İlham Əliyev: `Azərbaycan bölgənin mədəniyyət mərkəzinə çevrilir`

İlham Əliyev: `Azərbaycan bölgənin mədəniyyət mərkəzinə çevrilir`
  14 Fevral 2014    Oxunub:1104
“Bu gün çox gözəl bir gündür, əlamətdar bir gündür. Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni binası açılır. Bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. Artıq konservatoriyanın da öz gözəl binası var. Mənə indi göstərdilər əvvəlki vəziyyəti necə idi. Əlbəttə ki, indiki vəziyyətlə onu müqayisə etmək mümkün deyildir. Bu şərait ən yüksək səviyyədədir. Gözəl sinif otaqları, konsert salonları, idman kompleksi də var”.

AzVision.az xəbər verir ki, bu fikirləri prezidenti İlham Əliyev fevralın 13-də Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışı mərasimində çıxış edərkən deyib.

Ölkə başçısı qeyd edib ki, Milli Konservatoriyanın fəaliyyəti bundan sonra daha da uğurlu olacaq:

- Mənə dedilər ki, burada səsyazma studiyası, muğam klubu vardır. Yəni, bütün şərait var və əminəm ki, bundan sonra konservatoriyanın fəaliyyəti daha da uğurlu olacaqdır. Çünki daha da çox tələbə qəbul etmək üçün imkan olacaq. Məncə, burada tələbələrin sayını bəlkə də iki dəfə artırmaq olar. Ancaq əlbəttə ki, burada seçim düzgün aparılmalıdır. Bunu da siz hamıdan yaxşı bilirsiniz.

Bütövlükdə Azərbaycanda son illərdə tikilmiş ali məktəblərin səviyyəsi bax, bu cürdür. Orta məktəblər, ali məktəblər təmir olunur, tikilir və bu, artıq Azərbaycan standartlarıdır. Bu gün ölkəmizdə gedən quruculuq işləri bu sahəyə də öz təsirini göstərmişdir. Bizim tikilən, təmir edilən bütün ali məktəblərimiz gözəl səviyyədədir. Əlbəttə ki, burada tədris prosesi də yüksək səviyyədə təşkil edilməlidir. Mən buna şübhə etmirəm. Bir halda ki, sizin kimi məşhur sənət adamları konservatoriyanın fəaliyyətinə öz dəstəyinizi verirsiniz, əminəm, burada oxuyan tələbələr gələcəkdə sizin yerinizi tutacaqlar. Buna ehtiyac var.

Dövlət başçısı çıxışında həmçinin vurğulayıb ki, Azərbaycan musiqi sənəti çox zəngindir, dünya miqyasında tanınır və bizim musiqi sənətimizin əsası milli musiqimizdir.

“Milli musiqi Azərbaycan xalqının istedadını göstərir, nə qədər istedadlı xalq olduğumuzu dünyaya nümayiş etdirir. Milli ənənələrimizin qorunması üçün milli musiqimizin çox böyük yeri var. Milli musiqimizi ifaçılar, sənətkarlar, bəstəkarlar yaşadırlar. Ona görə əminəm ki, bundan sonra da bu gözəl ənənələr davam edəcək.

Nəzərə almalıyıq ki, gənclərin milli musiqiyə çox böyük marağı var. Ölkəmizdə keçirilən müsabiqələr, festivallar bu marağı daha da artırır. Canlı efirdə göstərilən muğam festivalları, muğam müsabiqələri cavanları da, gəncləri də bu istiqamətə sövq edir. Bizim böyük bəstəkarlarımızın da yaradıcılığında milli musiqimizin sədaları eşidilir və böyük klassik əsərlərimiz də milli musiqi zəminində yaradılıb.

Bizdə veteran ifaçılara da diqqət göstərilir. Bizim dahi bəstəkarlarımızın xatirəsi böyük hörmətlə qorunur. Bakıda Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, son illərdə Fikrət Əmirovun, Bülbülün, Qara Qarayevin abidələri ucaldılmışdır. Bu, dövlətin və xalqın dahi bəstəkarlarımızın, ifaçılarımızın xatirəsinə olan hörmətin əlamətidir”.

Daha sonra ölkə başçısı muğama göstərilə dövlət qayğısından söz açıb.
“Bütövlükdə Azərbaycanın musiqi həyatı çox zəngindir, çoxsaylı tədbirlər - festivallar, beynəlxalq muğam müsabiqələri məhz Azərbaycanda keçirilir. Bu, bir daha onu göstərir ki, muğamın vətəni Azərbaycandır. Artıq bu müsabiqədə iştirak edənlər də bunu etiraf edirlər. Bu, çox vacibdir, çünki biz ilk növbədə çalışmalıyıq ki, bu nadir sənətimiz daim yaşasın, digər tərəfdən dünya da bunu bilsin. Çünki muğam sənəti ümumdünya musiqi sənətinin zirvəsidir və Bakıda tikilmiş Beynəlxalq Muğam Mərkəzi, Azərbaycanda keçirilən muğam müsabiqələri, Qəbələ musiqi festivalı, digər festivallar bizim musiqi həyatımızı daha da zənginləşdirir və Azərbaycanı bu bölgənin mədəniyyət mərkəzinə çevirir. Bu gün sirr deyil ki, Azərbaycan bölgənin iqtisadi və siyasi mərkəzidir. Artıq bu, reallıqdır və eyni zamanda, Azərbaycan humanitar sahədə, mədəniyyət sahəsində öz liderlik rolunu nümayiş etdirir. Ölkəmizdə keçirilən beynəlxalq humanitar forumlar, musiqi festivalları diqqəti cəlb edir və bizə imkan verir ki, özümüzü dünyada daha da dolğun şəkildə təmsil edək.

Eyni zamanda, başqa sahələrdə də ifaçılarımız böyük uğurlar qazanırlar. “Eurovision” mahnı müsabiqəsində Azərbaycan ifaçıları qısa müddət ərzində birinci yeri tutmuşlar. Beynəlxalq caz festivallarında ifaçılarımız ən qabaqcıl yerlərdədir. Milli musiqi ilə bağlı keçirilən müsabiqələrdə də biz ön yerlərdəyik. Bu, nəyi göstərir? Onu göstərir ki, xalqımız istedadlı xalqdır. Çox şadam ki, milli musiqimiz digər sahələrə də - klassik musiqiyə, estrada musiqisinə də müsbət təsir göstərir. Xüsusilə indi dünyada qloballaşma prosesi gedir və bu proses istər-istəməz müxtəlif sahələri əhatə edir. Son zamanlar qloballaşmanın daha çox mənfi cəhətləri haqqında diskussiyalar gedir, bu da təbiidir. Çünki bu proses istər-istəməz milli əsasları bir növ sarsıdır. Ona görə biz elə etməliyik ki, gənc nəsil milli ruhda böyüsün, vətənpərvər, Vətənə sadiq olsun, Vətən üçün işləsin, çalışsın. Bunu etmək üçün güclü vətənpərvərlik hissi və milli ruh lazımdır. Milli ruhun da təməlində milli ənənələr, musiqi, ədəbiyyat, ana dili dayanır. Ona görə bu sahə ümumiyyətlə, ölkəmizin gələcək inkişafı üçün çox önəmlidir”.

Prezidentin sözlərinə görə, biz hamımız çalışmalıyıq ki, milli musiqimiz yaşasın, inkişaf etsin, zənginləşsin: `Sizin kimi ifaçılar bu gün milli musiqimizi tərənnüm edirsiniz, qoruyursunuz, gənclərə də yol göstərirsiniz. Bax, televiziyada yüz minlərlə tamaşaçı muğam müsabiqələrini seyr edir, həm gənc ifaçıların ifasını dinləyir, mənim üçün də maraqlıdır. Əlbəttə ki, eyni zamanda, sizin təhliliniz maraqlıdır. Çünki o təhlildə bilmədiyimiz məqamlar üzə çıxır və bir növ hamımız üçün bir dərs keçirilir. Ona görə sizin bu sahədəki fəaliyyətinizi mən bir daha qeyd etmək istəyirəm. Sizə böyük hörmətim var. Əminəm ki, siz bundan sonra da bu gözəl şəraitdə gənclərə öz təcrübənizi çatdıracaqsınız`.

AzVision.az


Teqlər:  





Xəbər lenti