Zəngəzur dəhlizinin bilinməyən tarixi: Şuşa-Naxçıvan yolu – ARAŞDIRMA

    Zəngəzur dəhlizinin bilinməyən tarixi:  Şuşa-Naxçıvan yolu –   ARAŞDIRMA
  15 İyul 2022    Oxunub:9753
Yeganə Kamal Cabbarlı
AMEA-nın Tarix İnstitunun dissertantı
Milli Arxiv İdarəsi elmi-məlumat kitabxanasının müdiri

AzVision.az üçün

Zəngəzur! Tarixi Azərbaycan mahalı. Yüz minlərlə Azərbaycan türkünün qədim yaşayış məskəni. 1897-ci il ilə olan statistik göstəriciləri belə idi: ərazisi 6878. 07 kvadrat sajın, torpaq sahəsi 716. 462 desyatin. Zəngəzur qəzası Gəncə quberniyasının ikinci böyük qəzası olmaqla, İrəvan quberniyası ilə sərhəddə yerləşirdi. Sərhədləri şərqdə və şimal-şərqdə Şuşa və Cəbrayıl qəzaları, şimalda Cavanşir, qərbdə və cənub-qərbdə Naxçıvan və Şərur-Dərələyəz qəzaları, cənubda və cənub-şərqdə isə Araz çayından keçirdi.

Azərbaycanın cənub-qərbində, Kiçik Qafqazın kontrforsunda (Dərələyəz silsiləsi) Araza söykənir Zəngəzur. Qarabağ silsiləsinin davamında - Zəngəzur dağ silsiləsi boyu uzanır. Müxtəlif istiqamətlərə uzanan, bəzən isə bir-birinə paralel, aralarında dərin dərələr və çoxlu sayda dəlmə, kaha və mağaraları, iri və xırda qayaları olan dağ silsilələrindən ibarət, kələ-kötür səthə malikdir. Onu cazibədar edən də məhz əzəmətli dağlar, şiş qayalar, göz oxşayan dağ silsilələri, dibigörünməz dərələr, dərin yarğanlardır.

Geniş dərələr bəzi yerlərdə olduqca mənzərəli, səfalı düzəngahla əvəzlənir. Ona xüsusi gözəllik verən isə dik, konusvari, bəzən tək, bəzən isə üst-üstə qalanmış şəkildə olan heyranedici qayalardır. Geniş, yaşıl, minbir çiçəkli yaylaqların hər yerinə çılpaq, qismən mamırla örtülmüş, üzərində dəmir pasına bənzər ləkələri olan qaya parçaları səpələnib. El arasında onlara “xına daşı”, bəzilərinə isə səsi “udduğuna” görə “kar daş” deyilir.

Zəngəzurda bütün yer adları, o cümlədən, dağ adları Azərbaycan toponimləridir. Ən hündür zirvəsi Laçın rayonu ərazisindəki İşıqlı dağıdır. İşıqlı dağı cənub-qərbə doğru uzanır və bir sıra məşhur zirvələri var: Tərpənməz, Canqurtaran, Yağlıca, Yantəpə, Üçtəpə, Olutəpə... Bütün məlum göllərin ən ovsunlayıcısı, ən möcüzəlisi - Qaragöl də İşıqlının qoynundadır.


Dağ yüksəklikləri adətən sıx, hündür otluqla örtülü, geniş və maili yaylalarla, çox az bir hissədə isə çılpaq və zirvəsi qayalıq olan təpələrlə bitir; bəzi yerləri enliyarpaq meşələrlə örtülüdür; rast gəlinən kül suxurlar bəzi sıra dağların vulkanik mənşəli olmasından xəbər verir.

Zəngəzur dağlarının dərin qatları külli miqdarda minerallarla zəngindir: qızıl, mis, dəmir, uran, civə, mərmər və s. yataqları, o cümlədən, dünyada tayı-bərabəri olmayan, yerin çox dərin qatlarından çıxan mineral və müalicəvi əhəmiyyətə malik suları, saysız-hesabsız soyuq bulaqları - təbii çeşmələri, zümrüd meşələri vardır. Zirvəsi daim qarlı olan dağları, ilboyu düşən yağıntı miğdarının çoxluğu, bol sulu çaylarinin olması, xüsusilə, Şərqi Zəngəzuru bir təbiət möcüzəsinə çevirir. Ən böyük çayları Həkəri, Zabux və Bərgüşaddır. Həkəri və Zabux çayları mənbəyini Laçın rayonu ərazisindən götürür və bütün rayon ərazisi boyu axaraq, Qubadlı və Zəngilan ərazisinə keçir. Bu çaylar olduqca bolsuludur və yazda, xüsusilə, may ayında daha çoşqun, dəlisov və bəzən də qəzəbli axır.

Laçın rayonu Şərqi Zəngəzurun ən əsrarəngiz ərazisidir. Bu gün təkcə Azərbaycanın deyil, Avropanı Asiyaya birləşdirmək baxımından həm də bütün dünyanın marağında olan ən vacib tranzit yolu da Şərqi Zəngəzurdan başlayır. Bu, əsrlərin sınağına şahidlik etmiş bir yoldur.

Şuşa dağlarından başlayan bu yolun Şuşa-Laçın və Laçın-Gorus ərazisinə düşən hissəsi olduqca füsünkar mənzərəyə malik, mistik bir ərazidir. 1400 m. yüksəklik-də yerləşən Şuşadan əslində Şuşa camaatı da daxil olmaqla, bütün Qarabağ əhlinin yay aylarında dincəldiyi bənzərsiz Lısoqor yaylağına - Şuşanın cənnətməkan Turşsu kəndinə gedən bu yol aşırımları qalxmaqla başlayır. Lısoqorun şimal-qərbindən əsrarəngiz Sarı Baba (2295 m.), cənub-şərqindən isə mistik Sağsağan (2000 m.) zirvəsi yüksəlir; aşırımın öz hündürlüyü 1981 metrdir; Qızılyoxuş aşırımı Sağsağan dağının cənubundadır, hündürlüyü 2070 metrdir.
Sarı-Baba və Sağsağan dağlarından öz mənbəyini götürən Qarqar çayı Lısoqor aşırımının şimal-şərqindən axır. Qarqar Kür hövzəsinə mənsub çaydır. Aşırımın cənub-şərqindən isə Həkəriyə tökülən Ağlıdərə çayı axır. Bu çay Araz hövzəsinə aiddir.

Lısoqordan Laçına qədər isə Zəngəzur dərəsi yamacları başlayır. Zəngəzurun ən böyük dərəsi Qaladərəsi kəndiylə üzbəüzdədir. Kənd dərənin cənubunda, dağın düz başında yerləşir və şosenin şimalında qalır. Qaladərəsindən sonra Laçın enişi başlayır: əvvəlcə uzun ziqzaqlı, sonra daha qısa və daha sıldırımlı yalçın aşırımlar.

Şuşa aşırımlarından fərqli olaraq, Laçın aşırımlarıyla getmək olduqca çətindir, xüsusilə, keçmişdə gecələr oralar keçilməsi mümkünsüz idi. Aşırımların uzunluğu Şuşada 10, Laçında 4 kilometr təşkil edir. Qarabağ silsiləsinin Bəzirgan aşırımı da Laçın və Şuşa rayonlarının sərhədlərindədir. Aşırım Bəzirgansu çayının mənbə hissəsindədir, hündürlüyü 1633 m. Bəzirgansu Həkəri çayının qoludur.
Laçında yol əvvəlcə üzüaşağı, Həkəri çayına enir, daha sonra Zabuxdan keçərək, Dığ və Gorusa qədər uzanır.

Bura qədər təsvir etdiklərim yaddaşımda qırılıb-qalmış, xatirələrlə dolu uzun illər boyu gedib-qəldiyim Şuşa-Laçın yolunun qısa mənzərəsi idi, davamında isə 146 yaşlı bu yolun tarixinə səyahət gəlir.

Şuşa-Naxçıvan yolu necə salındı?

XIX əsrdə Qafqazın iqtisadi inkişafını ləngidən amillərdən biri magistral yolların olmaması idi. Təbii zənginliklərin düzgün istismarı əlverişli rabitə əlaqələrindən asılı idi. Lakin istər Qafqaz, istərsə də onun cənubunda yerli yol təchizatı tamamilə təminatsız idi. Xüsusilə Cənubi Qafqazda dağlıq ərazilərin üstünlük təşkil etməsi hər hansı bir nəqliyyatın hərəkəti üçün qismən yararlı ola biləcək yolların salınmasını imkansız edirdi. Belə yollar çox baha başa gəlir və onların tikintisi böyük texniki güc tələb edirdi. İşğalçı rus hökuməti hesab edirdi ki, ümumiyyətlə, bütün diyarda mədəni rifah naminə, eyni zamanda diyarın dinc istilası üçün onun ümumdövlət məcrasına qoşulması vacibdir. Buna görə də yol infrastrukturunun bərpası vacib əhəmiyyət kəsb edən məsələ idi. Cənubi Qafqazın dövlət əhəmiyyətli yolları müəyyənləşdirilməli və xüsusi Qafqaz dairəsi rabitə yollarına qoşulmalıydı.

Əsrin ikinci yarısından etibarən Qafqaz canişininin vəsatəti ilə Cənubi Qafqazın Asiya tranzitinə qoşulması işlərinə başlanılır. 1865-ci ildə Tiflisi Araz çayı sərhəddindəki Culfa məntəqəsi ilə birləşdirən Tiflis-Culfa tranzit yolunun çəkilişinə başlanılır. Həmin yol İranın ən yaxın və əsas ticarət mərkəzi olan Təbrizlə sərfəli əlaqələr yaratmağa imkan verirdi. Asiya tranziti İran və Türkiyə hüdudlarındakı Təbriz və Trabzonu birləşdirirdi.

Tiflis-Culfa yolu Tiflisdən İrəvana, oradan isə İran sərhədindəki Culfaya qədər uzanırdı. Həmin yolun üzərində Tiflis-Bakı xəttinə keçid üçün 1871-ci ildə Gəncə çayı üzərində hər biri 80 fut olan iki gözlü dəmir körpü - Gəncə körpüsü salınmışdı. Körpü mühəndis Zazeman tərəfindən layihələndirilmişdi. Tiflis-Culfa yolunun tikintisi 1875-ci ildə yekunlaşır.


Asiya tranzitinə qoşulmaq üçün salınacaq yolların ən vacibi isə Azərbaycan ərazisində inşa ediləcək Şuşa-Naxçıvan nəqliyyat xətti hesab olunurdu. Qafqaz Canişininin 1 iyun 1871-ci il tarixli qərarı ilə Cənubi Qafqazın bütün yolları içərisində ikinci kateqoriyadan olan ən vacib dövlət yolu kimi sarı xətlə diyarın yol şəbəkələri xəritəsinə salınmışdı. Həmin dövrdə Şuşadan Kür yaxınlığında yerləşən Zərdab və Pirəzəmə getmək üçün əlverişli yol vardı. Son məntəqədə - Pirəzəmdə yeni təşkil olunmuş Ərəş qəzasının mərkəzi olan Ağdaş istiqamətində Kür çayı üzərindən bərə keçidi mövcud idi. Naxçıvandan Şuşa dağlarına qədər olan yolun vacibliyi isə onunla izah olunurdu ki, İrəvan quberniyasının cənub-şərq hissəsində Kür vadisi ilə Göyçə gölünün cənubunu birləşdirən nəqliyyat yolu mövcud deyildi. Bu isə rusların təbirincə desək, Zaqafqaziyanın bütün cənubunu təşkil edən yüksəkliklərin Arazın İran sərhədinə qədər olan məntəqəsini əhatə edən böyük bir ərazi idi.

Beləliklə, həmin vaxt Naxçıvandan Şuşaya Biçənək və Gorusdan keçməklə, mövcud olan “El yolu”nun uzunluğu 170 verst idi. Yolda yalnız minik heyvanları vasitəsilə getmək mümkün idi. Yolun ən çətin hissəsi Şuşa-Abdallar (Laçın) və Abdallar-Gorus ərazisinə düşürdü.

Şuşadan Naxçıvana nəqliyyat yolu ilə getmək istəyənlər uzun bir məsafə qət etməliydilər: əvvəlcə İrəvana, oradan Dilican və Yeni Akstafa stansiyasına, sonra Gəncəyə və oradan da Şuşaya. Yəni Göyçə gölünün şimalından fırlanaraq, mövcud poçt yolundan üç dəfə böyük - 540 verstlik yol getməli idilər. Naxçıvanla Şuşanı birləşdirən 170 verstlik nəqliyyat yolu daha əhəmiyyətli hesab edilirdi. Belə ki, bu yolun işlənməsi və salınması İrəvan və Ordubad arasında zəngin Araz vadisi və Kür hövzəsini, oradan isə Xəzər dənizinin əsas limanı olan Bakını birləşdirmək baxımından son dərəcə zəruri idi. Həmin yolla Tiflis üzərindən İrəvan quberniyasına xaricdən 300.00 pud pambıq göndərilirdi. Yolun Şuşaya qədər uzadılması isə Araz boyu pambıqçılıq istehsalının inkişafına təsir edəcək və xammal Bakıdan Rusiyaya əlverişli yolla çatdırılacaqdı. Həmin yolla həmçinin, Gəncə və Bakı quberniyalarına Naxçıvan yaxınlığından çıxarılan böyük miqdarda daş duz gətirilməsi də mümkün olacaqdı.

Bundan başqa yeni Biçənək və Gorusdan keçən Naxçıvan-Şuşa nəqliyyat yolu qalın meşələrlə əhatə olunmuş və bu yoldan kənarda qalmış bütün Zəngəzur qəzasını da köndələn kəsməklə, qəzaya nəzarəti mümkün edəcəkdi. Araz və Kür axını istiqamətində uzanacaq Naxçıvan-Şuşa yolu istər İrəvan, istərsə də və Bakı quberniyaları üçün eyni dərəcədə əhəmiyyətli hesab olunurdu.

Beləliklə, Naxçıvan-Şuşa tranziti rabitə yolunun olmaması və xüsusilə, əlverişsiz şəraitdə ildə 10.000 puda qədər və 100.000 rubl dəyərində olan Zəngəzur misinin daşınmasındakı mövcud bahalığın qarşısını alacaq, Zəngəzurun nəhəng mis ehtiyatlarının Bakıya və oradan da Rusiyaya daşınmasında böyük gəlir qazandıracaqdı. Nəzərə alsaq ki, Biçənəkdən Gümrüyə gedən yolun 7 verstliyində, Parnaut ərazisi üzərindəki yolda kükürd mədənləri yerləşirdi, bu baxımdan həmin yoldan istifadənin faydasını anlamaq o qədər də çətin deyildi.

Naxçıvandan Şuşaya çəkilən nəqliyyat yolu Culfa-Bakı arasındakı məsafəni xeyli dərəcədə qisaltmaqla, Bakı üzərindən Rusiya və İran arasındakı ticarətin güclənməsinə də zəmin yaradırdı. Nəqliyyat yoluna çevirilməsi nəzərdə tutulan həmin “El yolu”ilə İran malı dəvə karvanı ilə Təbrizdən Culfaya, oradan isə Şuşa, Nuxa və Şamaxıya gedirdi. Əks istiqamətdə isə Bakıdan Naxçıvana neft və Nijqorod yarmarkasının rus malları daşınırdı.

Naxçıvan-Şuşa nəqliyyat yolunun çəkilməsi inzibati münasibətdə də vacib idi. Belə ki, digər məntəqələrə qapalı olduğundan quldur dəstələri və sərhəd soyğunçularının asanlıqla gizləndikləri Zəngəzur qəzasını da əlçatan edəcəkdi.


Yolun ən hündür nöqtəsi dəniz səviyyəsindən 5.076 f. yüksəklikdə idi. Şuşadan başlayan yol dəniz səviyyəsindən 5.985 f. (855 sajın) yüksəklikdəki aşırımda, Həkəri (Arazın qolu) və Qarqarçay (Kür istiqamətində axan) hövzələri arasındakı suayrıcında yerləşən Lısoqor poçt məntəqəsinə (Şuşanın Turşsu kəndi) gedən dağ silsiləsi üzrə qalxır. Mistik Lısoqor aşırımları Şuşa və Zəngəzur qəzalarının sərhədini təşkil edir. Şuşadan Lısaqora məsafə 20 verst, Şuşadan Gorusa qədər olan məsafə isə 60 verstdir. İrəvan quberniyası ərazisində bu yol Naxçıvana Biçənəkdən keçməklə istiqamət alır, aradakı məsafə 60 verstdir.

Biçənək aşırımları dəniz səviyyəsindən hündürlüyü 7. 884 fut və yaxud 1126. 4 sajındır. Biçənəkdən 11 verst sonra İrəvan və Gəncə quberniyalarının sərhəddi uzanır. Biçənək aşırımlarından yol Yengəli Yurd və Şəkiyə (Şahbuz rayonu ərazisində kənd) gedir, Zəngəzur yüksəkliklərindəki Üçtəpədən Bazarçay boyunca Gorusa qədər 50 verstlik bir məsafədə uzanır. Bütün yol boyu, xüsusilə, qışda Biçənək aşırımlarında güclü çovğun və qasırğa olur.

Bütövlükdə Şuşadan Naxçıvanadək olan məsafə 170 verstdir. Bu yolun ən çətin yeri Gəncə quberniyası ərazisi - Şuşadan Gorusa qədər olan 60 verstlik məsafədir. Nə həmin ərazidə, nə də İrəvan quberniyası sərhədləri daxilində Naxçıvandan Biçənək və Biçənək aşırımlarına, həmçinin, Gəncə və İrəvan quberniyalarının sərhədləri boyu heç bir nəqliyyat yolu mövcud deyildi. Həmin nəqliyyat (zamanında bu yollar “təkər yolu” adlandırılırdı) yolunun əsası 1869 - 1870-ci illərdə Zəngəzur qəzasının rəisi mayor Staritski tərəfindən qoyulmuşdu. Yolun ən çətin 26 verstlik məsafəsi - Şuşa və Zəngəzur qəzalarının sərhəddi (sonralar “Yeddiqat dolayları” adlandırılan Şuşa - Laçın yolu), yəni Lısoqordan Həkəri çayınadək olan (keçmiş Abdallar, indiki Laçın) ərazidən keçən yol, daha sonra isə Gorusa qalxan Üçtəpə adlanan 1 verstlik yoxuşdur. Yəni ən çətin yolun uzunluğu cəmi 27 verst idi.

Şuşa-Abdallar yolu başdan-başa yumşaq qayalıqlardan ibarət idi ki, onlar da asanlıqla külüng və lingə tabe olurdu. Yolun salınmasında yerli sakinlər özlərinə məxsus əmək alətlərindən istifadə etməklə, haqqı ödənmədən çalışdırılırdılar. Hər bir evə 2 sajın uzunluqda yol sahəsi düşürdü. Bununla belə, yolun müəyyən hissələrində barıtla partladılmalı olan ərazilər işlənməmiş qalırdı. İlk vaxtlarda həmin yoldan ancaq yük heyvanları hərəkət edirdi. Sonralar yolun əhəmiyyətliliyi diqqətə alındı və həm 1871-1873-cü illər, həm də 1874-1876-cı illər üçün zemstvo smetalarından hər bir dövrə görə 3 illik pul vəsaiti ayırıldı. Yolun tikintisinin başa çatdırılması 1876-cı ilə hesablanmışdı.

Baxmayaraq ki, yol infrastrukturunun qurulması və ya o dövrün təbirincə, yol işləri Tikinti-Yol Komitəsinin nəzarətində idi, bununla belə həmin məqsədlər üçün ayırılan vəsaitlər Rusiya imperiyasının Dövlət Xəzinəsindən deyil, zemstvo xərcləri hesabına aparılırdı. 1871-1873 - cü illərin smetası üzrə yolun Gəncə quberniyası ərazisindən keçən hissəsində aparılacaq işlər üçün 38.826 rubl 45 qəpik, 1874-1876-cı illərə dair smeta üzrə isə yenə həmin quberniya ərazisində aparılacaq yol tikintisi xərcləri üçün 23. 400 rubl vəsait ayırılmışdı.

Məxsusi Şuşa-Gorus yolu üçün Gəncə quberniyası rəhbərliyinin xüsusi vəsatəti ilə 1875-ci ilin yanvar ayında əlavə 23,850 rubl ayırılır. Həmin yolun Şuşa-Xocalı stansiyası arasındakı çətin ərazini də nəzərə almaqla, bütünlükdə 1871-1876-cı illərin zemstvo smetası üzrə cəmi - 86, 076 rubl vəsait təyin edilir. Bu vəsait yolun Gəncə quberniyası ərazisinə düşən hissəsindəki əsas yol - tikinti işlərinə və süni qurğuların işlənməsinə kifayət edirdi. Şuşa və Gorus arasındakı ərazidə qayaların partladılması üçün lazım olan barıt isə xəzinədən pulsuz verilirdi.

Yolun İrəvan quberniyasından keçən hissəsində, Gəncə və İrəvan quberniyası sərhəddindən Naxçıvana qədər olan məsafədə işlər 1872-cü ildə - Biçənək yüksəkliyindən başladı. İrəvan quberniyası müdirliyi 1871 - 1873 və 1874-1876-cı illər üçün zemstvo smetasından cəmi 54, 999 rubl vəsait ayırır. Həmin vəsaitlə süni qurğular istisna olmaqla, demək olar ki, bütün yol işləri aparılsa da, nəqliyya-tın hərəkəti üçün yolun açılması mümkün olmur - səbəb əlavə pul vəsaitinin tapılmaması idi.

İstər Gəncə, istərsə də İrəvan quberniyalarında aparılan Şuşa-Naxçıvan yolunun tikintisi quberniya texniklərinin nəzarəti altında aparılırdı və təsərrüfat hesablı idi. O ərazilərdə ki, barıt işlərinə ehtiyac duyulmurdu, burada işlər ancaq bel, külüng, ling və gürzlə aparılırdı. Belə ki, suxur torpaq, qayalar isə şist mənşəli və yumşaq idi. Yerli əhali isə naryad üzrə işləyir, onlara lazım olan alətlərin alınması və düzəldilməsi, həmçinin süni qurğuların və barıt partlatma işlərinin aparılması isə yuxarıda qeyd olunan vəsait hesabına həyata keçirilirdi.

(Araşdırmanın davamını buradan oxuya bilərsiniz )

Yeganə Kamal Cabbarlı
AMEA-nın Tarix İnstitunun dissertantı
Milli Arxiv İdarəsi elmi-məlumat kitabxanasının müdiri

AzVision.az üçün


Bu material Medianın İnkişafı Agentliyinin Dəstəyilə Hazırlanıb
Mövzu: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği


Teqlər: Zəngəzur   Tarix   Zəngəzur-dəhlizi  





Xəbər lenti