyni zamanda, keyfiyyət cəhətdən də ciddi inkişafa nail olunmuşdur. Stansiyaların əsas texnoloji keyfiyyət göstəricisi olan faydalı iş əmsalı artmış, ekoloji təmizlik prinsiplərinə əməl olunmuşdur. Belə ki, hər kilovat-saat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı 415 qramdan 305 qrama qədər, yəni 25 faizdən çox azaldıl;b. Bu isə hər il təxminən 2 milyon ton şərti yanacağa qənaət etməyə imkan verib.

Möhtərəm cənab Prezident, Sizin tapşırıqlarınıza əsasən sistem əhəmiyyətli ötürücü xətlər və yarımstansiyaların inşası istiqamətində də əsaslı işlər görülwb. Belə ki, Sumqayıt elektrik stansiyası, Zabrat yarımstansiyası, Şimal elektrik stansiyası və Hövsan yarımstansiyasını birləşdirən 220 kilovoltluq ikidövrəli hava xətti işə salınmışdır. Bu layihə çərçivəsində transformasiya gücü 360 meqavoltamper olan yeni 220 kilovoltluq Zabrat yarımstansiyası şəbəkəyə qoşulmuşdur. Bununla da, Abşeron yarımadasının enerji təchizatı ciddi şəkildə yaxşılaşdırılmaqla yanaşı, Abşeron yarımadasında ikinci 220 kilovoltluq enerji dövrəsi yaradıl;b".

Onun sözlərinə görə, keçən əsrin 40-cı illərində istifadəyə verilmiş birinci və ikinci 220 kilovoltluq Mingəçevir-Abşeron xətləri 280 kilometr uzunluğunda yeni 330 kV qabaritli ikidövrəli xətlərlə əvəz olunmuşdur. Bu layihə çərçivəsində 220 kilovoltluq Ağdaş yarımstansiyası da inşa edilib. Bu yarımstansiyanın inşası, eyni zamanda, Yevlax, Ucar, Ağdaş, Göyçay, Kürdəmir və digər qonşu rayonların enerji təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdır;b. Bu bölgələrdə ciddi yük artımları nəzərə alınaraq, 220 kilovoltluq Qəbələ yarımstansiyasının layihələndirilməsi həyata keçirilir.

E.Pirverdiyev qeyd edib ki, Yeni Goranboy paylayıcı məntəqəsi ilə 330 kilovoltluq İmişli yarımstansiyasını birləşdirən 180 kilometr uzunluğunda 330 kilovoltluq xətlərin inşası yekunlaşmaq üzrədir. Bu xəttin işə salınması Goranboy-İmişli bölgəsinin enerji təchizatını daha da yaxşılaşdırmaqla yanaşı, enerji sistemdə ikinci 330 kilovoltluq enerji dövrəsinin yaradılmasına imkan verəcək.

ASC sədri bildirib ki, Xaçmaz rayonunda 330 kilovoltluq yarımstansiyanın işə salınması Şimal bölgəsinin enerji təchizatını əsaslı şəkildə yaxşılaşdırıb. Bu layihənin icrası nəticəsində Azərbaycan və Rusiya enerji sistemlərinin paralel iş rejimi imkanları daha da təkmilləşdirilib.

Onun sözlərinə görə, keçən əsrin 80-ci illərində inşa edilmiş 1-ci və 2-ci Mingəçevir-Abşeron xətləri nəinki yarımadanın enerji təchizatında, ümumilikdə enerji sistemin təhlükəsizliyində mühüm rol oynayır. Ümumi uzunluğu 500 kilometrdən artıq olan bu xətlər əsaslı şəkildə yenidən qurulmuşdur. Eyni zamanda, 500 kilovoltluq Abşeron yarımstansiyasında 400 meqavoltamper gücündə yeni transformator quraşdırılır ki, bu da enerji sistemin ən böyük yarımstansiyasının gücünü 1200 meqavoltamperə çatdıracaq.

"Azərenerji" sədri vurğulayıb ki, Azərbaycan və Gürcüstanın enerji sistemlərini birləşdirən 180 kilometr uzunluğunda 500 kilovoltluq Azərbaycan İES-Samux-Qardabani xətti tamamilə yenidən qurulmuş, 500 kilovoltluq Samux yarımstansiyası işə salınmış, 330 kilovoltluq Ağstafa yarımstansiyası yenidən qurulmuş və zəruri xətlər istifadəyə verilmişdir. Nəticədə Gəncə-Qazax bölgəsinə 400 meqavat əlavə güc ötürmək imkanı yaradılmışdır. Bu layihə bölgənin elektrik enerjisi təminatı ilə yanaşı, yeni tikiləcək enerjitutumlu müəssisələrin enerji təchizatını təmin etməyə imkan verir.

E.Pirverdiyev deyib ki, elektrik stansiyaları və sistem əhəmiyyətli yarımstansiyalar arasında 1000 kilometrdən artıq fiber-optik kabellər çəkilmişdir. Bu müasir texnologiyaların tətbiqi enerji istehsalı və ötürülməsi obyektlərindən məlumatların onlayn rejimində yeni yaradılmış mərkəzi SCADA sisteminə ötürülməsini təmin edir. Bütün bunlarla yanaşı, Abşeron yarımadasında ümumi uzunluğu 240 kilometrədək olan sistem əhəmiyyətli 110 kilovoltluq hava xətlərinin inşası üzrə işlər əsasən başa çatdırılıb.

O, qeyd edib ki, yaxın illər ərzində elektrik enerjisinin ötürülməsi sistemində planlaşdırılmış layihələrin həyata keçirilməsi nəticəsində sistem əhəmiyyətli transformatorların ümumi gücü 3 000 meqavoltamper, 110, 220, 330 və 500 kilovoltluq xətlərin ümumi uzunluğu təxminən 1500 kilometr artacaq: "Möhtərəm Prezident, paylayıcı şəbəkələrdə görülən işlər barəsində də qısa məlumat vermək istərdim. Məlum olduğu kimi, respublikamızda ilk dəfə olaraq Gəncə şəhərində ilkin ödənişli SMART sayğacların tətbiqinə başlanmışdı. Bu layihənin həyata keçirilməsi nəticəsində itkilərin kəskin şəkildə azalması, elektrik enerjisi ödənişlərinin artması, abonentlərə xidmətin keyfiyyətinin yüksəlməsi kimi müsbət nəticələr əldə edilib. Bundan sonra Şəmkir, Mingəçevir, Şirvan, Bərdə, Yevlax, Lənkəran, Cəlilabad və digər rayonlarda da bu işlər davam etdirilməkdədir. Keçən ildən başlayaraq Sumqayıt şəhəri, Abşeron, Sabirabad, İmişli, Saatlı, Kürdəmir, Bərdə, Şamaxı rayonlarında və digər bölgələrdə bu işlər həyata keçirilir. Burada aşağı gərginlikli xətlər müasir kabellər vasitəsi ilə yenidən qurulur, dayaqlar və naqillər dəyişdirilir, yeni sayğaclar quraşdırılır".

ASC sədrinin sözlərinə görə, hazırda bütün abonentlərin, demək olar ki, hamısı sayğacla təmin olunmuşdur. Bu sayğacların təxminən 15 faizi, yəni 250 mini SMART tiplidir: "Möhtərəm cənab Prezident! Çıxışımın sonunda Sizi əmin edirəm ki, bundan sonra da qarşımıza qoyulacaq bütün tapşırıqların vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün səylərimizi əsirgəməyəcəyik. Fürsətdən istifadə edərək, elektrik energetikası sahəsinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə bütün energetiklər adından dərin minnətdarlığımı bildirirəm".

Teqlər: