44 günlük müharibədə ölən erməni əsgərlər niyə basdırılmır?

 44 günlük müharibədə ölən  erməni əsgərlər niyə basdırılmır?
  12 Yanvar 2024    Oxunub:2026
"44 günlük müharibədə öldürülən, hələ də şəxsiyyəti müəyyən edilməmiş, yaxud da yaxınları tərəfindən qəbul edilməyən cəsəd qalıqları var".
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Anahit Avanesyan mətbuat konfransında məlumat verib.

Ermənistanda biabırçı olay: Əsgər anasına üçayaqlı cəsəd verdilər
Nazir bir qrup valideynin övladının hələ də ölüm faktını qəbul etməməsindən də gileylənib. Onlar DNT ekspertizasının nəticələrinə inanmır və artıq şəxsiyyəti müəyyən edilmiş meyitləri morqlardan götürmək istəmirlər.

"Elə qalıqlar var ki, onlar dəfələrlə müayinə olunub və əvvəlki nəticə də dəyişməyib. Ermənistanda aparılan ekspertizanın heç biri xaricdə təkzib olunmayıb", - o, valideynləri düzgün analizlərin aparılmasına əmin edib.

Nazir qeyd edib ki, arzuolunmaz imtinalarla da rastlaşırlar. Məsələn, ekspertiza 44 günlük müharibədə ölən əsgərin şəxsiyyətini dəqiq müəyyənləşdirsə də, hərbçinin yaxınları cəsəd qalıqlarını götürüb basdırmaqdan imtina edib. Bu halda isə dəfn prosesini dövlət öz üzərinə götürür.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra xeyli sayda cəsəd qalıqları meyitxanalarda qalıb. Məsələ burasındadır ki, hərbçilərin valideynləri qalıqların övladlarına aid olmasından şübhələnir dəfndən isə imtina edirlər. Çünki onlar İrəvanın apardığı genetik analizlərin nəticələrinə etibar etmirlər. Ermənistan rəhbərliyi nümunələrin xarici ölkələrdə də yenidən ekspertizadan keçirildiyini bəyan edir.

Hətta itkin düşən əsgərlərdən birinin anası Anahit Adoyan yerli mediaya verdiyi açıqlamda xaricdəki laboratoriya nəticələrinin də saxtalaşdırıldığını iddia etmişdi. Onun sözlərinə görə, Zəngilanda naməlum şəraitdə ölmüş hərbçilərdən beşinin cəsədi dəfn olunsa da, valideynlər ekspertizanın nəticələrinə inanmayıblar, cəsədlərin övladlarına məxsus olmadığını deyiblər. Valideynlərdən biri oğlunun ölümünə əmin olmaq üçün öz hesabına xarici ölkələrdən birində DNT analizi aparıb.

Adoyan səlahiyyətlilərin digər ölkələrdəki laboratoriyalarla əlbir olduğunu, analizlərin nəticələrinə müdaxilə edildiyini söyləyib.

Xatırladaq ki, bu ilin fevralında nazir Anait Avanesyan 44 günlük müharibədə öldürülmüş hərbçilərin şəxsiyyətinin müəyyən edilməsi prosesinin başa çatdığını bəyan etmişdi. O, hələ də basdırılmamış cəsədlərin qalmasından gileyləib. 100-dən çox qalıq nümunəsi təkrar ekspertiza üçün Hollandiyaya göndərilib və nəticələr 99% dəqiq olub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Cəsəd   Nazir  





Xəbər lenti