"Qiymətli metalların satışından iqtisadiyyata 755 milyon cəlb edilib" - AzerGold

   "Qiymətli metalların satışından iqtisadiyyata 755 milyon cəlb edilib" -    AzerGold
  22 Dekabr 2021    Oxunub:771
"Cari ildə 61,5 min unsiya qızıl hasil edilib. Bu ötən illə (60 min unsiya qızıl) ilə müqayisədə 2% çoxdur. Gümüşün hasilatına gəlincə yanvar-dekabr ayları ərzində 135 min unsiyadan çox gümüş hasil edilib ki, bu da ötən illə (121 min unsiya gümüşlə) müqayisədə 11 % çoxdur".
AzVision.az xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov brifinqdə deyib. Onun sözlərinə görə, cari ilin əvvəlində vergi və gömrük qanunvericiliklərinə edilən dəyişikliklər fonunda daxili bazarda qızıl və gümüş məhsullarına təlabat kəskin artıb:

"İdxal olunan qızıl məhsullarının aksiz vergisindən, o cümlədən qızılın və gümüş məhsullarının satışının ƏDV-dən azad edilməsi ilə xüsusən pərakəndə satışda böyük canlanma yaranıb.

Operativ rəqəmlərə əsasən, bugünə qədər daxili bazarda ümumilikdə 3660 unsiya qızıl, 14,6 min unsiya gümüşün satışı həyata keçirmişik. Sözügedən satış əməliyyatları nəticəsində dövriyyəyə ümumilikdə 11,6 milyon manat vəsait cəlb edilib. Ötən illə müqayisədə keçən il ilə müqayisədə 7 dəfə çoxdur.

Daxili bazarda xammal qismində 966 unsiyadan çox qızıl, 14,5 min unsiya gümüşün satışı (“Azərsuvenir” MMC-yə) həyata keçirilib. Nəticədə dövriyəyə 3.7 milyon manat məbləğində vəsait cəlb edilib".

Z.İbrahimov qeyd edib ki, daxili bazarda hazır məhsul, yəni sikkə və külçələr qismində 2694 unsiya qızıl, 86 unsiya gümüşün satışı həyata keçirilib:

"Nəticədə dövriyyəyə 7,9 milyon manat cəlb edilib. Ümumilikdə, fəaliyyət dövrü ərzində 285 min unsiya qızıl, 560 min unsiya gümüşün satışına nail olub. Bu illər ərzində qiymətli metalların satışından ölkə iqtisadiyyatına 755 milyon manat cəlb edilib. Bu ilin satışı isə 190 milyon manat olub".

Aytən Zəhra
AzVision.az


Teqlər: Qızıl  





Xəbər lenti