`Xocalı genosid aktı kimi tanınmalıdır`- Bəyanat

  11 Fevral 2014    Oxunub : 402
`Xocalı genosid aktı kimi tanınmalıdır`- Bəyanat
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Ombudsman Aparatının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bəyantda deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət istər Qarabağ müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə analoqu olmayan hadisələrdəndir. Şəxsi heyətində erməni zabitlərin də olduğu bu alayın çoxsaylı ağır texnikası şəhərə yeridilmiş, yaşayış evləri və şəhərin sosial infrastrukturu tamamilə dağıdılıb və yandırılıb. Cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc insanları amansızcasına qətlə yetiriblər.

Xocalı soyqırımı zamanı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qocanın həyatına son qoyulub, 487 dinc sakin ağır yaralanaraq şikəst olmuş, 1275 nəfər əsir və girov götürülüb. İtkin düşmüş 150 nəfərin taleyi indiyədək məlum deyildir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququ kütləvi şəkildə, kobudcasına pozulub.

Ombudsman bəyan edib ki, heç bir sanksiyaya məruz qalmayan erməni qəsbkarlarının törətdikləri bu kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə əsl vəhşilik, birmənalı olaraq, genosid faktıdır. Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayətlərdən hesab olunur. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Belə əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir.

Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq, həmçinin dövlətdaxili hüquqa əsasən məhz genosiddir və həmin vandalizm aktı insanlığa qarşı törədilən qatı cinayət kimi öz layiqli qiymətini almalıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada təsbit olunmuş genosid cinayətinin əsasını təşkil edən bütün əməllər tətbiq olunub.

İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Bunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 2009-cu il tarixli 1690 saylı tövsiyəsi bir daha sübut edir.

Avropa Parlamentinin 23 oktyabr 2013-cü il tarixli Dağlıq Qarabağla bağlı qətnaməsi də beynəlxalq birliyin ölkəmizin haqlı mövqeyini dəstəkləməsinin və işğal faktını tanımasını təsdiqləyir. Təəssüf ki, bununla bağlı heç bir tədbir görülməyib, məhz beynəlxalq qətnamələrə əhəmiyyət verməyən Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişə hələ də həll olunmayıb:

"Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməməsi, terror əməllərinə qarşı qəti tədbirlər görülməməsi qəzəb və təəssüf hissi doğurur. Beynəlxalq təşkilatlar ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, bu münaqişənin həllinə yönəlmiş səylərini daha da artırmalı, bu hadisə səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir.

Bir daha bəyan edirik ki, Xocalı faciəsi beynəlxalq hüquq normalarına əsasən soyqırımıdır. Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalı, onlar öz doğma yurdlarına qayıtmalıdır".

Qeyd edək ki, Azərbaycan Ombudsmanın bu bəyanatı BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Teqlər: