Rusiya ilə Türkiyəni Bakı-Qroznı dueti barışdıracaq – TƏHLİL

Rusiya ilə Türkiyəni Bakı-Qroznı dueti barışdıracaq – TƏHLİL
  15 İyun 2016    Oxunub:4995
24 noyabr 2015-ci ildə rus qırıcısının Türk Hava Qüvvələri tərəfindən vurulması ilə Ankara-Moskva münasibətləri tamamilə pozuldu. Həmin tarixdən bugünədək İran, Azərbaycan və Finlandiya kimi ölkələr Rusiya ilə Türkiyə arasında barışıq rolunu öz üzərlərinə götürməyə hazır olduqlarını ayrı-ayrı vaxtlarda elan etdilər.

2016-cı ilin fevral ayında İran Prezidenti Həsən Ruhani Türkiyə-Rusiya gərginliyini azaltmaq üçün əlindən gələni etməyə hazır olduğunu bildirdi. Həmçinin, İranın dini liderinin nümayəndəsi Əli Əkbər Vilayətinin də korlanmış Rusiya və Türkiyə münasibətlərinin səhmana salınmasını İran üçün bir "vəzifə" adlandırması diqqət çəkir.

2015-ci ildə Finlandiyanın dövlət başçısı Sauli Niinistön durumun normallaşması üçün əllərindən gələni etməyə hazır olduqlarını bildirdi. Təbii ki, Helsinkinin bu işdə azdan-çoxdan təcrübəsi var. Məsələn, Finlandiyanın keçmiş prezidenti Marti Ahtisaari Kosovo, İraq, İndoneziya və Namibya kimi ölkədə konfliklərin həllindən ötrü vasitəçi, həm də BMT rəmisi olaraq çalışmış və 2008-ci ildə gördüyü işlərə görə, Nobel sülh mükafatına layiq görülüb.

Ankara və Moskvanın barışması mümkündür

Hər bir ölkənin xarici siyasətində iki diplomatik xətt olur. Birincisi "açıq diplomatiya"dır - yəni ölkənin xarici siyasət kursunun elan olunmuş, hər kəsə məlum koordinantları. İkincisi "qapalı diplomatiya"dır, bura dövlətin gizli tutulan maraqları və strateji planları daxildir. Adından da göründüyü kimi, məxfiliyi var.

Şübhəsiz ki, Türkiyə və Rusiya arasında baş verən məlum hadisədən sonra tərəflər bir-birlərinə qarşı iqtisadi sanksiyalar və siyasi təhdidlər şəkilində hücuma keçsələr də, hazırkı `realpolitik` aydın şəkildə onu göstərir ki, həm Kreml, həm də Ankara ortaq dil tapmağa səy göstərirlər. Bu zamana kimi bir-birini ittiham edən tərəflər indi müəyyən mənada kompromisə can atırlar.

Rusiya prezidentinin Yunanıstan səfəri Türkiyə-Rusiya barışıq istəklərinə işıq saldı. Vladimir Putin açıq formada Türkiyə ilə barışmaq niyyətinin olduğunu bildirdi. Onun barışığa zəmin yaradacaq növbəti mesajı İsrailin baş naziri Benyamin Netenyahu ilə Moskava görüşündə səsləndirildi. Mətbuat konfransında Putin qeyd etdi ki, "Türk Axını" layihəsindən imtina etməyiblər, ancaq Türkiyə ilə bəzi siyasi problemlər var...

Halbuki, "Su-24" olayından sonra Rusiya rəsmiləri bir ağızdan "Türk Axını"nın ləğv edildiyini açıqlayırdılar. Görünür, Rusiya geoiqtisadi maraqlarından dolayı bəzi siyasi ambisiyalarını boğmağa üstünlük verib. "Gazprom"un sonuncu açıqlamalarından biri xüsusi əhəmiyyət daşıyır. Belə ki, sözügedən enerji şirkəti Türkiyə-Rusiya münasibətlərinin normllaşmasından sonra "Türk Axını"nın tarixinin dəqiqləşəcəyini bildirib.

Görünür ki, Rusiya nə olursa-olsun, "Türk Axını"ndan vaz keçmək fikrində deyil. Bu halda rəsmi Moskva ənənəvi, rentabelli, ən başlıcası 500 milyonluq təhlükəsiz bazarını itirməyəcək və enerji müharibəsində qətiyyən geri çəkilməyəcək. Bu da Rusiyanı dəyişən şərtlərə görə, siyasi modifikasiyaya sövq edir. Nəticə etibarilə yenidən "Türk Axını" gündəmə gəlir ki, bu da Türkiyə-Rusiya münasibətlərinin normallaşması ilə mümkündür.

Türkiyənin baş naziri Binəli Yıldırım da Rusiyanın çağırışlarına səs verərək, Parlamentdəki çıxışında Rusiya-Türkiyə əlaqələrinin düzəlməsinə töhfə verəcəyini bəyan edib. Qısaca desək, Türkiyə də öz növbəsində Rusiya ilə barışmağa hazırdır.

Azərbaycan və Çeçenistanın vasitəçiliyi

Prezident İlham Əliyev Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında səy göstərməyə hazır olduğunu çoxdan ifadə edib. Azərbaycan Prezidentin İctimai-siyası əlaqələr üzrə köməkçisinin dediyi kimi, Rusiya və Türkiyə arasındakı gərginlik Azərbaycanı narahat edir. Buradan da aydın olur ki, Azərbaycan dövləti rus-türk soyuqluğunun aradan qaldırılmasında əsas tərəf kimi çıxış edə bilər. Niyə Azərbaycan?

Təbii ki, vastiçəlik missiyasını icra edən tərəf hər iki qütbün rəğbət bəslədiyi ölkə, yaxud şəxs olmalıdır. Şübhə ola bilməz ki, məhz Azərbaycan belə bir imicə sahib ölkədir. İstər dövlət başçısı səviyyəsində, istərsə də ölkə olaraq Rusiya-Türkiyə ikitərəfli əlaqələrinin yoluna düşməsində Azərbaycan ən böyük potensiala sahib dövlətdir.

Birincisi, Azərbaycan Rusiya, həm də Türkiyə ilə strateji tərəfdaş, möhkəm iqtisadi bağları, eləcə də bir-birinə bağlı tarixi keçmişi olan dövlətdir. Azərbaycanın regionda Rusiya və Türkiyənin ən güvənilən partnyor kimi inamını doğrultması onun siyasi arenada imkanlarını daha da genişləndirdi. Nəticə etibarilə Prezident İlham Əliyevin uğurlu diplomtik gedişləri Rusiya, Türkiyə və Çeçenistan siyasi elitasında möhkəm inam yaradıb.
- İkincisi, beynəlxalq münasibətlərdə dövlət başçısının siyasi reputasiyası ən başlıca prinsiplərdən biri hesab olunur. Məhz bu keyfiyyətlər Azərbaycan Prezidentində var. Dəqiq desək, Moskva və Ankara vasitəçilik rolunun elə Azərbaycan tərəfindən reallaşdırılmasına razıdılar. Azərbaycan dövlət başçısının Çeçenistan rəhbəri Ramzan Kadırovla möhkəm dostluq münasibətlərinin olması faktdır ki, bu məsələdə Rusiya da Çeçenistanı irəli verməklə Azərbaycanla bağlı olan islam faktorundan yararlanmaq istəyir, bununla yanaşı da Türkiyənin bu addımı daha isti qarşılayacağını bilir.

Bütün bunların fonunda mayın 23-25-də Qroznı şəhərində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Çeçenistanın prezidenti Ramzan Kadırovla, o cümlədən, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüş keçirtməsi mühim mətləblərdən xəbər verir. Aydın olur ki, Azərbaycan Rusiyanın təhlükəsizlik məsələrində əsas tərəfdaşlarından biridir və Türkiyə-Rusiya danışıqlarından müstəsna rol oynaya bilər.

Çeçenistanın lideri Ramzan Kadırovun iyunun 8-də öz şəxsi nümayəndəsi Adam Delimxanovu Bakıya göndərməsi onu sübut edir ki, Azərbaycan və Çeçenistan Ankara-Moskva münasibətlərinin bərpa olunmasından ötrü iş çoxdan başladılıb. A.Delimxanov Rusiya Dumasının deputatı, eyni zamanda birbaşa Kadırovun ən güvənilən adamlarından biri olması əslində çox önəmli nüansdır. Delimxanovn Prezident İlham Əliyevlə görüşünün tam mahiyyəti açıqlanmasa da güman etmək olar ki, o, xüsusi tapşırıqla gəlib və hədəf Rusiya-Türkiyə münasibətlərinin düzəlməsi üçün mümkün vasitçəlik variantlarının gözdən keçirmək olub.

Bir məqamı qeyd etmək lazımdır ki, Çeçenistan Prezidentinin Rusiya-Türkiyə intriqasının ilk dönəmində "Türkiyə buna görə peşman olacaq" ifadəsini işlətməsi onun Türkiyə ictimaiyyətinin, həmçinin siyasi elitasının gözündəki siyasi portretinə zədə vurdu. Lakin rəsmi Bakının bu gərginlikdə təmkinli və xoşməramlı davranışları, sonrakı geosiyasi prosesləri dəqiq görməsi hazırkı situasiyada onun vasitəçilikdə lider, ən ideal tərəf olduğunu təkrar isbatlamış oldu. Hərçənd ki, İran da bir neçə dəfə vasitəçilik etmək istəyini bəyan edib ancaq Tehranın Ankara ilə olan mövcud ziddiyyətli münasibətləri bu təşəbbüsün reallaşdırılmasına şərait yaratmır.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti