Ombudsman ona müraciət edən məhkumla maraqlandı

Ombudsman ona müraciət edən məhkumla maraqlandı
  11 Fevral 2014    Oxunub:1037
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın ünvanına daxil olmuş müraciətin yerində araşdırılması məqsədilə Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Ombudsman Aparatının əməkdaşları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə azadlıqdan məhrum edilmiş məhkum T.Q.-ni təklikdə konfidensial qaydada qəbul ediblər.

Qəbul zamanı məhkum saxlanılma şəraiti və ona qarşı rəftarla bağlı narazılığının olmadığını, səhhəti ilə əlaqədar narahatlıq keçirdiyinə görə ailə üzvləri tərəfindən Ombudsmana müraciət ünvanlandığını bildirib. O, verdiyi izahatda hazırda hər hansı şikayətinin olmadığını, xəstəliyi ilə əlaqədar müəssisənin tibb-sanitar hissəsində müalicə aldığını qeyd edib.

Müəssisənin tibb-sanitar hissəsində saxlanılma şəraiti və göstərilən tibbi xidmətin vəziyyəti də araşdırılıb. Ombudsman Aparatının əməkdaşları tibb-sanitar hissəsinin palatalarına, stomatoloji kabinetə, dərmanların saxlandığı və digər otaqlara, eyni zamanda qeydiyyat jurnallarına baxış keçirib, məhkumlarla müalicə olunduqları palatalarda görüşüb, onların sağlıq durumu, göstərilən tibbi xidmətlə maraqlanıb və tibb kitabçaları ilə tanış olublar.

Başçəkmənin sonunda cəzaçəkmə müəssisəsinin rəhbərliyinə və tibb hissəsinin rəisinə müvafiq tövsiyələr verilib.


Teqlər:  





Xəbər lenti