Ukraynada Xocalı soyqırımı anılıb

Ukraynada Xocalı soyqırımı anılıb
  26 Fevral 2025    Oxunub:451
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizin Ukraynanın Xarkov şəhərində fəxri konsulunun təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar keçirilmiş anım tədbirində onlayn qaydada iştirak edib.
AzVision.az xəbər verir ki, Ombudsman tədbirdə çıxışı zamanı Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırımı hadisəsi barədə ətraflı məlumat verib.


Müvəkkil soyqırımı nəticəsində fundamental insan hüquqlarının, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğunu, 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxsin amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb. O, həmçinin həmin vaxt girov götürülmüş 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyinin hələ də naməlum olaraq qaldığını qeyd edib.


Ombudsman hər il Xocalı soyqırımının ildönümü ilə bağlı müvafiq bəyanatların hazırlanaraq beynəlxalq təşkilatlara təqdim edildiyini, lakin ölkəmizə qarşı nümayiş olunan ikili standartlar səbəbindən bu cinayətə indiyədək beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilmədiyini bildirib.

Səbinə Əliyeva Xocalı sakinlərinə qarşı törədilmiş cinayət əməllərinin soyqırımı kimi tövsif edilməsinin, cinayətkarların məsuliyyətə cəlb olunmalarının əhəmiyyətini vurğulayıb.

Elnur Məmmədov
AzVision.az


Teqlər: Xocalı  





Xəbər lenti