Rusiyadan sülh təklifi: Qərb ölkəsində belə, danışıqlara hazırıq...

      Rusiyadan sülh təklifi:    Qərb ölkəsində belə, danışıqlara hazırıq...
  05 Dekabr 2023    Oxunub:1115
"Rusiya Ukrayna ilə, o cümlədən Qərb ölkələrindən birinin ərazisində danışıqlara hazırdır". Bu fikirlər Rusiyanın məşhur “İzvestiya” saytında dərc olunan məqalədəndir.
Nəşr yüksək rütbəli mənbələrinə istinad edib.

Məqalədə keçən həftə Macarıstanın xarici işlər naziri Peter Siyatronun verdiyi diqqət çəkən müsahibə də xatırlanıb. Siyatro Budapeştin Rusiya və Ukraynaya vasitəçilik xidmətləri göstərməyə hazır olduğunu bəyan etmişdi. Nazir xatırladıb ki, o, hələ 2022-ci ilin fevralında bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Ermakla danışıb.

Britaniya Kiyevi Rusiya ilə danışıqlara məcbur edir - “Daily Express”
Bununla belə, Rusiya Xarici İşlər Nazirliyi (XİN) qarşı tərəfi sülh mövzusunda ittiham edir. Rusiyada bu cür müsbət təkliflər rədd edilmir. Yüksək rütbəli mənbə "İzvestiya"ya açıqlamasında qeyd edib ki, Moskva Macarıstan da daxil olmaqla Qərb ölkəsi ərazisində Kiyevlə danışıqların əleyhinə deyil. Lakin əsas odur ki, Qərb və Ukrayna Rusiya ilə konstruktiv söhbətə hazır olsun.

"Biz heç kimin arxasınca qaçmayacağıq" , - o deyib.

Rusiya XİN-in də mövqeyi belədir ki, bu gün Ukrayna və onun Qərb tərəfdaşları Kremllə danışıqlara hazır olduqlarını nümayiş etdirmirlər. Ekspertlər belə hesab edirlər ki, vasitəçi rolu NATO blokunun üzvü olmayan ölkəyə aid edilə bilər.

Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Moskva və Kiyev arasında təşkil olunan danışıqlar 2022-ci ilin fevral-mart aylarından başlayıb. Bu təmaslar əvvəlcə Belarusun, sonra isə Türkiyənin vasitəçiliyi ilə baş tutub.

Xatırladaq ki, Britaniyanın məşhur “Daily Express” nəşri də dünən bu mövzuda maraqlı məqalə dərc etmişdi. Nəşr yazıb ki, "Britaniya diplomatları Ukraynanı münaqişənin həlli üçün Rusiya ilə danışıqlara məcbur etməyə hazırlaşır".

Son günlər Qərb mediasında Ukraynaya dəstəyin azalması, Rusiyanın qələbə əldə edəcəyinə dair silsilə yazılar dərc olunur.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsə Ukrayna münaqişəsinin “dondurulması"nın tapşırıldığı da iddia olunur.

Geosiyasət və Rusiya üzrə tanınmış mütəxəssis Karol Qrimo-Potte “La Dépêche”də dərc etdiyi məqalədə Kremlin qələbəyə yaxın olduğunu yazmışdı: "Ukraynanın əks-hücumlarının uğursuzluğu, İsraillə radikal HƏMAS hərəkatı arasında münaqişə, eləcə də ABŞ-dakı daxili siyasi problemlər Rusiyanın cəbhədə öz məqsədlərinə çatmasına kömək edir".

Hətta iş o yerə çatıb ki, məşhur amerikalı teleaparıcı Laura İnqram Ukrayna əleyhinə qalmaqallı çağırışlar da edib. O, Fox News-un efirində təklif edib ki, ABŞ Ukraynaya deyil, birbaşa Rusiyaya silah versin: “Bəlkə Pentaqon Rusiyaya birbaşa silah göndərməlidir? Axı, silahlar onsuz da onların əlinə keçəcək”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Sülh   Münaqişə  





Xəbər lenti