Azərbaycan – İspaniya əməkdaşlığı müzakirə edildi

Azərbaycan – İspaniya əməkdaşlığı müzakirə edildi
  07 Fevral 2014    Oxunub:860
Azərbaycan ilə İspaniya arasında bir çox sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə edildi.
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniya parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İspaniya arasında siyasi, iqtisadi, mədəni, kənd təsərrüfatı, idman, təhsil, ispan dilinin tədrisi və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov Azərbaycanın İspaniya ilə ikitərəfli əlaqələrin inkişafına önəm verdiyini və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb, parlamentlərarası əlaqələrin vacibliyini qeyd edib.

Nazir Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyi haqqında İspaniya nümayəndə heyətini ətraflı məlumatlandırıb, Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə rəğmən beynəlxalq təşkilatların sənədlərini, xüsusilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirmədiyini bildirib.
İspaniya parlamentinin nümayəndə heyətinin rəhbəri Xose Maria Çikiyo Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı və doğma yurdlarından qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri haqqında məlumatlı olduqlarını bildirib. O, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnamənin Ermənistan tərəfindən yerinə yetirilməməsinin məyusluq doğurduğunu vurğulayıb, Azərbaycanın mövqeyinin haqq-ədalətə əsaslandığını söyləyib.


Teqlər:





Xəbər lenti