Erdan: “BMT Beynəlxalq məhkəmədə cavab verməlidir”

   Erdan:    “BMT Beynəlxalq məhkəmədə cavab verməlidir”
  13 Yanvar 2024    Oxunub:1729
İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan bildirib ki, BMT cavabdeh kimi Haaqa beynəlxalq məhkəməsinə cəlb olunmalıdır.
AzVision.az Rusiyanın məşhur “Kommersant” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, Gilad Erdan BMT-nin Qəzza zolağında terrorçuların tunel qazmasına, raket və mərmi istehsalı üçün beynəlxalq yardımdan istifadə etməsinə, anklavda nifrət bəslənməsinə göz yumub və beləliklə də, bu cinayətlərin şəriki olub.

Erdan bu bəyanatla Cənubi Afrika respublikasının beynəlxalq ədalət məhkəməsinin Qəzza zolağında hərbi əməliyyatlar zamanı soyqırımın qarşısının alınmasına dair konvensiyanın pozulması ehtimalı ilə bağlı İsrailə qarşı iddiasına baxılmasını şərh edib. Diplomatın sözlərinə görə, Haaqadakı proseslər BMT və onun təsisatlarının terror təşkilatlarının xidmətində necə silaha çevrildiyini nümayiş etdirir.

“Yəhudi dövlətinə qarşı soyqırımın qarşısının alınmasına dair konvensiyadan, dövrümüzün nasistləri Yəhya Sinvara (HƏMAS-ın Qəzza zolağındakı lideri) və İsmayıl Haniyəyə (HƏMAS-ın siyasi qanadının lideri) xidmət çərçivəsində istifadə olunması sübut edir ki, BMT-nin mənəviyyatının enməyəcəyi heç bir sərhəd yoxdur”, - Erdan özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

İsrailin daimi nümayəndəsi deyib ki, əgər BMT-də “bir zərrə qədər ağıl və əxlaq qalıbsa”, Cənubi Afrikanın təqibi yaxın günlərdə “tarixin zibilliyinə atılmalıdır”.

Cənubi Afrika respublikası ötən il dekabrın 29-da BMT məhkəməsində İsrailə qarşı iddia qaldırıb. Bu ölkənin iddiasına görə, HƏMAS-ın hücumundan sonra İsrailin Qəzza zolağındakı hərəkətləri “soyqırım xarakteri daşıyır” və “BMT-nin Soyqırım konvensiyasından irəli gələn əsas öhdəlikləri” pozur.

Son iki gündə Beynəlxalq ədalət məhkəməsində, Cənubi Afrika nümayəndələrinin dediyinə görə, fələstinlilərin hüquqlarının pozulmasından müdafiəsinə yönəlmiş qabaqlayıcı tədbirlərə dair dinləmələr keçirilib. İşə mahiyyəti üzrə baxılması daha sonra başlayacaq. Dinləmələr zamanı İsrail bir daha Beynəlxalq məhkəməni Cənubi Afrikanın iddiasına baxmamağa çağırıb.

Qeyd edək ki, BMT-nin fəaliyyəti, daha doğrusu onun böyük güclərin manipulyasiya alətinə çevrilməsi qlobal miqyasda mütəmadi şəkildə tənqid olunur. Məhz bu baxımdan, BMT-nin təsisat sənədlərində və strukturunda, habelə onun fəaliyyət proqramında ciddi islahatların vaxtının yetişdiyi barədə bəyanatlar xeyli intensivləşib.
Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   BMT  





Xəbər lenti