“Mənim üçün darıxmayın” – 26 yaşlı Milli Qəhrəman - VİDEO

“Mənim üçün darıxmayın” – 26 yaşlı Milli Qəhrəman - VİDEO
  07 Fevral 2014    Oxunub:9195
Bu gün Azərbaycanın şəhid Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. AzVision.az verir ki, mərhum yaşasaydı 26 yaşını qeyd edəcəkdi.

Mübariz İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.

11 il oxuduqdan sonra 2005-ci ildə orta məktəbi bitirib. Elə həmin il hərbi xidmətə çağırılıb. Xidmətinə Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə başlayıb. Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirib. Bir müddət mülki işlərdə işlədikdən sonra 2008-ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb. Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb, Gizir kimi çalışmağa başlayıb.

Mübariz 2010-cu ilin aprel ayından Tərtər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayır. 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində əməliyyata başlayıb. 22 yaşlı Mübariz 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və düşmənin ağlasığmaz sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşüb. O, 19 iyun 2010-cu il tarixində qəhrəmancasına həlak olub.

Atası Ağakərim İbrahimovun dediklərindən: "Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhəddə tərəf gedin. Sonra da məktubunu tapmışdılar..."

Mübariz İbrahimov son döyüşündən əvvəl valideynlərinə məktub yazıb. "Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".

Prezident İlham Əliyevin 22 iyul 2010-cu il sərəncamı ilə M.İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Biləsuvar şəhərindəki mərkəzi küçələrdən birinə, şəhərdəki xüsusi istedada malik uşaqlar üçün lisey-məktəbə onun adı verilib. Haqqında film çəkilib, kitablar yazılıb. Mübariz 7 noyabr 2010-cu ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!





Teqlər:  





Xəbər lenti