İrəvandan Putinə qarşı qərar: Parlamentdə Roma statutu ilə bağlı müsbət rəy verildi

İrəvandan Putinə qarşı qərar:  Parlamentdə Roma statutu ilə bağlı müsbət rəy verildi
  28 Sentyabr 2023    Oxunub:1795
Ermənistan parlamentində Roma statutu ilə bağlı müsbət qərar verilib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd edilir ki, Ermənistan parlamentinin müvafiq komissiyası Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin ratifikasiya layihəsinə müsbət rəy verib. Müxalifət nümayəndələri iclasda iştirak etməyiblər.

Paşinyan: "Roma Statutu ratifikasiya olunacaq"
Beləliklə, Rusiya rəhbərliyinin sərt reaksiyasına səbəb olan məlum layihə qarşıdakı plenar iclasın gündəliyinə salınıb.

İclasa qatılan Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan deyib ki, hökumətin layihəni təsdiqləməsi 2022-ci ilin sentyabrında “Ermənistana qarşı genişmiqyaslı təcavüz” və Ermənistan ərazisində “bir sıra ağır hərbi cinayətlər” törədilməsi ilə bağlıdır.

Roma statutu parlament tərəfindən ratifikasiya olunacağı təqdirdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası Ermənistan hökuməti üçün məcburi xarakter daşıyacaq.

Xatırladaq ki, bir neçə gün öncə baş nazir Nikol Paşinyan xalqa müraciəti zamanı "Roma statutunun ratifikasiyası Ermənistanın maraqlarına uyğundur və Rusiya və KTMT-yə qarşı yönəlməyib" demişdi.

Rusiya rəsmiləri məlum prosesə görə İrəvana dəfələrlə sərt xəbərdarlıqlar səsləndiriblər. Rusiyanın Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sentyabrın 13-də keçirdiyi brifinqdə İrəvanı tənqid etmişdi. O, Rusiyanın Ermənistanın Roma Statutu ilə bağlı sərgilədiyi siyasətini qeyri-dost davranışı kimi qiymətləndirdi.

Qeyd edək ki, Haaqa tribunalı Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Roma statutu ratifikasiya olunarsa, Putin Ermənistan ərazisinə səfər edə bilməyəcək. 2022-ci ilin sonunda isə Ermənistanın Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statunun ratifikasiyası prosesinə başladı. 2023-cü ilin martında isə Ermənistanın Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin əsas qanununa uyğun olduğunu tanıyıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Roma-Statutu   Parlament  





Xəbər lenti