Azərbaycanın hansı nazirləri Facebook-dadır?

Azərbaycanın hansı nazirləri Facebook-dadır?
  07 Fevral 2014    Oxunub:1187
Azərbaycanda son vaxtlar dövlət rəsmiləri arasında sosial şəbəkələrə maraq xeyli artıb. Siyasətçilər, millət vəkilləri ilə yanaşı yüksək çinli məmurlar da facebook və tvitter şəbəkələrinə qoşularaq sosial medianın imkanlarından yararlanırlar. Dövlət rəsmiləri hamılıqla sosial şəbəkələrə qoşulmasa da artıq bəzilərini facebook-da görmək mümkündür. Xüsusən Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin facebook-a qoşulması ictimayyət tərəfindən maraqla qarşılandı. Demək olar ki, R.Mehdiyevin səhifəsi cəmi bir neçə gün açılmasına baxmayaraq 9 minə yaxın istifadəçi tərəfindən bəyənilərək izlənməyə alınıb.

Rəsmilərin sosial şəbəkədə olması bilavasitə jurnalistlərin də işini asanlaşdırır. Onların yazdığı statuslar, verdiyi mesajlar qısa zamanda xəbər mövzusuna çevrilərək mətbuat səhifələrində tirajlanır. Bu baxımdan dövlət nümayəndlərinin sosial şəbəkələrə qoşulmasını təqdirəlayiq hal hesab etmək olar.

Maraqlıdır, facebook-un imkanlarından hansı nazirlərimiz istifadə edir, hansılar yox. Bu barədə AzVision.az saytı kiçik araşdırma aparıb.

Ramiz Mehdiyevlə yanaşı Fövqəladə Hallar Naziri (FHN) Kəmaləddin Heydərovun facebook-da səhifəsinə rast gəlmək mümkündür. FHN rəhbərinin ara-sıra səhifəsinə K.Heydərovka bağlı xəbərlər paylaşılır, nazirliyin fəaliyyəti ilə bağlı məlumatlar verilir.

Fövqəlnazir 2012-ci ilin yanvarın 4-dən facebook-a qoşulub.

Xarici İşlər naziri Elmar Məmmədyarov da ötən ildən facebook-a qoşulub. Baş nazir Artur Rasizadənin rəsmi səhifəsi olmasa da onun adına facebook-da bir neçə profil qeydiyyatdan keçib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin deputatı, AFFA-nın prezidenti Rövnəq Abdullayevin facebook-da profili var. Amma onun saxta, ya da həqiqi olması məlum deyil.

Təhsil naziri Mikayıl Cabbarov sosial şəbəkələrdən aktiv istifadə edir. Nazir 23 İyun 2013-cü ildən facebook-dan istifadə edir.

Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovu facebook-da görmək olar. O da digər həmkarları kimi ötən il bu şəbəkəyə üzv olub.

Gənclər və İdman naziri Azad Rəhimovun da facebook səhifəsi var.

Bundan əlavə daxili işlər naziri Ramil Usubov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, müdafiə naziri Zakir Həsənovun adına facebook profili qeydiyyatdan keçsə də rəsmi açıqlamada onların saxta olduğu bildirilib.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Diasporla İş üz Dövlət Komitəsinin sədri Nazim İbrahimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Milli Parolimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, gənclər və idman nazirinin müavini İntiqam Babayev də facebook-un fəal üzvlərindəndir.

Araşdırmalarımız zamanı səhiyyə naziri Oqtay Şirəliyev, nəqliyyat naziri Ziya Məmmədov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, energetika naziri Natiq Əliyev, kənd təsərrüfatı naziri Heydər Əsədov və digərlərinin facebookda olmadığı aydın olub.

Qeyd edək ki, prezident İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın aktiv facebook səhifələri fəaliyyət göstərir. Dövlət başçısının facebook səhifəsi gündəlik yenilərək 280 mindən çox istifadəçi tərəfindən bəyənilib. Ölkə başçısı facebookla yanaşı tvitter səhifəsindən də aktiv istifadə edir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti