Neokolonializm "no pasaran"!

// Fransa müstəmləkəçilikdən əl çəkməyə məcbur ediləcək

  Neokolonializm "no pasaran"!
  21 Oktyabr 2023    Oxunub:5667
Müstəmləkə altında olan xalqların müstəqillik mübarizəsi əsasən Birinci Dünya müharibəsindən sonra başlasa da, bu sistemin iflası İkinci Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Prosesin vüsət alması dünyanın siyasi xətritəsində yeni müstəqil dövlətlərin yaranması ilə nəticələndi.
Fransa müstəmləkiçiliyinin dünəni və bu günü

Parisin 130 ildən çox əsarət altında saxladığı Əlcəzairin müstəqilliyini tanımağa məcbur olması bir sıra Afrika ölkələrinin də fransız istibdadına qarşı mübarizəsinin uğurlu sonluğunu şərtləndirdi. Lakin hələ də dünyada kifayət qədər müstəmləkə ərazilərinə malik olan Fransa Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa kimi dənizaşırı əraziləri, habelə Korsikanı (Aralıq dənizində 4-cü ən böyük ada) müstəmləkə torpaqları qismində öz nəzarəti altında saxlayır. Digər tərəfdən, bütün bu illər ərzində onun müstəmləkçilik boyunduruğundan qurtulmuş Afrika ölkələrinin təbii sərvətlərini talamaq siyasətini dayandırmayıb.
Fransanın nüvə sirləri: Paris nəyi gizlədir | Araşdırma

Hazırda Paris Ermənistanı da öz nəzarətinə salmaq ümidilə Cənubi Qafqazda neokolonializm siyasətinin daha bir səhifəsini açmağa çalışır. Bu siyasət əslində Fransanın Birinci Dünya müharibəsindən sonra Cənubi Qafqazda öz müstəmləkəçilik niyyətlərini həyata keçirmək cəhdlərinin davamıdır.

Bu xına o xınadan deyil

Amma dövr artıq dəyişib. Son vaxtlara qədər Fransanın meydan suladığı Afrika qitəsinin ölkələri onu öz ərazilərindən qovurlar. Ötən il Malidən, bu il isə Burkina-Fasodan və Nigerdən fransız hərbi kontingentlərinin çıxarılması rəsmi Parisə vurulan sərt və layiqli şapalaqdır.


Fransanın dənizaşırı müstəmləkləri də tabeçilik boyunduruğunu atmaq üçün Parisin siyasətinə qarşı sərt mövqe sərgiləyirlər. Bu məsələdə Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılmış Bakı Təşəbbüs Qrupu (BTQ) mühüm platformalardan birinə çevrilib. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

BTQ bir ay əvvəl BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Dekolonizasiya: Sakit İnqilab” adlı konfrans keçirib. Həmin konfransın əsas məqsədi BMT Baş Assambleyasının “Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik” adlı qətnaməsinin yaratdığı imkanlardan istifadə üçün müzakirələrin aparılması və Fransanın müstəmləkə siyasətinin dünya birliyinə çatdırılması olub.

BTQ-nin təşkilatçılığı ilə oktyabrın 20-də Bakda keçirilən “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda Fransanın yeni müstəmləkəçilik siyasəti ifşa olunub. Konfransda 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa, həmçinin Korsika) təmsilçiləri rəsmi Parisin siyasətinin əsl mahiyyətini açıqladılar.

Müstəqil Martinika naminə ekoloqlar və demokratlar Hərəkatının sədrinin müavini Claudette Duhamel Fransanın oradakı əhalinin hər şeyinə yiyələnərək, hətta onların ruhunu, adət-ənənələrini əllərindən aldığını vurğulayıb . Buradakı müstəmləkəçilik siyasəti nəticəsində kənd təsərrüfatına son qoyulub, ekosistemə sağalmaz zərbə vurulub. Nəticədə əhalinin 90 faizi zəhərlənib, xərçəng xəstəliyi dəhşətli şəkildə artıb. Fransa isə bu faciə barədə hətta həkimləri belə danışmağa qoymur.


Fransız Polineziyası Assambleyasının üzvü Heinui Robert le Caill uzun illərdir Fransanın müstəmləkəsi altında olan ölkəsindəki vəziyyətdən bəhs edib: “Fransa ölkəmizin adını dəyişərək Fransız Polineziyası adlandırır. O, hər kəsin maraq dairəsində olan Sakit Okean hövzəsindən uzaqlaşmaq istəmir. Məhz bu səbəbdən həmin bölgədə yaşayan xalqlara münasibətdə müstəmləkəçilik siyasəti həyata keçirir. Fransa təbii resurslarımızı istismar edir. Yerli əhalini kömür və qazın çıxarılması kimi ağır işlərdə çox az məvacib müqabilində işlədir. Fransa Polineziyanın kömür və qazından hər il 25 milyard dollar qazanır. Öz qazının 70 faizini müstəmləkə altında saxladığı ölkələrdən əldə edir. Müstəqillik tərəfdarı olan qrupların üzvləri Fransa tərəfindən həbs edilir. Hər ay minlərlə polineziyalı gənc Fransa ordusuna çağırılır və onlar Fransanın müstəmləkəçilik siyasətinin həyata keçirilməsi yolunda həlak olurlar. Biz haqqımız olan suverenliyi tələb edirik”.


Kanak Birliyinin təmsilçisi Davi Nikolas Bolo Kaledoniyanın hələ də Fransanın müstəmləkəsi olduğunu xatırladıb: "Fransa yerli xalqların torpaqlarını əllərindən alır, əhalini isə sürgün edir. Müstəmləkələrdə fəal ictimai şəxslər öldürülür. Xalqımıza qarşı qeyri-qanuni siyasət aparılır. Resurslarımız Fransa tərəfindən istismar edilir. Təbii sərvətlərlə zəngin ölkə olsaq da, əhalinin yoxsulluq səviyyəsi xeyli yuxarıdır. Fransa Kaledoniyanı maliyyə asılılığı olan bölgəyə çevirib. Beynəlxalq platformalar 200 ilə yaxın müddətdə Fransanın davam etdirdiyi müstəmləkə siyasətinə hələ də susur. Fransa öz öhdəliklərini yerinə yetirmir və bölgədə hər zaman işsizlik, aclıq, irqçilik hökm sürür. İnsanlar öz mədəni mənsubiyyətini itirir. Gənclər xarici ölkələrə getməyə məcbur olurlar”.

Korsika adasının Poggio-di-Venaco şəhərinin meri Jan-Mark Rodriguez Fransanın illər boyu onları müstəmləkə altında saxlayaraq burada cinayətlər törətdiyini deyib: “Mənim Vətənimdə azadlıq üçün cəsarətlə mübarizə aparan qəhrəmanlar var. Ancaq həmin şəxslərin adları bizim tarix kitablarımıza əlavə olunmayıb. Fransa öz koloniyalarında xalqların dilini, mədəniyyətini unutdurmaq, millətçilik hisslərimizi məhv etmək istəyir. Repressiyalar Korsika xalqı üçün adi hala çevrilib. Fransa illər boyu bizə yalan vədlər versə də, Korsikada hakimiyyətə sadəcə Fransanın müəyyən etdiyi adamlar gəlir. Səsvermə və demokratiya Fransanın uzaq olduğu anlayışlardır. Bütün beynəlxalq təşkilatlardan Korsikanın suverenliyinin təmin olunması üçün kömək istəyirik”.


Karib dənizinin cənub hissəsində yerləşən Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisepisə kolonializm siyasətinə qarşı mübarizə aparan vətəninin Fransa ilə dialoq qurmaqda çətinlik çəkdiyini bildirir. Çünki özünü insan hüquqlarının beşiyi sayan Fransada insan hüquqları açıq-aşkar pozulur .


Dörd əsrdir ki, Qvadelupanı müstəmlələçilik siyasətinin girovuna çevirən Fransa onun zəngizn sərvətlərini talamaqla kifayətlənməyərək, burada müstəqillik tərəfdarı olan qrupları qətlə yetirir.

Fransız Qvianasının Sosial Azadlıq və Dekolonizasiya naminə Hərəkatının üzvü Moris Pindard Fransanın buradakı cəmiyyəti xalq kimi qəbul etmədiyini vurğulayıb. Təbii resursları Fransa şirkətləri istismar etdiyi halda, ölkə bu varidatdan heç bir gəlir götürmür. Məktəblərdə dərslər Fransa ilə bağlı olan dərsliklər əsasında aparılır, mədəniyyət sahəsində də fransız dominantlığı yeridilir.


İnsanların öz ölkəsində, öz torpaqlarında olan sərvətlərdən istifadə etmək istədiyini bildirən Moris Pindard bunun üçün müstəqil dövlətlərin dəstəyinə ehtiyac duyduqlarının vurğulayıb.

Bakıda keçirilən “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransın iştirakçıları Bakının təşəbbüsü ilə gündəmə gətirilən BTQ çərçivəsində Azərbaycanın və şəxsən Azərbaycan Prezidenti İlham Əliyevin hərtərəfli dəstəyini alacaqlarına əmin olduqlarını bildiriblər.

Konfrans iştirakçılarına müraciət ünvanlayan Azərbaycan Prezidenti öz növbəsində, hazırda yeni müstəmləkəçilik sevdasına düşənlərin, ilk növbədə isə əsrlər keçsə də təfəkkürü dəyişməyən Fransanın irqçilik və islamofobiya siyasətinin qarşısının alınmasında bütün səylərin birləşdirilməsi zərurətini qeyd edib.
Çoxlarından fərqli olaraq, sözü yox, praktik addımları ilə seçilən Azərbaycan məsələdə ön sırada gedən dövlət kimi hamıya nümunədir.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər:   Neokolonializm   Fransa  





Xəbər lenti