Mahir Zeynalov saxtakarlıqda ittiham olunur
Türkiyədə 2014-cü il üçün 326 nəfərə press-kart verildiyini bildirən Mətbuat-yayım və informasiya idarəsi Mahir Zeynalov haqqında bu açıqlamanı yayıb:
“Əcnəbi jurnalist kimi ötən il idarəmiz tərəfindən mətbuat kartı verilən Mahir Zeynalovun 2014-cü il üçün etdiyi müraciət, qurumumuzun səlahiyyətləri çərçivəsində qəbul edilməyib. Ancaq həmin şəxs həm ölkəmizdəki ictimaiyyəti, həm də dünya medyasını çaşdırmaq üçün Nazirlər Kabinetinin Mətbuat-yayım və informasiya idarəsinin adından mətbuata sənəd təqdim edib. Lakin həmin şəxsin adına press-kart dediyi sənəd jurnalist vəsiqəsi deyil, çünki hər kart daşıyan jurnalist asanlıqla bunu başa düşə bilər. Tez-tez qarşılaşdığımız saxtakarlıqla bağlı bizim verdiyimiz bütün kartlarda qurumumuzun loqosunu daşıyan holoqram, elektrik oxuma xüsusiyyəti daşşıyan çip və möhür var. M.Zeynalov tərəfindən mətbuata təqdim edilən sənədin bizim sənədlə heç bir əlaqəsi yoxdur”.
Qeyd edək ki, Ərdoğan hökumətini sərt tənqid etdiyi üçün Türkiyədən deportasiya olunan jurnalist Mahir Zeynalov artıq Bakıdadır. Azərbaycan vətəndaşı olan Mahir Zeynalov tvitter hesabında Ərdoğanın yeni təyin etdiyi polis rəislərini Əl-Qaidə ilə əlaqəsi olan şəxslərin tutulması ilə bağlı Türkiyə prokurorlarının əmrini yerinə yetirməməkdə ittiham etmişdi.
Sevinc İltifatqızı