28 aprellə 8 maya sözardı

28 aprellə 8 maya sözardı
  08 May 2014    Oxunub:1316
Fazil MUSTAFA

Tarix təkrar olunmur. Necə ki, bir insan da başqasının təkrarı deyil. Maddi dünyada təkrarlanan SÖZdür. Bu SÖZ duadan başlamış rəqəmlərə qədər bütün həyatımızı öz təkrarlarına tabe etdirmiş. Azərbaycan insanı üçün 28 aprel də, 8 may da haçansa təkrarlanmayacaq tarix zamanıdır. Ancaq illər uzunu 28 aprel də, 8 may da tarix kimi təkrarlanmasa da, söz birləşməsi olaraq mütləq təkrarlanacaq və azərbaycanlı kimliyi üçün həyəcanlandırıcı mahiyyətini qoruyacaq.
Azərbaycan cəmiyyətinin böyük əksəri 28 aprelə ötənlərdə baş verən aşağı ballı zəlzələ kimi baxmaqda. Bir tələfat olmadısa, bir anda lüsturun necə tərpəndiyini, dolabın necə titrədiyini bir-birinə nəql edib maraqlı mövzudan danışmaqdan ləzzət alaraq sakitləşirlər və ertəsi gündən başlayaraq bir də heç vaxt zəlzələ olmayacaq kimi arın-arayın yaşamaqlarına davam edirlər.

Azərbaycan insanına Şuşanın işğalı hələ də yuxu kimi gəlir. Hər il dəyişən 8 mayda bütün azərbaycanlı kimliyinə aid insanların yuxulu obrazını görürsən. Kimsə fərqində deyil ki, bu bizim bitdiyimiz nöqtədir. Bundan sonra hər şey yenidən başlayır. Sınmış bir xalqın reabilitasiya müddəti bu tarixdən hesablanmalıdır. Mən o tezislə razı deyiləm ki, Azərbaycan torpaqları hansısa xəyanətin qurbanıdır. Şuşanı da, Laçını da, Kəlbəcəri də, bundan sonra itirə biləcəklərimizi də düşmənə verən bir kabus var: o da azərbaycanlı xarakteridir. Şuşa da, başqa bölgələr yalnız və yalnız bizim xarakterimizin qurbanıdır.

Vətən sevgisi İmandandır, deyirlər. Hətta bunun bir hədisi-şərif olduğunu da bildirirlər. Bizdə Vətən sevgisi ilə İman arasında aşılmaz hasarı sezən hər bir düşünən insan xarakterimizin natamamlığını daha rahatlıqla oxuya bilir. Vətən sevgisi və bu sevginin içində ehtiva olunan Qarabağ sevgisi, Dərbənd sevgisi, Borçalı sevgisi, Naxçıvan sevgisi büsbütün materialist sevgidir. Bu sevgini İmanın içində, onun tərkibində yaşamayanda Vətən daşdan, divardan, kənddən, şəhərdən, rayondan o tərəfə boy atmır, böyümür. Vətən Yaradandan kiçikdir, onu Yaradandan böyük sevgi ilə sevməyə başlayanda Vətən daha da kiçilir - Vətənə xoşladığın paltara, evə, maşına, vəzifəyə bağlandığın kimi bağlanmağa başlayırsan. Sevirsən, lap elə canın qədər sevirsən, ancaq canını ölümə təslim etməkdən qorxduğun kimi, Vətənə də təslim etməkdən qorxursan.

Hərdən düşünürsən ki, Azərbaycanda deyildiyi kimi, bir milyon qaçqın yoxdur. Ən ağır şərtlərdə, hazırlıqsız vəziyyətdə, təhlükədən canını qurtarıb gələn bu talesiz insanlarımıza bəzən yuxarıdan baxmaq istəyənlər hələ də anlamırlar ki, bu ölkədə özləri də daxil, içi bəndəniz də daxil 9 milyon qaçqın var. Hələ bir az da dəqiqləşdirsək, 35-40 milyon qaçqın var. Allahın məsuliyyətindən qaçmış, Şuşanın, Qarabağın, Təbrizin məsuliyyətindən qaçmış, ölkənin problemlərindən gündəlik həyatda düşüncəsini, fikrini, özünü yayındırmış milyonlarla qaçqın var. Üstəlik, həm dünyaya münasibətdə, həm də axirətə münasibətdə bizim qədər lağlağı davranış sərgiləyən çox az cəmiyyət taparsınız.

8 mayı 28 aprellə müqayisəm səbəbsiz deyil. 28 aprel müstəqilliyin əbədi olmadığına bir xəbərdarlıq tarixidir. Müstəqillik hər bir xalqın müstəqil yaşamağa layiq olduğu və qoruya bildiyi məsafəyə qədər mövcud olur. Bir xalq üçün müstəqillik son hədəf deyil, azad, təhlükəsiz və rifah içində yaşamaq əsas hədəfdir. Müstəqilliyin içini insan azadlığı, təhlükəsizliyi, rifahı ilə doldurmayana qədər bir dəyər olaraq insanın qanına qarışmayacaq. Ona görə də 28 apreli müstəqilliyimizin məsuliyyətini xatırlama tarixi kimi unutmamalıyıq.

8 may isə kiçik bir dağ şəhərinin itirilməsi günü deyil. Azərbaycanın işğal olunan başqa bölgələri də, şəhərləri də, kəndləri də var. Hamısı içimizin acısı, ağrısıdır. Ancaq Şuşa ayrıca bir sınma nöqtəsidir. Şuşaya hər zaman Azərbaycan kübarlığının mərkəzi kimi baxmışıq. Azərbaycanın heç bir şəhəri bu səviyyədə özündə, təbiətində, insanında geniş mənada kübarlığın daşıyıcısı olmamış. Biz Şuşanı itirməklə kübarlığımızı, zərafətimizi, melodiyamızı, harmoniyamızı itirmişik sanki...

Tarixdə üç dəfə qəfildən gələn dalğanın ağuşunda özümüzü sulara qərq olma təhlükəsində görmüşük. 1828-ci il Türkmənçay, 28 aprel 1920-ci il müstəqilliyin süqutu, 8 may 1992-ci il Şuşanın işğalı qədər sümüklərimizə işləyən bir çöküşü yaşamalı olmuşuq. Hər birində də xalq dediyimiz, camaat dediyimiz, təbəə dediyimiz böyük bir kütlə hadisələrin nəinki aktyoruna, iştirakçısına belə çevrilməyib. Azərbaycanı bizim yerimizə, əvəzimizə çözüblər. Heç olmazsa, öz taleyimizin çözümündə iştirakçıya çevrilmək üçün nələrisə yenidən başlamağa qərar verməliyik. Ona görə də zamanın 8 maydan başlayan reabilitasiya müddətini dəyərləndirməyə tələsməliyik. Reabilitasiya durğunluq və ya istirahət deyil, hərəkətin bərpasıdır. Ən azı Şuşa bizə kübarlığımızın qayıdışı üçün vacibdir. İtirdikcə, uduzduqca bir-birimizin ətini yeməyə daha çox tamarzı oluruq, bir-birimizə sayğımızı, inamımızı daha çox itirməyə davam edirik.

Vətən sevgisi İmandandır, deyirlər. Vətən sevgisindən başlayıb İmana gəlməyəndə bu sevgi addım-addım tükənməyə başlar. İmandan başlayanlar sonunda Vətən sevgisinə də, insan sevgisinə də mütləq gələcəklər...


Teqlər:





Xəbər lenti