Vətən Müharibəsi iştirakçıları türk şəhid Ömər Halisdemirin məzarını ziyarət ediblər

   Vətən Müharibəsi iştirakçıları türk şəhid Ömər Halisdemirin məzarını ziyarət ediblər
  06 Yanvar 2024    Oxunub:1135
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə qardaş ölkədə səfərdə olan bir qrup azərbaycanlı Vətən müharibəsi iştirakçısı yanvarın 6-da Niğdenin Bor mahalının Çukurkuyu qəsəbəsində inşa edilən astsubay baş çavuş Ömer Halisdemirin adını daşıyan Mədəniyyət Mərkəzində olublar və məzarını ziyarət ediblər.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, Vətən müharibəsi iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzində şəhid Ömər Halisdemirin şəxsi əşyalarının və şəkillərinin sərgiləndiyi muzeydə olublar, onun qardaşı Doğan Halisdemirlə görüşüblər.

Təəssüratlarını bölüşən şəhid Ömər Halisdemirin qardaşı 15 iyul gecəsi əziz şəhidlərimizin özünü sipər edərək Türkiyəyə qarşı xain cəhdin qarşısını aldığını bildirib. Ömərdən 4 yaş böyük olduğunu deyən D.Halisdemir qeyd edib ki, qardaşı Vətənini, millətini çox sevirdi və ədalətli insan idi: "Ömer Halisdemir vətən üçün hər şeyini fəda edərdi. Ömər şəhid olmamışdan bir həftə əvvəl görüşdük. Qardaşım o zaman dedi ki, "vətən daimidir, bizlər isə faniyik. Əcdadlarımız necə bu torpaqları bizə əmanət edibsə, biz də gələcək nəsillərə bu vətəni o cür təhvil verməliyik. Lazım gələrsə, vətən üçün şəhid olacağam" dedi və bir həftə sonra şəhid oldu".

Qardaş ölkədən gələn qazilərin onu sevindirdiyini qeyd edən Doğan Halisdemir Azərbaycana gəlmək, Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət etmək istədiyini bildirib. Azərbaycanı sevdiyini söyləyən Ömer Halisdemirin qardaşı ölkələr arasındakı münasibətlərin gündən-günə inkişaf etdiyini vurğulayıb.

Şəhid Ömer Halisdemirlə 2015-ci ilin noyabr və dekabr aylarında ümumilikdə 55 gün Ankarada Türkiyənin Xüsusi Təyinatlı Qüvvələrinin təşkil etdiyi snayper kursunda yoldaş olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş giziri, Vətən müharibəsi iştirakçısı Famil Fərəcov öz təəssüratlarını bölüşüb: "Kurs müddətində Ömer Halisdemirlə çox sıx əlaqələrimiz oldu və ondan çox şey öyrəndim. Mən böyük qürur hissi keçirirəm və fəxr edirəm ki, ömrümün 55 gününü Ömerlə bir yerdə keçirdim.

XTQ-nin baş giziri əlavə edib ki, o, ən çətin tapşırıqlar zamanı döyüşçü kimi əsl nümunə götürüləsi insan idi. Xüsusi təyinatlılara xas olan bütün özəlliklər, eyni zamanda, insanı xüsusiyyətlər onda cəmlənmişdi.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, iyulun 15-də Ömer Halisdemirin adı Türk millətinin qəlbinə həkk olunub.

QHT sədri əlavə edib ki, o, təkcə Türkiyənin yox, həm də Azərbaycan xalqının da qürur duyduğu bir igiddir. "2016-ci ildə qəhrəman Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək dövlət çevrilişi cəhdinin qarşısını aldı. Azərbaycan Prezidenti İlham Əliyev və xalqımız hadisənin ilk anlarında dövlət çevrilişinə cəhdi böyük narahatlıqla qarşıladı və qardaş xalqa öz mənəvi dəstəyini göstərdi",- deyə E.Həsənli bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti