“Ciddi islahatlar aparılmalıdır” – Deputatdan təklif

“Ciddi islahatlar aparılmalıdır” – Deputatdan təklif
  30 May 2014    Oxunub:1025
Milli Məclisin bu gün keçirilən iclasında millət vəkilləri prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı əfv sərəncamından danışıblar.
AzVision.az xəbər verir ki, iclasda çıxış edən millət vəkilləri İlyas İsmayılov, Fazil Mustafa azadlığa çıxan şəxslərin ailələrini təbrik ediblər.

Deputat Fazil Mustafa çıxışı zamanı onu da bildirib ki, hazırda həbsdə olan bəzi ictimai-siyasi mühitdə tanınan şəxslər azadlığa buraxılmalıdır və ölkədə siyasi məhbusun olub-olmaması məsələsi Avropa məkanında müzakirəyə çıxarılmamalıdır.

Deputat həmçinin səhiyyə sahəsindəki mövcud problemlərdən də söz açıb.

Onun sözlərinə görə, bu günə qədər bir çox vətəndaşlarımız ölkənin birinci xanımı Mehriban Əliyeva və ölkə başçısı İlham Əliyevin dəstəyi ilə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə müalicə alıblar:

“Təbii ki, bununla kifayətlənmək olmaz. Odur ki, ölkənin səhiyyə sistemində ciddi islahatlar aparılmalıdır. Qeyd etmək lazımdır ki, indiyə qədər ölkədə məsuliyyətli səhiyyə naziri olmayıb. Nazir olduğu dövrdə bütün həyatını səhiyyə sahəsindəki problemlərə həsr edən birini görmədik”.

Millət vəkili həmçinin əlavə edib ki, səhiyyə ocaqlarında bazar günü və gecə növbələrində çalışan insanlara əlavə vəsait mükafat şəklində ödənilməlidir: “Tibb işçiləri istirahət günlərində növbətçi kimi işə çıxırlar, lakin bunun müqabilində onlara heç bir əlavə ödəniş edilmir. Bu da insanların hüququnun pozulması deməkdir”.

Fazil Mustafa eyni zamanda dərmanların əksəriyyətinin baha olmasından da şikayətlənib. O bildirib ki, ən çox da qocaların atdığı dərmanlar həddindən artıq bahadır: “Pensiyaçıların da aldığı məvaciblə həmin dərmanları almaq mümkün deyil”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti