"Əfqanıstan niyə bu gündədir" sualının cavabı: "Puştunvalay" sindromu

  "Əfqanıstan niyə bu gündədir"  sualının cavabı:  "Puştunvalay" sindromu
  18 Avqust 2021    Oxunub:6832
Əfqanıstanda Taliban hərəkatı ilə hökumət qüvvələri arasında gedən silahlı toqquşmalar sonda yaraqlıların hərbi çevrilişi ilə nəticələndi. Taliban dünyanın gözü qarşısında şəhərləri bir neçə aya rahatlıqla zəbt edərək, avqustun 15-də son nöqtəni qoydu. Yaraqlılar paytaxta nəzarəti ələ keçirməyi bacardılar. Vəziyyətin gərgin olduğunu görən prezident Əşrəf Qani isə ölkədən qaçdı. Onun yeri hələ də bəlli deyil.
Hazırda insanları düşündürən bir sual var- "Bu yoxsul, müharibələr ölkəsi kimi tanınan Əfqanıstanda nələr baş verir?". Azvision.az Əfqanıstanla bağlı bir neçə maraqlı mühüm faktı oxuculara təqdim edir. Bu faktlar ölkədəki durumu daha yaxşı anlamağa kömək edəcək.

Əfqanıstan Hindistanı və bütün Cənub-Şərqi Asiyanı Yaxın Şərqlə birləşdirən bir ərazidə yerləşir. Faktiki olaraq dəhliz rolunu oynayan bu ölkənin ərazisinin böyük qismi sərt qayalarla əhatə olunmuş dağlardan, vadilərdən ibarətdir. Əslində dağlıq ərazilərin çoxluğu bəzi ölkələr üçün avantaj sayılır. Məsələn, İsveçrə və Yaponiyada dağ xizəyi, turizm və s. perspektiv vəd edən ənənələr var ki, bütün bunlar da ölkədə yüksək səviyyədə inkişaf edib və uğurlu sivilizasiyalar yaratmağa mane olmayıb. Reallıq budur ki, Alp və Yapon dağları hər zaman münbit torpaqlarla örtülü olub və çaylar, göllərlə zəngin olan gözəl, bərəkətli düzəngahlarla əhatələnib. Amma Əfqanıstandakı dağların əksəriyyəti yalnız daş və qayalardan ibarətdir, onların ətrafı isə səhralıqdır. Nəticədə, bu nəhəng ərazidə çox az sayda insan əlverişsiz torpaqlardan yararlana, özü üçün rahat qida əldə edə bilir.



Bir sözlə, Əfqanıstandakı arzuolunmaz iqlim və ərazi xüsusiyyətlərinin nəticəsi olaraq, burada tam hüquqlu güclü bir dövlət formalaşa bilmədi. Hətta regionun öz vahid xalqı belə yaranmadı. Şərqlə Qərbin arasında açar rolunu oynayan Əfqanıstan əraziləri daim bu və ya digər imperiyanın hakimiyyəti altında qaldı. Ayrı-ayrı vaxtlarda Əfqanıstanın fəthi uğrunda mübarizələr makedoniyalılar, farslar, ərəblər, türklər, monqollar, Böyük Britaniya, SSRİ başda olmaqla hindlilər, hətta yunanlar tərəfindən də gerçəkləşib. Fərqli sivilizasiyaların fəthləri belə bu torpaqlarda quruculuq işlərini surətləndirə bilməyib. Çünki az perspektiv vəd edən, dağlıq olmayan kiçik ərazilərin bir hissəsində hansısa saray və ya qalaların tikilməsi, bir neçə əsas yola nəzarətin ələ keçirilməsi ölkədə müsbətə doğru heç nəyi dəyişə bilməzdi. Burada bir kənddən digərinə iki həftəyə gedərkən güclü bir dövlət qurmaq çox çətindir...



Əfqanıstanda tarixən istilaçılardan və ya zalım qonşulardan qaçıb gələn tayfalar məskunlaşıblar. Bura sanki dünyanın heç kimin əli girməyəcəyi son nöqtəsi sayılırmış. Hətta belə bir deyim də var ki, əfqan torpaqlarında bir dağ mağarasında gizlənə və ən azından quru meyvə ilə yaşaya bilərsən. Bu səbəbdən də bu gün Əfqanıstan əhalisi fərqli dillərdə danışan çoxsaylı millətlərdən formalaşıb. Amma onların bir-birinə qarşı isti münasibət bəslədiklərini də söyləmək olmaz. Burada xəzərlər, özbəklər və taciklər çoxluq təşkil edir. Lakin ən böyük yerli xalq puştunlar sayılır.



Puştunlar farslara bənzəsələr də, çox qarışıq bir xalqdır. Bütün Asiyada - Kambocadan Ərəbistana qədər elə bir xalq yoxdur ki, puştun etnosunun yaranmasına bir damla qan qatmasın. Ümumilikdə isə, puştunların fiziki olaraq çox gözəl etnos olduğu bildirilir. Onların arasında mavi gözlü sarışınlara, yaşıl gözlü, qırmızı saçlı insanlara xeyli sayda rast gəlmək olar. Bir sözlə puştunlar arasında hər cür görünüşə malik, fərqli millətlərə bənzəyən insanlar az deyil. Bu rəngarəngliyə baxmayaraq, onlar özlərini monoetnik, vahid kökdən gələn bir xalq hesab edirlər. Üstəlik, puştunlar öz soylarının "təmiz" qalmalarına da çalışırlar. Əsas həyat tərzləri, kodeksləri - “Puştunvalay”a əsasən onların başqa xalqlarla qarışması qadağan olunub.



Digər diqqət çəkən məqam isə bir neçə min ildir Əfqanıstana axın edən qəbilələrin əksəriyyətinin soyğunçuluqla məşğul olmalarıdır. Bu yeganə və sabit gəlir yolu sayılıb... Belə ki, Böyük İpək Yolu Əfqanıstanın Bəlx vilayətindən keçib. Məhz puştunlar tacirlərlə daha çox əlaqədə olublar. Onlar ən dinc zamanlarda tacirlərə vergilər tətbiq edirlərmiş. Bununla da kifayətlənməyərək tacirləri müşayiət etmək üçün puştun əsgərləri işə götürməyə məcbur ediblər.



Yuxarıda qeyd etdiyimiz "Puştunvalay" kodeksi hər zaman yüksəkdə tutulub. Puştunlar onu şəriət qaydalarından belə üstün sayırlar. Əslində bu xalq İslamı xeyli gec, XIII-XIV əsrlərdə qəbul edib, bundan əvvəl isə Zərdüştlüyə bağlı olub. Kodekslərində birinci yerdə namus və cəsarət, hər hansı bir məhkəmənin əvəzedicisi olaraq qan qisasının alınması, qonaqpərvərlik və hətta ən qatı düşmənlərə sığınmaq hüququ vermək və digər məqamlar var. Kişi döyüşçü sayılır, qadına isə yalnız yeni döyüşçülər yaradan bir vasitə kimi baxılır. Buna görə də onun hüquqları əhəmiyyətsizdir. Ancaq öz qadınlarını başqalarının baxışlarından, atmacalarından, söz-söhbətlərindən qorumaq qəbilənin ilk vəzifəsidir. Əksər nöqtələrdə "Puştunvalay" İslam qaydalarından daha sərt və daha barışmazdır. Mübahisəli məqamlarda məhz Ağsaqqallar məhkəməsindən qəbilə problemlərini həll edilməsində istifadə olunması üstün tutulur. Bəli, Taliban bu gün "Puştunvalay" normalarına riayət edən sırf puştun təşkilatıdır. Baxmayaraq ki, onlar özlərini ərəbçi kimi göstərirlər...



Əfqanıstanın əhalisi 35 milyondur. Əksəriyyət yoxsulluq və aclıq şəraitində yaşayır. Puştunların güzəranı isə digər etnoslardan daha yaxşıdır.



Əfqanıstan heç vaxt heç kimə havayı da lazım olmayıb. Sadəcə bu qayalıq torpaqların arasında bir yolun qurulmasına ehtiyac yaranıb. Yollar əvvəlcə dəvələr, sonra neft çənləri, daha sonra isə boru kəmərləri üçün gərəkib. Orada bu qədər tiryək yetişdirilməsinə də ehtiyac olmayıb.



Əfqanıstanda tiryək çox, hətta lap çox yetişdirilir! Talibanın dini bəyanatlarına, zahid simasında fəaliyyətlərinə baxmayaraq, onların nəzarətində olan plantasiyalarda tiryəklər müntəzəm olaraq yetişdirilib və satılıb. Amerikalılar zamanında ölkəni "dəyişməyə" çalışsalar da, Əfqanıstanda xaşxaş bitkisi azalmadı... Bu çox az adamın əlində saxladığı böyük məbləğdə pul deməkdir. Belə düşünürlər ki, bunun üçün mübarizə aparmağa və ölməyə dəyər...



Əfqanıstanda qadın hüquqları uğrunda mübarizə aparmaq mənasızdır. "Puştunvalay"ın mahiyyətində, qadınların öldürülən və ölən oğlanların əvəzinə yenilərini dünyaya gətirməsi, kişi nəslinin çoxaldılması dayanır. Qadın yalnız doğuşa hazır olmalı, qızlar oxumağa və yazmağa ehtiyac duymamalıdır. Oğlanların isə yalnız qılınc və ya qumbaraatanla necə davranmaq lazım olduğunu bilməsi kifayətdir.



Bir sözlə, Əfqanıstanın hazırkı duruma düşməsi, yenidən orta əsrlər dövrünə qayıdışının əsas səbəblərindən biri ölkənin "Puştunvalay sindromundan" əziyyət çəkməsidir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Əfqanıstan   Taliban   Puştun  





Xəbər lenti