Reketliyə “tənqidçi media” deməyək

Nəticədə "tənqid mediası" ifadəsi müəyyən mənada "şantaj mediası" anlamına gəlib. İşin içində olanlar hətta hansı materialın hansı saytda, yaxud yutub kanalında getməsindən asılı olaraq, məbləği də gözəyarı təyin edə bilirlər. Elə rəqəmlər deyilir ki, eşidəndə adamın gözü kəlləsinə çıxır. Vəziyyət bu qədər biabırçıdır.
O ayrı məsələdir ki, bu lənətin kökləri çox dərinə işləyib, Əvəz Zeynallı ilə bitmir. "Pul ver, tənqid etməyim" prinsipi açıq-aşkar şantajdır və onunla məşğul olan hər kəs Əvəz Zeynallının indi olduğu yerə göndərilməlidir. Həm blogerlər, həm də jurnalistlər! Hazırda özünə "jurnalist" deyib, meta-platformalarda blogerliklə məşğul olanlar bu praktikadan daha çox istifadə edirlər.
Peşəkar mediada institutsional islahatlar yolu ilə məsələni müəyyən yerə və həddə qədər tənzimləmək mümkündür. Amma meta-mediada belə görünür ki, Əlahəzrət Prokurorluğun müdaxiləsi olmadan keçinmək alınmayacaq. Çünki orkestr-adamların heç bir kodekslə tənzimlənməyən özfəaliyyətini qanun çərçivəsinə salmağın başqa yolu görünmür.
Şantaj praktikasına son qoymaq üçün miqyası genişləndirmək və reketlərə qarşı həqiqi səlib yürüşünə başlamaq lazımdır. Artıq neçənci dəfədir ki, ayrı-ayrı adamlar reketliyə görə tutulur, amma başqalarına dərs olmur. Demək, bunu geniş informasiya kampaniyası ilə müşayiət etmək vacibdir. Hamı bilməlidir ki, “ver, yazmayım” tələbi ictimai əxlaqsızlıq olmaqla yanaşı, həm də cinayətdir və bu yola əl atan hər kəs gec-tez cəzalandırılacaq.
Reketliyin bir adı var və şəxsə görə dəyişmir. Hansısa “yaxşı oğlan”, “ictimai fəal”, “siyasi prinsipial” reketlik edəndə onun mahiyyəti fərqli olmur. Pafoslu çıxışlar edən reketlər üçün Cinayət Məcəlləsində ayrıca maddələr nəzərdə tutulmayıb. Buna görə də, sosial şəbəkədə cinayəti personlaşdırmaq düzgün yanaşma deyil. Şəxslərə yox, əməllərə qiymət verilməlidir.
Nəhayət, hər şey bir qırağa, həm də ayıbdır axı!.. Hərçənd, deyəsən, daha ayıbdan keçib.
Teqlər: Media