"Meksika və Azərbaycan artıq daha yaxındır” - Səfir

 "Meksika və Azərbaycan artıq daha yaxındır”  - Səfir
  02 Oktyabr 2021    Oxunub:814
2014-cü ilin 1 oktyabr tarixində Meksika Cənubi Qafqaz regionunda ilk səfirliyinin qapılarını açdı. Diplomatik nümayəndəliyin fəaliyyətə başlaması hər iki ölkə arasındakı münasibətlərin inkişafına güclü təkan verdi.
Azvision.az xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfirliyinin açıqlamasında deyilir.

Qeyd edilib ki, son illərdə Meksika-Azərbaycan əməkdaşlıq sahələrində əhəmiyyətli yüksəliş müşahidə olunub: "Bu, özünü siyasət, iqtisadiyyat, ticarət, energetika, turizm, təhsil, mədəniyyət, idman, elm kimi sahələrdə göstərir. Xarici İşlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin ikinci toplantısı simvolik olaraq, səfirliyin açılmasından iki il sonra - 2016-ci ildə baş tutdu. Qarşılıqlı tanıtım və yaxınlaşma ticari-iqtisadi və sahibkarlıq əlaqələrini inkişaf etdirib. 2019-cu ildə ticarət mübadiləsində rekord göstərici qeydə alınıb (52.4 milyon dollar) və 2021-ci il üçün bu göstəricinin hətta daha yüksək olması gözlənilir".

Bİldirilib ki, bu illər ərzində yalnız paytaxtda deyil, eyni zamanda ölkənin müxtəlif regionlarında keçirilimiş tədbirlər və fəaliyyətlər vasitəsilə Meksika mədəniyyəti Azərbaycan tamaşaçılarının ürəyinə yol tapıb: "İncəsənət sərgiləri, konsertlər, mili mətbəx təqdimatları, müxtəlif tematik festivallar çərçivəsində Meksika güşələrinin təşkil olunması və s. Heydər Əliyev Mərkəzinin mötəbər binasında Xorxe Marinin möhtəşəm heykəllərinin təqdimatı xüsusilə vurğulanmalıdır. Əsərlərdən dördü mədəni mərkəzin daimi kolleksiyası üçün saxlanılıb və gələn qonaqları heyran etməkdə davam edir.
2020-ci ildə Təhsil, elm, mədəniyyət və gənclər sahəsində əməkdaşlığa dair Hökümətlərarası Saziş qüvvəyə mindi. Hüquqi bazanın möhkəmlənməsi qarşılıqlı kəşf, təcrübə mübadiləsi əlaqələrin inkişafı Meksika ilə Azərbaycan arasında fiziki məsafəni dəf edərək hər iki ölkənin yaxınlaşması üçün yeni perspektivlər və imkanlar açıb".

Meksika səfiri Rodriqo Labardini diplomatik korpusun açılmasının 7-ci ildönümü münasibətilə bildirib: “İkitərəfli münasibətlərin təməlini ticarət necə möhkəmləndirirsə, mədəniyyət də xalqlarımız arasında təbii şəkildə körpü rolunu oynayır. Bu gün biz qarşılıqlı tanıtım və daha sıx yaxınlaşmanı mümkün edən yolları və artım üçün sabit əsasın olmasını müşahidə edirik. Meksika və Azərbaycan – artıq daha yaxındır”.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Meksika   Azərbaycan  





Xəbər lenti