ASAN-ın xidmətləri genişləndi - FƏRMAN

ASAN-ın xidmətləri genişləndi - FƏRMAN
  11 Fevral 2014    Oxunub:1317
Prezident İlham Əliyev "ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini və inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada (o cümlədən "ASAN imza" vasitəsilə) ödənilməsini təmin edən çoxfunksiyalı "ASAN ödəniş" sistemi yaradılsın.

"ASAN ödəniş" sistemi bunları təmin etməlidir:


- inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların və xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin vətəndaşların elektron ünvanlarına, mobil telefon nömrələrinə elektron qaydada göndərilməsini;

- inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddətinə nəzarət edilməsini və müddətlərin bitməsi barədə məlumatlandırılmasını;

- inzibati cərimələrin mobil telefon aparatları vasitəsilə elektron qaydada ödənilməsini.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə "ASAN ödəniş" sisteminin təşkilini və fəaliyyətini təmin etməli, aşağıdakı ödənişlərin həmin sistem vasitəsilə həyata keçirilməsini aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə təşkil etməlidir:

- inzibati cərimələrin yanacaqdoldurma məntəqələrində, avtomobil dayanacaqlarında, ticarət mərkəzlərində və əhalinin intensiv istifadə etdiyi digər ictimai yerlərdə xüsusi ödəmə terminalları ilə ödənilməsini;

- yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilən inzibati cərimələrin mobil telefon aparatları ilə ödənilməsini;

- məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin xüsusi ödəmə terminalları ilə ödənilməsini.

Daxili İşlər, Ədliyyə nazirlikləri və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları "ASAN ödəniş" sisteminin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini zəruri informasiya resursları ilə təmin edəcəklər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara dair işlərə baxılma qaydası və nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması qaydası ilə bağlı şəffaf və operativ mexanizmin tətbiq edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.


Həmçinin bu xidmətlər də ASAN-a həvalə edilir:

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- Yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması;

- Xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulu

Nazirlər Kabinetinə dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin reyestrinin elektronlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


Teqlər:  





Xəbər lenti