“Şuşa əzilən xalqlar üçün inam simvoludur” - Zahid Oruc

   “Şuşa əzilən xalqlar üçün inam simvoludur” -    Zahid Oruc
  21 Yanvar 2022    Oxunub:1818
“Vətən müharibəsinə həsr olunan təqdimat mərasiminin Ulu Öndərin adını daşıyan məkanda keçirilməsi təbii və mühüm ictimai hadisədir. Heydər Əliyevə yenidən müraciət etmək, bütün zamanların liderinin Qalibiyyət simvolu olduğunun etirafıdır”.
Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc “Zəfər.az” saytının təqdimat mərasimində deyib. O bildirib ki, tariximizdə bənzərsiz dönüş nöqtəsi olduğuna görə 44 günlük müharibə 21-ci əsrin ən böyük hadisəsidir:

- 10 noyabrdan keçən hər gün Azərbaycan xalqının qazandığı qələbənin əzəmətini göstərir. Ona görə də qələbəmizin birinci müəllifi, prezident İlham Əliyev deyir: “Bu gün bizim yaşadığımız günlər, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”. Bu yerdə bir tarixi xatırlatma yerinə düşər. Bir vaxtlar Otto fon Bismark deyirdi ki, biz Prussiyanın itirdiklərini qaytamalıyıq, lakin bəyanat və qətnamələrlə yox, dəmir və qanla. Düz 200 il sonra müsəlman Şərqində torpaqları eyni Dəmir və İradə ilə toplayan, bir yerə yığan 21-ci əsrin böyük dövlət adamı İlham Əliyev oldu.

Zahid Oruc bildirib ki, 44 günlük savaş gerçəkdən də fərqli millət və siyasət təqvimi yaratdı. Çünki müharibəyə hazırlıq və qələbə təkcə dövlət deyil, həm də yeni millət formalaşdırdı: “Əgər yaxın keçmişimizə obyektiv baxsaq, dünən 32-ci ildönümünü qeyd etdiyimiz 20 yanvar tarixi son 3 on illikdə daha çox faciə silsiləsinin, xalqa qarşı qəsdlərin ümumiləşmiş obrazı oldu. İndi heç kəsə sirr deyil ki, “20 yanvar” hadisələri Qarabağı ələ keçirmək planının tərkib hissəsi idi. Ona görə də 8 noyabr tarixi nəinki Sovetlər Birliyini dağıdan Mixail Qorbaçov başda olmaqla daxili və xarici qüvvələrin üzərində, eləcə də Pənahəli xandan bu yana çarizm və iki illik müstəqil Cümhuriyyət dövründə babalarımızın azadlıq və bütövlük, istiqlaliyyət və ədalət uğrunda qazandıqları ən böyük qələbədir. Beləliklə, bütün əsrlərdə canını torpaq və dövlət idealına qurban verən şəhidlərinin ruhu 8 noyabrda dinclik və rahatlıq tapdı, sevindi! Əvvəlki nəsillərin sona çatdıra bilmədiyi, yaxud müxtəlif tarixi şəraitdə məğlub olan arzularının gerçəkləşən zirvə nöqtəsi məhz 8 noyabr oldu. Azərbaycan xalqını on illərlə yaxşı tanımayan, onun ünvanına müxtəlif böhtanlar yazan dövlətlər, siyasi dairələr, “gen mühəndisləri” bu müharibənin həm də onların yarlıqları, hökmləri əleyhinə aparıldığını yaxşı bilirdilər. Doğrudur, 30 il sürən işğal milli varlığımızı təhdid edirdi, inamsızlıq, gücsüzlük və çarəsizlik mühiti yaradırdı.O şəraitdə yaşamaq gerçəkdən də ağır idi.Yalnız faciə ildönümləri keçirmək, çoxəsrlik tarixinə təkcə itkilərin gözündən baxmaq çox üzücü idi”.

Deputat vurğulayıb ki, millət quruculuğu dövlətin təməl daşıdır. Məglubiyyət millətə mənsubluq hissini azaldır və xalqdan qopma duyğusunu artırır, müdəfiəsizlik, natamamlıq hissi doğurur. Lakin 44 gündə xalqımız özünün uca və şərəfli adını dünyaya nümayiş etdirdi: “8 noyabr həm də Ermənistanın məglubiyyət günüdür. Lakin təkcə dövlət və ordu deyil, erməni genetikası və tarix şüuru üzərində də qələbə qazanılıb. Çünki 30 ildə qurduqları təqvimlər, keçirdikləri paradlar, təntənəli dövlət və ictimai törənlər, dərslik və əsatirlər, orden və medallar da iflasa uğradı. Ermənilər torpaq deyil, ideallarını itirdilər. Ona görə də parlaq Zəfərimizdən danışarkən, düşmənin təkcə bu günü deyil, həm də yüz illik keçmişini yenidən dərk etməsi və düzgün nəticələr çıxarması, gələcəyini fərqli yaşaması da milllətimizin aktivinə yazıla bilər. Ermənistanın digər faciəsi 7 rayonu yer üzündən silməklə coğrafiyada pozduğu harmoniyanı siyasətdə də yaşamasıdır. Sən dağıtdığın torpağın üstündə dövlət qura bilməzsən. Ona görə də prezident İlham Əliyev “Qarabağda cənnəti biz quracağıq” deyir! O torpaqlarda yeni həyatı məhz xalqımız inşa edəcək”.


Şəhidlərimizin fədakarlığını xatırladan Zahid Oruc deyib ki, övladlarını döyüşə yola salan, təkcə Qarabağ uğrunda deyil, həm də bütövlük, layaqət, əcdadlarının qisası ugrunda vuruşan insanlar ən böyük ehtirama layiqdirlər.Hətta Qələbəyə qədər dövlətə bağlılığı az olanlar belə Qalibiyyətdən sonra 2900 şəhidi, minlərlə yaralını, yüz minlərlə döyüşçünü, milyonlarla insanın hiss və həyacanını, sevinc və qürurunu paylaşaraq, bu dövlətə əbədi bağlandılar. Vətən müharibəsinin ən böyük nəticələrindən biri də budur. Azərbaycan tarixində heç vaxt indiki qədər savaşda qəhrəmanlığına və igidliyinə görə mükafatlandırma olmayıb. İndi general və polkovniklər, cəsur zabitlər və igid əsgərlər həqiqi döyüşlərdən keçərək qəhrəmana çevriliblər.

- Şuşanın alınmasına həsr olunan parlaq çıxışında İlham Əliyev ata vəsyyətindən söz açmışdı. İndi tam əminliklə demək olar ki, Ali Baş Komandanla birgə Zəngilana, Qubadlıya, Laçına və bütün torpalqarımıza can atan on minlərlə döyüşçünün də üzərində Ata nəsihəti, ana tövsiyəsi, doğma elin və obanın tapşırğı vardı. Deməli, Zəfər millətimizin keçmişi və gələcəyi arasında körpüdür, mənəvi-ruhi bağdır. Tarixi ruhun dirilişi, oyanan keçmişlə danışan insanların gücü bundadır. Zəfər tarixin taleyüklü səhifələrini oyadıb, millətin passionar enerjisi öz intibahını yaşayır, milli ruhun yüksəldiyini hamı hiss edir,- deputat deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra formalaşmaqda olan yeni regional arxitektura, xüsusilə erməni-türk düşmənçiliyinin aradan qalxması üçün prosesin başlanması, Azərbaycanın Naxçıvanla coğrafi birliyinin perspektivi də məhz hərbi qələbənin nəticəsidir. Cəmi 2 il əvvəl bunların gerçəkləşməsini xəyal edənlər belə, onun Azərbaycanın bütövlüyündən keçməsini qəbul etmirdilər. Artıq hamı yeni reallığı dərk edir. Dünyada və keçmiş sovet məkanında hər gün artan təhlükəsizlik risqləri fonunda Cənubi Qafqazın təhlükəsiz gələcəyini formalaşdıran birinci lider İlham Əliyevdir. O üzdən Şuşa hər yerdə əzilən, işğala məruz qalan xalqlar üçün inam simvoludur. Bakı təkcə bir ölkənin deyil, regionun və beynəlxalq siyasətin paytaxtıdır.

- Əlbətə, gənclərimiz indi yaxşı başa düşür ki, bayraqların azad vətən torpağına sancılması rəmzi mənada yol nişanlarıdır,- Zahid Oruc bildirib,- Babalarımızın yaşadığı qədim torpaqlara, İrəvandan Zəngəzuradək tarixi ərazilərə dönüş “Böyük qayıdış”ın 2-ci mərhələsidir. Lakin bu dinc qayıdış olacaq. Silahlı savaşla yanaşı, sülh müharibəsini də udmaq gərəkdir! Gəlin baxaq, qələbə qazanan millətlər qalibiyyət tarixini qoruyublarmı? İngilislər Trafalqar döyüşünün ruhunu daim canlı saxlayır, fransızlar Müqavimət hərəkatı ilə həmişə öyünür, türklər İstanbulun fəthini bir an belə unutmur, ruslar 2-ci dünya müharibəsindəki Qələbə alovunu sönməyə qoymurlar. Ona görə də Azərbaycanın hərbi uğuru dünyaya məxsus böyük irsdir. Tarix bir qayda olaraq, yaşlı nəslin öz uğur hekayələrini sonrakı nəsillərə ötürməsi nümunələrini tanıyır.Yəni, bir qayda olaraq, ataların qəhrəmanlığını qeydə alan tarixi reallıq mövcuddur. Halbuki Azərbaycanın gənclər ordusu əcdadlarından miras qalan “Qordi düyünü”nü açdılar, uzun illərin məğlubiyyət ənənəsinə son qoydular.Bu nəsli yetişdirən və formalaşdıran lider İlham Əliyevdir!

Zahid Oruc bildirib ki, indi təkcə bir neçə min döyüşçünün deyil, hər bir azərbaycanlının, milyonlarla vətəndaşımızın fərdi müharibə tarixçəsi, ugur hekayəsi və kollektiv döyüş xatirələri var. Onlar youtube kanallarında, şəxsi paylaşım məkanlarında yayımlanır və arxivləşmədən silinib gedir. Əgər biz həmin döyüş epopeyalarını vahid bir platformaya yığa bilsək, millətimizin gələcəyi üçün böyük xəzinə olacaq:
- Yüzlərlə ədəbi, bədii nümunələrin, yaddaş kitablarının yaradılması, ordumuzun qəhrəmanlığından bəhs edən gerçək tarixin daş salnamələrə köçürülməsi indiki və gələcək nəsillər qarşısında böyük vəzifələr qoyur. Zəfər.az informasiya platforması milyonlarla azərbaycanlının yaradıcı gücünü və enerjisini bir araya gətirmək, 44 günlük müqəddəs savaşın hər bir səhifəsini tarixin silinməz “hard disk”inə çevirmək üçün böyük fürsətlər açır. Gələcəyin etibarlı təməllər üzərində qurulması üçün bundan böyük mənəvi, siyasi, hərbi və milli sərvət ola bilməz. Siyasətçilərin, dövlət adamlarının, hakimiyyət və qeyri-dövlət institutlarının, medianın vəzifəsi həmin tarixi yaddaşı qoruyub saxlamaqdır. Nə zaman xalqımız üçün təhlükə yaranacaqsa, 8 noyabr “milli birlik və qürur günü” kimi qoruyucu zireh olacaq, həmişə canlı qalacaq, genetik oyanış və dirilik doğuracaq, millətimizin ən böyük ideologiyası, mənəvi idealı kimi müqəddəsləşəcəkdır. İnformasiya axınlarının dağıdıcı xarakter aldığı və milli özgürlüyü, mədəniyyəti, genetik yaddaşı zərbə altında qoyduğu indiki dövrdə hərbi qələbəmiz gələcəkdə hər bir təhlükəyə qarşı mənəvi sipər olmalıdır, yeni qəhrəmanlar yetişdirmək üçün enerji və ruh mənbəyinə çevrilməlidir. Özü də təkcə, hərbi sənətdə deyil, təhsildə, səhiyyədə, iqtisadiyyatda, siyasətdə, bir sözlə milli həyatın bütün sahələrində 44 günlük Zəfər hərəkatını davam etdirmək, onu bütün sahələrə daşımaq gərəkdir.



Teqlər:   Zəfər.az   Zahid-Oruc  





Xəbər lenti