Cinayət törədən Əhməd hansı halda cəzasız qalacaq? - Vəkildən açıqlama |
Vəkil Sadiq Əfəndiyev AzVision.az -a açıqlamasında bu kimi hallarda mirasın vərəsələrə keçməsi prosedurunu izah edib. O qeyd edib ki, Azərbaycanda vərəsəlik vəsiyyətnamə olmadan daha çox yayıldığı üçün bu iş qanun çərçivəsində həll edilir.
“Qanuna görə 3 növbəli vərəsələr var. Birinci növbə miras qoyan şəxsin ana-atası, övladları və həyat yoldaşıdır. Ölən atanın vərəsəsi Əhmədin nənəsi, babası, anası, bacısı və qardaşıdır. Qadının mirası ona münasibətdə birinci dərəcəli vərəsələrə, yəni ata-anasına, övladına və həyat yoldaşına çatır. Ata-anası və övladı öldüyündən Əhmədin bacısının vərəsəsi rəsmi nikahlı həyat yoldaşıdır. Əgər bacısı həyat yoldaşı ilə rəsmi nikahda olmasaydı, Əhməd ikinci dərəcəli vərəsə hesab olunardı”.
Hüquqşunasın sözlərinə görə, Əhmədin vərəsəlikdə iştirak etməsi istintaqın nəticəsinə uyğun olaraq məhkəmənin sonda çıxaracağı qanuni qüvvəsi olan hökm və ya qərardan asılıdır.
“Tutaq ki, məhkəmədə Əhmədin əməli anlaqlı vəziyyətdə törətdiyi sübut olundu. O zaman maraqlı şəxsin iddiası ilə Əhməd məhkəmə qaydasında ləyaqətsiz vərəsə hesab edilə bilər. İndiki halda iddianı Əhmədin birinci dərəcəli vərəsələri həyatda olmadığı üçün ikinci dərəcələri vərəsələri - əmisi, dayısı, bibisi, xalası qaldıra bilər. Bu da qanuni qüvvəsini almış məhkəmə hökmünə əsaslanır. Anlaqsız vəziyyətdə cinayət törədən şəxs ləyaqətsiz vərəsə elan edilmir. O, birinci növbəli vərəsə kimi ata-anasından qalmış payı almaq hüqququna malikdir.
Anlaqsız olduğu təsdiqlənib vərəsəliyi tanınarsa, Əhmədin mirasını kim idarə edəcək?
Vəkil qeyd edib ki, anlaqsız vəziyyətdə cinayət törədən şəxs məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilir. Yerli icra hakimiyyəti orqanının qərarı ilə ona qəyyum təyin olunur. Beləliklə, Əhmədin əmlakının idarəsi və ona nəzarət hüququ birbaşa qəyyumuna keçir.
"Varisi olmayan əmlak dövlətə qalır. Əhmədin qohum-əqrabası var və 3 növbəli vərəsəlikdə mirasın dövlətə qalması inandırıcı deyil. Miras dövlətə şəxsin varisi olmayanda və ya vərəsələr onu qəbul etməyəndə keçir.
Qəyyum şəxsin əmlakını ələ keçirə bilməz. Anlaqsız şəxsin əmək qabiliyyəti məhdudlaşdırılsa da, onun hüquq qabiliyyətinə müdaxilə edilmir. Əmlak üzərində sərəncam yaranarsa, vərəsənin müalicəsi üçün pula ehtiyac olarsa, qəyyum onu satmaq qərarını qəyyumluq orqanından rəsmi qaydada icazə almaqla edə bilər. Özbaşına heç bir qərar qəbul edə bilməz”, deyə vəkil qeyd edib.
Xatırladaq ki, Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Aytən Zəhra
AzVision.az