Zakir Həsənov sabiq müdafiə naziri ilə görüşüb

Zakir Həsənov sabiq müdafiə naziri ilə görüşüb
  13 Fevral 2014    Oxunub:1299
Azərbaycan Respublikasının Müdafiə naziri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Rəyasət Heyəti üzvlərinin bir qrupunu qəbul edib
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Rəyasət Heyəti üzvlərindən bir qrupunu qəbul edib.

Qonaqları salamlayan Müdafiə naziri respublika veteranlarının gənclərin orduya hazırlanmasında, hərbi-vətənpərvərlik tərbiyəsində, Silahlı Qüvvələr şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində rolunu xüsusi qeyd etmiş, onların problem və qayğıları ilə maraqlanmış, bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayıb.

Veteranlar Şurasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev qəbula görə minnətdarlığını bildirib, veteranların Müdafiə nazirinə ünvanladıqları müraciət oxunub, general-polkovnik Zakir Həsənova "Dədə Qorqud" Milli Fondunun, "Azərbaycan Dünyası" beynəlxalq jurnalının və Veteranlar Şurasının təsis etdiyi "Vətən övladı" xatirə nişanı təqdim edilib.

Sonra dəyirmi masa arxasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin ideyalarına, xalqına, dövlətinə, Prezidentinə, Ali Baş Komandanına həmişə sadiq olan bütün müharibələrin veteranlarının müasir mərhələdə respublikamızın ictimai-siyasi həyatında xidmətlərindən bəhs olunmuş, Böyük Vətən müharibəsində tarixi qələbənin 70 illik yubileyi ilə əlaqədar Azərbaycanda keçiriləcək tədbirlər barədə işgüzar söhbət aparılıb.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Rəyasət Heyəti üzvlərinin Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik cənab Zakir Əsgər oğlu Həsənova
müraciəti

Cənab Müdafiə naziri!
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Müdafiə naziri təyin edildiyiniz qısa müddət ərzində gördüyünüz tədbirlər bizə ruh verir, bütün xalqımızı sevindirir. Bunlar hamısı göz qabağındadır. Sizə bu yorulmaz fəaliyyətinizdə bundan sonra da uğurlar arzulayırıq!

Sizin tez-tez cəbhə bölgələrinə gedərək Vətən müdafiəçilərinin problemlərini yerindəcə həll etməniz, xidmətdə fərqlənən əsgər və zabitlərimizi qiymətləndirməniz, peşəkar və qabiliyyətli hərbi qulluqçuları yuxarı vəzifələrə irəli çəkməniz, həmçinin şəhid olmuş döyüşçülərimizi əsgəri ənənələrə uyğun olaraq ehtiramla son mənzilə yola salmanız, ağır və üzüntülü anlarda onların ailələrinə dayaq olmanız bütün ictimaiyyət kimi biz veteranların da yeni Müdafiə nazirimizə rəğbətini və inamını artırır.
Cənab nazir, xalqımızın Ümummilli lideri Heydər Əliyev həmişə veteranlara qayğı ilə yanaşmışdır. Bu ənənə indi də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Cənab general-polkovnik, veteranlar böyük qüvvədir. Siz də veteranların xidmətlərini yüksək qiymətləndirirsiniz. Bu günlərdə ucqar dağ rayonu olan Yardımlının Veteranlar Şurasının sədri Şahbaz Hüseynovu medalla təltif etməniz, 90 illik yubileyi münasibətilə ona təbrik ünvanı göndərmənizi biz hər bir veterana diqqət və qayğınız kimi dəyərləndiririk.

Xahişimizi nəzərə alaraq, Respublika Veteranlar Şurasının nümayəndələrini qəbul etməniz də dediklərimizin bariz nümunəsidir.

Sizin nazirlik dövrünüzdə Silahlı Qüvvələrdə keçirilən bir çox tədbirlərin iştirakçısı olmuşuq. Ulu öndərimiz Heydər Əliyevin, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun xatirə gecələri, Mehdi Hüseynzadənin yubiley tədbiri, Dövlət Bayrağı gününə, Məmməd Arazın yubileyinə, 20 yanvar faciəsinə həsr olunmuş möhtəşəm tədbirlərdə biz veteranlar da iştirak etmişik. Əsgər, zabit və kursantların döyüş ruhunun yüksəldilməsində böyük əhəmiyyət kəsb edən belə tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verdiyinizə görə də Sizə minnətdarıq.

Cənab general-polkovnik!
Heydər Əliyev ideyalarına, xalqına, dövlətinə, Prezidentinə, Ali Baş Komandanına həmişə sadiq olan Azərbaycan veteranları hər bir əmrinizə hazırdır. Veteranlar bundan sonra da Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda onların mübarizəyə hazırlanmasında səylərini əsirgəməyəcəklər.

Hörmətlə,
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Rəyasət Heyətinin üzvləri


Teqlər:  





Xəbər lenti