Moldovalı artistin adı qara siyahıdan çıxarıldı

  11 Fevral 2014    Oxunub : 494
Moldovalı artistin adı qara siyahıdan çıxarıldı
Moldova Respublikasının xalq artisti Konstantin Moskoviç adı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb.

AzVision.az apa-ya istinadən xəbər verir ki, K.Moskoviçin adı daha Azərbaycan XİN-in saytında yerləşdirilmiş “arzuolunmaz şəxslər” siyahısında deyil.

Qeyd edək ki, Moldovanın xalq artisti Konstantin Moskoviç “Qarabağın azad olunmasına həsr edilmiş bayram tədbirləri”ndə iştirak etmək üçün Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etdiyinə görə adı sözügedən siyahıya daxil edilib. Ötən həftə K.Moskoviç adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət edib. O, məktubunda 2009-cu ildə festival çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyini, bu səfərin məqsədyönlü xarakter daşımadığını və ona görə dərin təəssüf hissi keçirdiyini qeyd edərək, Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar vətəndaş mövqeyinin Moldova Respublikasının rəsmi mövqeyi ilə üst-üstə düşdüyünü bildirib və bu məktubla Azərbaycan Respublikasının qanunlarını bir daha pozmayacağı barəsində öhdəlik götürərək, adının bu siyahıdan çıxarılmasını xahiş edib.

Xatırladaq ki, Azərbaycan XİN-in saytında yerləşdirilmiş “arzuolunmaz şəxslər” siyahısında ilkin olaraq 331 nəfərin adı olub. Onlardan bir neçə nəfər – Rusiya Dövlət Dumasının deputatı Aleksey Mitrofanov, Türkiyənin tanınmış jurnalistlərindən Nagəhan Alçı, “Amerikanın səsi” radiosunun Moskva bürosunun rəhbəri Ceyms Bruk, italiyalı müğənni Al Bano, Con Hopkins Universitetinin tələbələri İvan Benoviç və Nikolas Vondra adlarının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət ediblər və müraciətləri müsbət cavablandırılıb.

Teqlər: