Deputatlar ATƏT PA-nın iclasına gedirlər

Deputatlar ATƏT PA-nın iclasına gedirlər
  10 Fevral 2014    Oxunub:1070
ATƏT Parlament Assambleyasının qış sessiyası bu həftə işə başlayır.
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, vitse-spiker Bahar Muradovanın başçılığı ilə nümayəndə heyəti ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasında iştirak etmək üçün fevralın 11-də Avstriyanın paytaxtı Vyana şəhərinə yola düşəcək.

Nümayəndə heyətinin tərkibinə komitə sədrləri Eldar İbrahimov, Rəbiyyət Aslanova, deputatlardan Fəttah Heydərov, Azay Quliyev və Ağalar Vəliyev daxildir.

ATƏT PA-nın qış sessiyasında “Ekstremizmin, radikalizmin və ksenofobiyanın güclənməsinin ATƏT regionuna təsiri”, “Ukraynada siyasi vəziyyət” mövzuları ilə bağlı müzakirələr aparılacaqdır.

Sessiya çərçivəsində təşkilatın demokratiya, insan haqları, humanitar, siyasi, təhlükəsizlik, iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə komitələrinin iclasları keçiriləcəkdir. Tədbirlərdə ATƏT regionunda qanunun aliliyi, silahlı qüvvələrə və təhlükəsizliyə parlament nəzarətinin həyata keçirilməsi, bu sahədə milli və beynəlxalq səviyyədə şəffaflığın təmin edilməsi, su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaqdır.

Bahar Muradova ATƏT PA-nın daimi komitəsinin toplantısına da qatılacaq. Yığıncaqda seçkiləri müşahidə missiyalarının və xüsusi komitələrin fəaliyyəti barədə məruzələr dinləniləcək, təşkilatın cari ilin aprel ayında Kopenhagendə keçiriləcək Büro iclasına, iyunun 28-dən iyulun 2-dək Bakıda keçiriləcək 23-cü illik sessiyasına və digər tədbirlərə hazırlıqla əlaqədar məsələlərə baxılacaqdır.

Milli Məclisin deputatları qurumun tədbirlərində müzakirəyə çıxarılacaq məsələlərə münasibətlərini bildirəcək, təkliflərini verəcəklər.

Səfər fevralın 14-də başa çatacaqdır.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti