Xəccənin `şpionluğu` - FELYETON

Xəccənin `şpionluğu` - FELYETON
  14 Fevral 2014    Oxunub:1280
`Amerika kəşfiyyatı` deyəndə adamın ağlına Hollivudun göstərdiyi kimi gözəl, yaraşıqlı, əzələli, ağıllı casuslar gəlir. Deniz Riçards, Cennifer Qarner, Payper Perabo... və birdən Xədicə. Nəsə çox əcaib kontrastdır. Amma fakt faktlığında qalır: el arasında `Xəccə` kimi tanınan jurnalist Xədicə İsmayılova həqiqətən də ABŞ Senatının iki əməkdaşı ilə restoranda görüşüb. Bunu özü də etiraf edir.

Həmin etirafdan sonra sual çıxır: o görüşdə Xəccə amerikalılara informasiyadan başqa nə verə bilərdi? Yaxud, sual biədəb çıxmasın deyə, belə qoyaq: amerikalılar Xəccədən başqa nə istəyə bilərdilər ki, onu restorana dəvət etsinlər? Variantlar çox azdır, daha doğrusu, elə bir dənədir – xalq dili ilə desək, `şpionluq`.

Xəccə də verib, nə verib informasiyanı. Açıb qoyub ortada hakimiyyətə işləyənlərin bütün siyahısını. Hərçənd bu, casusluqdan çox, işverənliyə daha yaxındır. Və qəribəsi, maraqlısı, gülməlisi, elə həm də ağlamalısı budur ki, Xəccənin verdiyi siyahıya düşən adamların çoxu elə onun öz yan-yörəsindəki şəxslərdir. Bu, brinci qrupdur . Məsələn, “Azadlıq” radiostansiyasının Azərbaycan xidmətinin rəhbəri Babək Bəkir, sən demə, hakimiyyətə işləyirmiş. Yəni Xəccənin elə öz müdiri. Onda elə məntiqlə, əgər hakimiyyətə işləyən adamın əlinin altında işləyirsə, dolayısı ilə Xəccə özü də hakimiyyətə işləyir? Yoxsa, sadəcə müdirini amerikalıların nəzərində `vurmaq` üçün belə deyib?

Yaxud, Erkin Qədirli. Adam Xəccə ilə dostdur, hətta bir evdə belə qalıblar – həmin o məşhur videonun çəkildiyi evdə,- amma indi məlum olur ki, o da hakimiyyətə `işləyirmiş`. Eləcə də `Real`ın digər üzvləri. Eləcə də hüquq müdafiəçiləri – çoxu da Xəccə ilə yaxşı münasibətdə olan hüquq müdafiəçiləri.



İkinci qrupa isə o adamlar daxildirlər ki, Xəccənin onlardan xoşu gəlmir və ya gizli ədavəti var – demək olar ki, Müsavatın bütün rəhbərliyi, jurnalist Eynulla Fətullayev, AXCP sədrinin müavini Həsən Kərimov, Eldar Namazov, jurnalist Mehman Əliyev, Mirmahmud Fəttayev, Sərdar Cəlaloğlu...

BİR DƏQİQƏ... Bəs Əli Kərimli hanı? Belə çıxır ki, müxalifətin həm siyasi, həm media, həm ictimai sektorunda bütün elita hakimiyyətə işləyir, bircə Əli Kərimlidən başqa? Əgər belədirsə, niyə? Hakimiyyətdə onu almaq istəyən yoxdur deyəmi satıla bilməyib, yoxsa onu da başqaları alıblar – elə Xəccəni alan (almaq sözünün o biri mənasında) tərəf? Və ona görə də indi Xəccə həm şəxsi simpatiyası və yaxınlığı olduğuna, həm də eyni tərəfə işlədiklərinə görə Əli Kərimlinin haqqında casusluq eləmir?

Bütün hallarda, bu `məxfi dosye`dən çıxan nəticə çox maraqlıdır. Belə alınır ki, ölkədə hamı satılıb, bircə Əli Kərimli ilə Xəccədən başqa. Bəs indi nə etmək lazımdır? Bu ikisinin ətrafında birləşmək! Amma ehtiyatla. Çünki artıq bilirik ki, Xəccə öz ətrafında olanları da satır.

Tariyel Həsənov


Teqlər:  





Xəbər lenti