Erməni generalın izahatı yayıldı: "Döyüşlərdə xeyli fərarimiz olurdu" - FOTOLAR

      Erməni generalın izahatı yayıldı:    "Döyüşlərdə xeyli fərarimiz olurdu"    - FOTOLAR
  07 Dekabr 2023    Oxunub:1077
İkinci Qarabağ müharibəsinin başa çatmasından 3 il keçsə də, Ermənistan cəmiyyətində təşviş, xəyanətkar axtarışları, məğlubiyyətin baiskarları ilə bağlı müzakirələr səngimir. Bu mövzuda keçmiş separatçı rejimin təmsilçiləri, "eks-ordu rəsmiləri"nin verdiyi açıqlamar isə daha çox diqqət çəkir.
Məsələn, qondarma rejimin "müdafiə naziri" olmuş Samvel Babayan tez-tez döyüşlərlə bağlı qalmaqallı açıqlamalar verir. Ermənistanın “Hraparak” qəzeti bu dəfə onun 44 günlük müharibəyə dair güc strukturlarından birinə verdiyi izahatların bəzi detallarını əldə edib.

Nəşr generalın dilindən alınan izahata dair fotoları dərc edərək yazır ki, onun aidiyyəti qurumlara verdiyi ifadəsində cəmiyyətə məlum olmayan nüanslar var.

Babayan qeyd edib ki, 44 günlük müharibə zamanı separatçı rejimin yüksək vəzifəli şəxsləri Paşinyana iki dəfə nəyin bahasına olursa olsun döyüşlərin dayandırılması xahişi ilə müraciət ediblər.

“1700 nəfəri döyüş meydanında qoyub qaçdıq” - Samvel Babayan
Sən demə İrəvan rəhbərinə ilk olaraq qondarma qurumun keçmiş "prezidentləri" Arkadi Qukasyan, Bako Saakyan və 2020-ci ildə xuntaya rəhbərlik etmiş Arayik Arutyunyan müraciət edib. Bundan başqa, "Milli Assambleya"da təmsil olunmuş siyasi qüvvələr də Nikola yalvarıblarmış.

"Babayanı Xankəndidə dindiriblər. Dindirilmə ilə bağlı məlumatı Qarabağın "keçmiş baş prokuroru" olmuş Qurgen Nersisyan, prokurorluğun xüsusi istintaq idarəsinin rəisi David Dallakyan və baş prokuror vəzifəsini icra etmiş Karen Qabrielyan da təsdiqləyiblər.

Bu şəxslərin təsdiqləyici məlumatlarına baxmayaraq, Samvel Babayan dindirilməyə cəlb edildiyini israrla təkzib edirdi. O qeyd edib ki, “Artsax" (Keçmiş qondarma rejimin adı-red.) prokurorluğu məni dindirməyib. Dırnaqarası piar işləri aparmaq istəyən adamlar var. Həmin şəxslər məni dindirdiklərini iddia edirlər”. Altı gün əvvəl Babayanın ofisinin 44 günlük müharibə ilə bağlı yaydığı bəyanatda da qeyd edilirdi ki, Samvel prokurorluq tərəfindən başlanmış hansısa cinayət işi çərçivəsində sorğu-sual edilməyib", - məqalədə yazılıb.

Bununla belə müəllif generalın verdiyi ifadələrin fotolarını dərc edərək yazıb ki, əslində bəzi məsələlər prosesin tam əksini göstərir.

"Hraparak"ın təqdim etdiyi sənədlərdə isə Babayan nəinki 44 günlük müharibə zamanı Ermənistan və separatçı rejimin nəzarətində olmuş ərazilərdəki səfərbərliyin təşkilindən danışaraq gileylənib, o, Gəncə aeroportunun atəşə tutulması planından da bəhs edilib.

Müstəntiq deyib: “Müharibə illərində Ermənistanda və Qarabağda hərbi səfərbərliyin təşkili prosesini necə qiymətləndirirsiniz? Bu tədbirlər kifayət idi, yoxsa əksinə? Əgər lazımi tədbirlər görülmürdüsə, çatışmazlıqların səbəbi nə idi?".

Samvel Babayanın cavabı isə belə olub: “Səfərbərlik işləri yanlış şəkildə planlaşdırılıb. Çağırışçılar peşələrinə və ərazilərə görə düzgün bölünməyiblər. Yəni şəxsi heyət hərbi ixtisaslar üzrə yerləşdirilməyib, toplanan şəxslər relyefə, göndəriləcəyi ərazilərə bələd deyildilər. Onlar döyüş tapşırıqlarını yerinə yetirmək iqtidarında da olmayıblar... Belə tapşırıqlara dair məsələlər isə hərbi bazalarda hazırlanmayıb. Xeyli sayda fərarilərimiz olurdu. Fərarilik hallarının qarşısını almaq üçün işləri Ermənistan Polisi və Milli Təhlükəsizlik Xidməti aparmalı idi.

Lakin məndə olan məlumata görə, bir çox silahını atmış vətəndaş Qarabağ ərazisini sərbəst tərk edə bilirmiş. Yaxud da fərarilər eləcə Qarabağ bölgəsində qalıblar. Həmin şəxslər sadəcə döyüş ərazilərindən qaçıblar. Səfərbərliklə bağlı hazırlıq işlərinə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və "Müdafiə Ordusu" Baş Qərargah rəisinin müavini cavabdeh imiş. Son 20 ildə bu kürsüdə oturanla isə üzərilərinə düşən vəzifələri tam yerinə yetirmirdilər”.

Nəşr onu da qeyd edib ki, Samvel Babayanın ifadəsində xeyli diqqət çəkən başqa epizodlar da var. Müəllif onlardan bəzilərini yaxın vaxtlarda dərc edəcəyini vurğulayıb.

Qeyd edək ki, bu ilin oktyabrında general İctimai Televiziyasının efirində Qarabağa dair bir sıra qalmaqallı açıqlamalar vermişdi. O, iddia edib ki, separatçıların "prezidentləri" və "parlament üzvləri" xunta rejimini bilərəkdən təslim ediblər.

Bundan dərhal sonra Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti Babayanın həbs oluna biləcəyinə dair məlumat yaydı. Qurum Cinayət Məcəlləsinin iki maddəsi - 550-ci (Hərbi vəziyyət, müharibə zamanı yaxud döyüş şəraitində komandir və ya vəzifəli şəxs tərəfindən öz xidməti vəzifələrini yerinə yetirməmə və ya lazımınca yerinə yetirməmə), habelə 545-ci (təslim olma və ya texnika, digər döyüş vasitələrini düşmənə təslim etmə) maddələri ilə araşdırmalara başlasa da, iş üzrə təqsirləndirilən şəxslər yoxdur. Hələlik keçmiş separatçı məmur azadlıqda gəzir.

O, fərarilik, döyüşlər zamanı erməni hərbçilərin uğursuz fəaliyyəti barədə dəfələrlə açıqlamalar verib.

Babayan 2021-ci ildə müsahibə zamanı erməni hərbçilərinin döyüşlərdən kütləvi şəkildə qaçdıqlarını etiraf etməsi də səs-küyə səbəb olmuşdu. Separatçı etiraf edib ki, ermənilərin 4000 itkisindən 1700 nəfəri döyüş meydanında qoyub qaçdıqları hərbçilər olub. Bu isə idarəolunmazlıqdan xəbər verir.

Onun ötən il "3 günə 600 qurban verdik, azərbaycanlılar Şuşaya 4 noyabrda girmişdilər" açıqlaması da gündəmə çevrilmişdi.

Qeyd edək ki, Samvel Babayan 1994-2000-ci illərdə keçmiş qondarma rejimin "müdafiə ordusunun" rəhbəri olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Fərari   Qarabağ   Müharibə   Prokurorluq   Döyüşlər  





Xəbər lenti