Nizami Cəfərovun komitəsi iş planını təsidlədi

Nizami Cəfərovun komitəsi iş planını təsidlədi
  07 Fevral 2014    Oxunub:888
Fevralın 7-də Azərbaycan Respublikası Milli Məclisinin mədəniyyət komitəsinin iclası keçirilib. AzVision.az xəbər verir ki, iclasda sədr Nizami Cəfərov komitənin 2013-cü il payız sessiyası dövründə gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, hesabat dövründə mədəniyyət komitəsi öz fəaliyyətini Milli Məclisin qanunvericilik fəaliyyəti sahəsində nəzərdə tutulmuş iş planına uyğun həyata keçirib.

N.Cəfərov qeyd edib ki, hesabat dövründə komitənin iki iclası keçirilib. İclaslarda baxılan bütün qanun layihələri Milli Məclisin müzakirəsinə tövsiyə olunub və qəbul edilib. Eyni zamanda, komitə üzvləri beynəlxalq qurumların tədbirlərində fəal iştirak ediblər. Bu müddətdə komitədə vətəndaşlardan daxil olmuş 63 ərizə, şikayət və müraciətə baxılıb.
Sədr komitənin 2014-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında məlumat verib.

Qeyd edilib ki, komitədə yeni qanun layihələri hazırlanıb. “Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Kulinariya mədəniyyəti haqqında”, “Azərbaycan aşıq sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələri ilə bağlı işlər davam etdirilir. Şəxs adları və soyadları ilə bağlı yeni qanunvericiliyin yaradılması, yaxud da mövcud hüquqi sənədlərə əlavə və dəyişikliklər edilməsi istiqamətində də müzakirələr aparılır.

Komitə sədrinin müavini Rafael Hüseynov məlumat verib ki, yazılı abidələr haqqında yeni qanun layihəsinin üzərində iş davam etdirilir.
İclasda payız sessiyasında görülmüş işlər qənaətbəxş hesab olunub, komitənin 2014-cü il yaz sessiyasının qanunvericilik işləri planı təsdiq edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti