Zatulinin "fatihəsi"ni parlament verməyib?

      Zatulinin "fatihəsi"ni    parlament verməyib?
  27 Oktyabr 2022    Oxunub:1239
Xəbər verdiyimiz kimi ermənilərin dostu kimi tanınan Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitəsinin sədri Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyuldu. Ölkə gündəmini dəyişən bu məsələ erməni cəmiyyətində birmənalı qarşılanmayıb.
Ziyalılar, siyasətçilər Rusiyanln tərəfdarı olan şəxslər Zatulinə qapının göstərilməsinin arxasında ciddi siyasi proseslərin dayandığını iddia edirlər.
Məsələn parlamentin “Hayastan” fraksiyasının üzvü, "Daşnaksütyün"un fəallarından olan Qeqam Manukyan "Hraparak"a verdiyi müsahibədə bir sıra maraqlı fikirlər səsləndirib.

AzVision.az xəbər verir ki, müsahibədə bir sıra diqqət çəkən məqamlara toxunulub.

Bir vaxt "əsl insan" idi, indi düşməndir - Zatulini niyə silirlər?
O, qeyd edib ki, əslində bu hadisə çox qorxulu bir prosesdir. Sual yaranır ki, Zatulinin ölkəyə girişi konkret şəxs tərəfindən qadağan edilib, yoxsa onun arzuolunmaz şəxs olmasına parlament qərar verib?

Daşnak rus deputatın tərəfini saxlayaraq deyib ki, son 30 ildə Zatulin həmişə erməni xalqının və Qarabağ ermənilərinin tərəfində olub. O, qadağaya səbəb kimi Zatulinin Nikol Paşinyanı tənqid etməsinin göstərilməsini ucuz kin adlandırıb: "O qədər ucuz küdurətdir ki, hətta bu barədə öz ailə qəzetlərində məlumat yaydılar. Özü də mənbələrinə istinadla”.

Erməni deputat jurnalistin "Bu məktubun parlamentin Xarici əlaqələr şöbəsi adından göndərilməsi sizə qəribə gəlmədimi?" sualına belə cavab verib ki, o, sorğu-sual etməyə çalışacağam, nə baş verdiyini anlamaq üçün parlamentə aidiyyəti şəxslərə sorğu göndərəcəyini deyib və məsələni araşdıracağına söz verib: "Çünki bu, sadəcə biyabırçılıqdır. Parlamentin hansısa şöbə müdiri Zatulinin elektron poçtuna şəxsi deputat emailindən hansısa qalmaqallı məktub göndərib".

- Bu “hansısa bölmənin rəhbəri” Tiqran Seyranyandır ki, o da sizin partiyanın, "Daşnaksütyun"un üzvü Spartak Seyranyanın əmisi oğludur...

- Aman Allah, Tiqran Seyranyan 30 yaşlı diplomatdır. Onun bizim partiyadan olan şəxsin dostunun qardaşı, əmisi oğlu olmasının məsələyə nə dəxli var? Yəni sizin fikrinizcə, Tiqran Seyranyanın Ukraynada, Çexiyada səfir olduğu vaxtlarda və ya indi Milli Assambleyada çalışdığı dönəmdə Spartak Seyranyana kabinetində oturub qərarlar qəbul etməyi həvalə edib?

- Bəs, sizcə, Tiqran Seyranyan belə bir məktubu öz təşəbbüsü ilə hazırlayıb, yoxsa Alen Simonyan bu işi ona həvalə edib?

- Tiqran Seyranyan təkbaşına belə bir qərar verə bilməzdi. Parlament rəhbərliyi departament rəhbərinin həyata keçirməyə çalışdığı xeyli böyük və mühüm qərarlar verib. Bunun üçün parlament rəhbərliyi ilədə əlaqə saxlaya bilərsiniz.

- Siz nözünüz necə, rəhbərliyə müraciət edəcəksiniz?

- İndi mən xarici vətəndaşların ölkəyə giriş-çıxışı ilə bağlı qərar qəbul edən və ya siyahılar tərtib edən bir neçə quruma sorğu göndərəcəyəm. Məsələn, Milli Təhlükəsizlik Xidmətinə, Xarici İşlər Nazirliyinə.

- Əsas parlamentdir, parlamentdən izahat tələb edəcəksiniz?

- Əlbəttə. Bir neçə başqa şöbədən də mütləq məsələyə aydınlıq gətirilməsini tələb edəcəm.

Xatırladaq ki, iki gün öncə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın nəzarət etdiyi "Aykakan Jamanak" qəzeti Zatulinin qara siyahıya düşməsi barədə məlumat yaydı. Rusiyalı deputat bundan sonra açıqlama verərək bəyan etdi ki, bu qərar onun şəxsinə qarşı böyük təhqirdir.

Konstantin Zatulindən sonra Rusiyada media holdinq rəhbəri olan ermənipərəst Marqarita Simonyan da qara siyahıya düşdü . Hər iki şəxs daha çox Azərbaycan əleyhinə fəaliyyətlər və açıqlamalar vermələri ilə tanınırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Parlament   Deputat  





Xəbər lenti