“Natəvanın heykəli bağda qalacaq” - Evian meriyası

   “Natəvanın heykəli bağda qalacaq” -    Evian meriyası
  10 Yanvar 2024    Oxunub:1022
Xurşidbanu Natəvanın heykəlinin olduğu bağın ləğv olunacağı, heykəlin oradan götürüləcəyi barədə mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir.
AzVision.az xəbər verir ki, bu barədə AzərTac-a Fransanın Evian-le Bən şəhər meriyasının ümumi şöbəsindən bildirilib.

Qeyd edilib ki, Evian-le Bən şəhərindəki görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilib, daş lövhələr sındırılıb.

“Meriya heykəlin təmir edilməsi və təmizlənməsi, eləcə də bağın adını daşıyan daş lövhələrin bərpası üçün mütəxəssislər axtarır. Bərpa edildikdən sonra lövhələr də, heykəl də öz yerində qalacaq”, - deyə açıqlamada vurğulanıb.

Meriyadan o da bildirilib ki, Evian-le Bən meri heykəlin vandalizmə məruz qalması ilə bağlı polisə müraciət edib: “Biz hesab edirik ki, bu heykəl iki xalq arasında mədəni birliyi əks etdirir və xalqlar arasında mədəni körpüdür. Bu, şəhərimizin bağıdır və bu, bizə hədiyyə olunub”.

Evian şəhər meriyasından verilən açıqlamada İsmayıllını qardaş şəhər saydıqları vurğulanıb və qeyd edilib:

“Bu gün vəziyyət siyasi səviyyədə səslənir, ancaq biz siyasətçi deyilik və şəhərimiz qardaşlaşdığı şəhərlə əlaqələri qoruyub saxlayır və saxlayacaq. Sabah İsmayıllıdan nümayəndə heyəti gələrsə, onları qarşılamağa hazırıq. Təəssüf ki, İsmayıllı ilə əlaqələrimiz bayramlarda təbrik mübadiləsi səviyyəsində qalıb. Koronavirus pandemiyasından sonra əlaqəmiz olmayıb.

Fransız dilində yazılan məqalə bələdiyyə şurasının iclasında söylənilənləri tamamilə təhrif edib. Ondan sonra belə bir məsələ qaldırılıb, amma meriya bütün bu təklifləri rədd edib və bağın, eləcə də heykəlin qalacağını, dostluğun davam edəcəyini bildirib. Mətbuatda yayılan xəbərlərdə deyilir ki, bu bağ ləğv olunacaq, amma biz belə sözlər deməmişik və bu xəbər həqiqəti əks etdirmir”
AzVision.az




Teqlər:





Xəbər lenti