Bu gün "Davos 2024" Forumu işə başlayır

   Bu gün "Davos 2024" Forumu işə başlayır
  15 Yanvar 2024    Oxunub:1216
Bu gün Davosda Dünya İqtisadi Forumu (WEF) işə başlayır. 100-dən çox ölkədən siyasətçilər, iş adamları və ictimai xadimlər qlobal təhlükə və çağırışları müzakirə etmək üçün bir araya gələcəklər.
AzVision.az xəbır verir ki, Forumda müzakirə ediləcək əsas mövzulara Yaxın Şərqdəki münaqişə, Ukraynadakı müharibə və süni intellektin texnoloji sıçrayışı daxildir.

Yanvarın 15-dən 19- keçiriləcək WEF 2024-ün mövzusu “Güvənin bərpası”dır, çünki forumun bəyan edilmiş məqsədi qlobal çağırışlar zamanı dünya liderlərinin kollektiv işini yeniləmək və şəffaflıq, ardıcıllıq və hesabatlılığın fundamental prinsiplərini gücləndirməkdir.

Forumun prezidenti Berge Brendenin qeyd etdiyi kimi, Davosdakı hazırkı sessiya “son onilliklərin ən çətin geosiyasi və geoiqtisadi fonunda keçirilir”.

Forumun gündəliyi 4 əsas istiqamətə yönəlib:

- Parçalanmış dünyada təhlükəsizlik və əməkdaşlığa nail olmaq;

- Yeni dövr üçün iş yerlərinin yaradılması;

- Süni intellekt iqtisadiyyat və cəmiyyət üçün hərəkətverici qüvvə kimi;

- İqlim, mühafizə və enerji üçün uzunmüddətli strategiya;


Davos Forumunda əsas dünya liderləri iştirakı ilə yanaşı, ABŞ-dan dövlət katibi Antoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın da xüsusi müraciəti olacaq. Eyni zamanda 100-ə yaxın ölkəni hökumət başçıları, xarici işlər nazirləri və maliyyə nazirləri təmsil edəcək.

Qeyd edək ki, Dünya İqtisadi Forumu (WEF) 54 ildir ki, İsveçrə Alp dağlarının mərkəzində, Davos dağ-xizək kurortunda keçirilir. Bu beynəlxalq təşəbbüs 1971-ci ildə dünya liderlərinin, aparıcı beynəlxalq təşkilatların rəhbərlərinin və iş adamlarının ictimai və özəl müzakirələri üçün platforma kimi irəli sürülüb.

Müzakirə mövzusu qlobal arenada aktual mövzular və hadisələr, iqtisadi inkişaf məsələləri, əməkdaşlıq strategiyalarının və yollarının hazırlanması, ekoloji problemlərdir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti