“Prezident İlham Əliyevlə danışdıq ki,...”- Marqvelaşvili

“Prezident İlham Əliyevlə danışdıq ki,...”- Marqvelaşvili
  12 Fevral 2014    Oxunub:858
AzVision.az Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin Trend-ə müsahibəsini təqdim edir:

- Sizin Azərbaycana səfəriniz zamanı ikitərəfli əməkdaşlığın hansı məsələləri diqqət mərkəzində oldu? Siz Gürcüstanla Azərbaycan arasında ikitərəfli əməkdaşlığın hansı istiqamətlərini əsas kimi qeyd edərdiniz?

- Azərbaycana səfərimi iki ölkənin qardaş xalqlarının daha da yaxınlaşması imkanı kimi nəzərdən keçirirəm. Səfərim Azərbaycan Prezidenti ilə görüşüm zamanı çox xoş notlarla başladı və bizim aramızda dərhal dost, isti münasibətlər yarandı. Çox güman, bu, baxış və mövqelərin eyni olması ilə bağlıdır.

Bildiyiniz kimi, biz artıq yeni hökuməti təmsil edirik. Məqsədlərimiz ondan ibarətdir ki, Gürcüstan və Azərbaycan arasında artıq tarixi adlandıra biləcəyimiz xüsusi əhəmiyyətli layihələr davam etsin, yeni imkan və inkişaf yolları tapmaqla əməkdaşlıq dərinləşsin. Hər iki ölkə, Gürcüstan və Azərbaycan xalqları çoxdandır ki, bütün regionun inkişafına müsbət təsir edən mehriban qonşuluq münasibətlərinin nümunəsini nümayiş etdirirlər.
İqtisadi, energetika, nəqliyyat, mədəniyyət və təhsil sahələrində münasibətlərimiz inkişaf edir. Bu, xalqlar arasında ünsiyyət adlanan və faktiki olaraq tükənməz olan imkanların tam spektridir. Biz Azərbaycanla mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərimizə, strateji tərəfdaşlığımıza sadiqliyimizi qeyd etdik və artıq mövcud olan münasibətlərin dərinləşdirilməsi üzrə dialoqa başladıq.

- Azərbaycanla Gürcüstanın energetika sahəsində əməkdaşlığı "Şahdəniz" yatağının ikinci mərhələsi üzrə qaz ixracı ilə bağlı qərarın qəbulundan sonra yeni mərhələyə daxil olub. Gürcüstan iqtisadiyyatının inkişafı üçün bu layihə hansı imkanlar açır?

- Gürcüstan ötən əsrin 90-cı illərinin əvvəllərindən bütün enerji layihələrində iştirak edir və Azərbaycanla birlikdə bu layihələri inkişaf etdirir. Biz aramızda mövcud olan prinsiplərə və razılaşmalara nə qədər sadiq olduğumuzu və onların saxlanmasında maraqlı olduğumuzu göstərdik. İndi həmin proseslərin dərinləşməsi üzərində iş gedir.
Digər enerji və nəqliyyat layihələri kimi, "Şahdəniz" layihəsi də təkcə Gürcüstan, yaxud Azərbaycan üçün əhəmiyyətli deyil. Həmin layihələr bir çox ölkələr və regionun hüdudlarından kənarda yaşayan milyonlarla insan üçün əhəmiyyətlidir. Belə layihələr regionda sabitlik, sülh və istifadəsi mümkün olan potensial yaradır.
Azərbaycan Prezidenti İlham Əliyevlə bugünkü danışıqlar zamanı Qafqaz haqqında yalnız yeni imkanlar və yeni potensiallar qeyd olundu. Hər ikimiz bu ideyaya sadiqiq ki, dinc Qafqaz dünyanın haqqında eşitməli və regionumuza perspektivlər və imkanlar mövqeyindən baxmalı olduğu yerdir.

- Azərbaycanla Gürcüstan habelə Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi kimi əhəmiyyətli layihəni də reallaşdırır. Bu layihənin reallaşdırılması hansı mərhələdədir? Onun həyata keçirilməsi regiona üçün hansı imkanlar açır?

- Bakı-Tbilisi-Qars tarixi layihədir, çünki bütün regionun - Asiya və Avropanın geosiyasətini dəyişdirir. Gürcüstan, Azərbaycan və Türkiyənin daxil olduğu layihə iki qitə - Asiya və Avropa arasında körpü rolunu oynayır. Layihə intensiv inkişaf mərhələsindədir və tezliklə bu dəmiryoluna çox maraqlı nəqliyyat layihələri birləşdiriləcək. Yaxın zamanlarda NATO ISAF missiyası qoşunları Əfqanıstandan çıxarılacaq və biz onları bu nəqliyyat dəhlizi vasitəsilə də çıxartmaq imkanı təqdim edirik. Lakin bu hələ başlanğıcdır.
Bu tarixi layihə sayəsində Gürcüstan, Azərbaycan və Türkiyə Qara və Xəzər dənizləri regionlarının iri potensialı, eləcə də Asiya və Avropada mövcud resurslar arasında bağlantı quracaqlar. Belə əməkdaşlıq Cənubi Qafqaz regionunda sabitlik fonu yaradır. Biz ümid edirik və bu barədə Prezident İlham Əliyevlə danışdıq ki, bu sabitlik fonu bizim regionumuza yalnız gələcək inkişaf perspektivləri və gələcək imkanlar istiqmətindən baxılacağına xidmət edəcək.

Belə geosiyasi layihələr Gürcüstan və Azərbaycan xalqları arasında mövcud dostluq münasibətlərini əvəz etməyəcək. Qitələri birləşdirən iri və vacib layihələr mövcuddur, lakin Azərbaycan və Gürcüstanı birləşdirən mədəni əlaqələr çox əhəmiyyətlidir. Biz mədəni əlaqələrin və təhsil, elm, şəxsi münasibətlər sahələrində xalqlarımız arasında yaradılan imkanların rolunu azaltmaq istəmirik. Mən şadam ki, bu gün bu qlobal layihələr haqqında danışarkən biz iki ölkə arasındakı mədəni əlaqələri unutmadıq və onların önəmini qeyd etdik.


Teqlər:  





Xəbər lenti