Çətinlikləri ASANlaşdırmağın yolu - xüsusi REPORTAJ

  06 Fevral 2014    Oxunub : 619
Çətinlikləri ASANlaşdırmağın yolu - xüsusi REPORTAJ
Ötən il bütün bölgələrdə vətəndaşlara səyyar xidmət göstərən ASAN Xidmət artıq paytaxtda evinizə gələcək.
Azərbaycan Respublikasinin Prezidenti yaninda Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin ictimai əlaqələr sektorunun müdiri Anar Hüseynov APA TV-yə deyib ki, səyyar xidmətlər dedikdə şəxsin qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş etməklə iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq, şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər.

Səyyar “ASAN xidmət” çərçivəsində vətəndaşlara şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı kimi xidmətlər göstəriləcək. Səyyar xidmətlər hələlik paytaxtın yalnız bir rayonunda vətəndaşlara xidmət edəcək: "Hazırda paytaxtın Nərimanov rayonu üzrə xidmət həyata keçiriləcək. Yəni Nərimanovda qeydiyyatda olan və yaşayan vətəndaşlar üçün bu xidmət göstəriləcək. Pilot layihə çərçivəsidir. Xidmətlərin genişləndirilməsi nəzərdə tutulub".

Xidmətin sifarişi 108 nömrəli “Çağrı” mərkəzi vasitəsi ilə həyata keçirilir. Artıq vətəndaşlar arasında səyyar xidmətdən yararlananlar da var.
Vaxt müəyyən olunduqdan sonra xidmətin işçiləri müraciət edən şəxsin ünvana yollanır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi pilot layihə çərçivəsində Bakı şəhəri üzrə səyyar formada xidmətlərin həyata keçirilməsinə başlayıb.

Birinci qrup gözdən əlil Xatirə Abdullayeva səyyar xidmətlərdən ilk olaraq, yararlanan sakinlərdəndir. Beləliklə, ASAN xidmətin əməkdaşları xarici pasport almaq üçün xidmətə müraciət edən əlil xanımın evinə gəlməklə bu istəyi asanlaşdırmış olublar.

Sifarişin xidmət haqqına dövlət rüsumları, cərimələr və normativ hüquqi aktlarla müəyyən edilən xidmət haqları daxil deyil. Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

Xatirə Abdullayeva deyir ki, çox insanın işini asanlaşdırır: "Tutaq ki, mən özüm. Mən ora getmək üçün çətinlik çəkirdim. Bu xidmət varsa, nəyə görə olmasın. Evdə xidmət göstərmək çox yaxşı haldır. Mən bunu dəstəkləyirəm".

Əhali bu xidmətdən bazar ertəsi-şənbə günü saat 10:00-19:00-dək yararlana biləcək. Səyyar xidmət haqqına gəlincə, ikitərəfli xidmət sənədlərin qəbulu və hazır sənədin çatdırılması - 90 AZN, birtərəfli xidməthazır sənədin çatdırılması - 50 AZN təşkil edir.

Səyyar xidmət zamanı hazır sənədlərin çatdırılması üçün belə xüsusi nəqliyyat vasitələrindən istifadə ediləcək.


Teqlər: