“24 apreldə bir erməni belə öldürülməyib” - Ermənişünas alim

 “24 apreldə bir erməni belə öldürülməyib” -  Ermənişünas alim
  26 Aprel 2021    Oxunub:7043
ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsindən öncə bu məsələ 1981-ci ildə prezident Ronald Reyqan tərəfindən qaldırılmışdı. Ronald Reyqan Holokost muzeyinin açılışında bu fikri bildirmişdi, amma qeydə alınmamışdı. Çünki həmin tədbirdə ümumi olaraq soyqırımlarla bağlı fikir bildirilmişdi.
Bunu Azvision.az -a açıqlamasında Kayseridəki Ərciyəs universitetinin dosenti, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Onun sözlərinə görə, ABŞ-da bundan əvvəlki prezidentlərin heç biri “soyqırım” ifadəsini işlətməmişdi.

“Erməni diasporasına, Amerikada yaşayan erməni camaatına bu barədə söz verilsə də, yalnız “böyük fəlakət” ifadəsi işlənilirdi. Baydenin də həmin ifadəni işlətməsi gözlənilirdi. ABŞ prezidentinin “erməni soyqırımı” bəyanatı siyasi xarakter daşıyır. Bu, Türkiyənin son illərdə apardığı siyasətini müəyyən dərəcədə zərərsizləşdirmək, təzyiqlər etmək üçün edilən cəhddir”.

Q.Çaxmaqlı qeyd edib ki, tarixdə "erməni soyqırımı" deyilən hadisə olmayıb: "1915-ci ildə Türkiyədə müəyyən hadisələr olub. Ermənilər Birinci Dünya Müharibəsində olan və bir neçə cəbhədə mübarizə aparan Türkiyə daxilində qarışıqlı yaratmaq üçün cəhdlər edib. Bu cəhdlərdən biri 1915-ci ilin əvvəllərində İstanbul şəhərində olub. Osmanlı dövləti də tədbirlər görüb, aprelin 24-də erməni hərəkatının liderlərini İstanbulda həbs edib. Əvvəlcə 610 nəfərdən ibarət siyahı tutulub. O siyahıda əsas fiqurlar həbs edilib. Bundan sonra onların bir hissəsi Çankırı şəhərinə, bir hissəsi isə Ayaş həbsxanasına göndərilib. Böyük bir hissəsi qısa müddətdə həbsdən azad edilib. Burada ölüm-itim halları olmayıb. Məhkəmə ilə cinayəti sübut olunan ermənilərin təxnminən 70 nəfəri 4 il ərzində həbsdə qalıb. 1918-ci ildə Mondoros sazişindən sonra sərbəst buraxılıblar, amma bəraət almayıblar. Çünki onların törətdiyi cinayətlər sübut olunub”.

Ermənişunas alim vurğulayıb ki, 24 apreldə bir nəfər də erməni öldürülməyib: “Müharibə aparan bir dövlət şübhəsiz ki, özünün təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməli idi. Ermənilər yaşayan ərazilərdə üsyanlar edilirdi. Dövlətin kişi əhalisi müharibədə olduğu üçün qəsəbələr müdafiəsiz qalmışdı. Erməni silahlı birləşmələri bu kəndlərə hücum edib, mülki əhaliyə divan tuturdular. Tarixi faktlar ortadır ki, ermənilərin özləri türk xalqına qarşı qətliam ediblər. "Erməni soyqırımını" da ona görə uydurublar ki, həmin cinayətləri ört-basdır etsinlər.

Müharibə dövründə erməni əhalisinin savaş bölgəsindən daha təhlükəsiz əraziyə köçürülməsi üçün Osmanlı dövləti 1915-ci ilin 27 mayında köç qanunu qəbul edib. Erməni əhalisinin malını, mülkünü qorumaqla, satılan mallarını dəyərini onlara verməklə, ölkənin Şərqi Anadolu hissəsindən başqa hissəsinə köç edilib. Həmin hissə indiki Suriya ərazisi, Urfanın cənub yerləri və digər ərazilər idi. Bu köç soyqırım sayıla bilməz. Başqa ölkələrin tarixlərində də belə köçürmələr olub. 1944-cü ildə Yaponiya ilə müharibə zamanı Amerikanın qərb sahillərində yaşayan yapon əhalisi köçürdülüb. Bu köçürmə soyqırım sayıla bilməz. Rusiyanın tarixinə baxsaq, sürüngünlər, köçlər, deportasiyaların sayı-hesabı yoxdur".

Q.Çaxmaqlının sözlərinə görə, ermənilər 100 ilə yaxındır ki, bu köçün adını "soyqırım" qoyaraq kampaniya aparırlar.

“Əvvəlllər 300 min, daha sonra 500 min, 800 min, indisə 1,5 milyon yarım, hətta 2 milyon ermənin öldürülməsi ilə bağlı dünyaya car çəkirlər. 1912-ci il Osmanlı statistikasına əsasən, ölkədə 1,3 milyon erməni yaşayıb. Həm də köçürmə Şərqi Anadlou, İç Anadolu, Kayseri, Yozqard və digər ərazilərdə aparılıb. İmperiyanın Qərb bölgələrində erməni əhalisi köçürülməyib. Həm də Qriqoryan erməniləri köçürülüb. Katolik, protestant olan ermənilər köçürülməyə cəlb olunmamışdı. Bu tarixi gerçəklərdir.

Ermənilərin 24 aprel hay-küyləri, ayrı-ayrı ölkələrdə bunu qəbul etdirməkləri ilə bağlı fəaliyyətləri araşdırılıb. Ermənilərin saxta yolla bunlara nail olmağa çalışmaları qeydə alınıb. Bunu rüşvətlə gerçəkləşdiriblər. 1965-ci ildə Uruqvay parlementində “erməni soyqrımı” argentinalı erməni zəngin Eduard Ernekyan tərəfindən rüşvət verilərək qəbul olunmuşdu. Digər ölkələrdə - Yunanıstan, Kipr, Avropa ölkələri, Rusiyada “erməni soyqrımı”nın tanınması siyasi xarakter daşıyıb və erməni diasporasının fəaliyyətinin nəticəsində olub. Bunun heç bir hüquqi əsası yoxdur. ABŞ-ın prezidenti Co Baydenin bu hərəkəti erməniləri bir qədər də ürəkləndirib, çünki bunun arxası ilə ermənilərin mal-mülk davası gələcək və məhkəmələrə verəcəklər. İndiyə qədər belə imkanları yox idi, çünki arxalarında duran yox idi”.

Ermənişunas alim əlavə edib ki, təhlükələrin qarşısını almaq üçün Türkiyə və Azərbaycanın üzərinə böyük vəzifələr düşür. ABŞ Prezidenti Co Baydenin bu hərəkəti cinayətdir, böhtandır. Böhtanı önləmək üçün Baydenin özünü məhkəməyə vermək lazımdır. Bunun hansı şəkildə edilməsi də Türkiyədə müzakirə edilir. Məşhur tarixçilər, böyük ziyalılar bununla bağlı fikirlər irəli sürürlər. Yalnız ABŞ Prezidentini qınamaqla kifayətlənməməliyik, biz mücadiləmizi sistemli şəkildə aparmalıyıq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Bayden   Soyqırım  





Xəbər lenti