Azay Quliyev: `Ərdoğan bizi əmin etdi ki...`

Azay Quliyev: `Ərdoğan bizi əmin etdi ki...`
  18 Avqust 2016    Oxunub:25858
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun sədri Kristine Muttonenin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Türkiyədə səfərdədir.

A. Quliyev APA-ya açıqlamasında bildirib ki, nümayəndə heyəti avqustun 16-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman, baş nazir Binali Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşlər keçirib.

A. Quliyev deyib ki, bütün görüşlərdə birmənalı olaraq Türkiyədə hərbi çevrilişə cəhdi qınayıb, Türkiyə hökumətinin, dövlətinin və xalqının yanında olduqlarını bildiriblər: “Bu dönəmdə çox önəmlidir ki, ATƏT Parlament Assambleyası Türkiyədə baş vermiş bu cinayəti birmənalı şəkildə qınasın və öz həmrəyliyini nümayiş etdirsin. Hesab edirəm ki, bu baxımdan bizim bu səfər çox müsbət bir səfər oldu. İkincisi, biz bütün hallarda Türkiyədə baş verən hadisələr zamanı törədilmiş cinayətin açıq qalmaması, cinayəti törədənlərin ədalətli bir şəkildə mühakimə olunması barədə Türkiyə hökumətinin bəyanatını anlayışla qarşılayırıq. Türkiyədə fövqəladə vəziyyət elan edilib və hökumət fövqəladə vəziyyət çərçivəsində hərbi çevrilişə cəhdin nəticələrini aradan qaldırmaq və bu cəhddə rolu olan, çevrilişi təşkil edənlərin hamısına layiq olduğu cəzanın verilməsini istəyir. ATƏT Parlament Assambleyası olaraq Türkiyə hökumətinin bu yanaşmasını da böyük anlayışla qarşıladıq. Türkiyən iqtidarı və müxalifəti ilə keçirdiyimiz görüşlərdə hamı birmənalı şəkildə hərbi çevrilişə cəhdin arxasında FETÖ terror təşkilatının olduğunu dedi. Bu baxımdan da mən hesab edirəm ki, bu işi təşkil edənlər qısa müddətdə ədalət mühakiməsinə çıxarılmalı və layiq olduqları cəzanı almalıdırlar”.



A. Quliyev ATƏT Parlament Assambleyası olaraq Türkiyəyə hərtərəfli yardım təklif etdiklərini söyləyib. Onun sözlərinə görə, ATƏT-in müxtəlif resursları, mexanizmləri var: “Bu mexanizmlər vasitəsi ilə Türkiyədə indiki mərhələnin daha rahat keçilməsi üçün ATƏT Parlament Assambleyası Türkiyəyə dəstək verməyə hazırdır, bunu da açıq şəkildə bildirdik. Dördüncüsü, çalışacağıq ki, biz Türkiyənin indiki çətin durumunda yaxın dəstəyi davam etdirək. Bu məqsədlə ATƏT Parlament Assambleyasının sentyabrda keçiriləcək payız sessiyasına Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu dəvət etdik. Mövlud Çavuşoğluna təklif etdik ki, bu tribunadan istifadə edərək Türkiyənin mövqeyini ATƏT-in üzvlərinə və deputatlara çatdırsın”.

A. Quliyev ümumilikdə hökumət üzvləri ilə keçirilən görüşlərin uğurlu olduğu qənaətindədir: “Prezident Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşdə də çox açıq və səmimi müzakirə apardıq. Türkiyə prezidentinə dəstəyimizi ifadə etdik, çevriliş cəhdini qınadıq. Türkiyə demokratiyasının qalib gəlməsini alqışladıq. Türkiyə vətəndaşlarının öz dövlətlərini və demokratiyalarını qorumaq üçün etdikləri fədakarlıqları yüksək qiymətləndirdik. Rəcəb Tayyib Ərdoğanla keçirdiyimiz görüş çox maraqlı və məhsuldar oldu. Rəcəb Tayyib Ərdoğan bizi tam əmin etdi ki, Türkiyədə insan haqları və qanunun aliliyi qorunacaq, məhkəmələr tərəfsiz olaraq obyektiv şəkildə bütün bu halları araşdıracaq. Günahı olanlara layiq olduqları cəza veriləcək, günahsız olanlar da azad ediləcək. Bu, bizim üçün mühüm bir məqamdır. Türkiyə hökuməti və prezidenti bütün proseslərin qanunun aliliyi çərçivəsində tətbiq ediləcəyini söylədi”.

Nümayəndə heyəti bu gün Türkiyə Böyük Millət Məclisində təmsil olunan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılınçdaroğlu, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı, Xalqların Demokratik Partiyasının (HDP) təmsilçiləri ilə görüşlər keçirib. A. Quliyev bildirib ki, hər üç görüşdə partiyalar dövlət çevrilişinə cəhdlə bağlı ümumi mövqedən çıxış ediblər: “Partiyalar arasında həmrəylik çox mühümdür və biz bu həmrəyliyi yüksək qiymətləndirdik. Demokratiyanın və dövlətçiliyin qorunması, qanuni seçilmiş hakimiyyətin güc yolu ilə dəyişdirilməsinin qarşısının alınması naminə Türkiyədə siyasi partiyaların sərgilədiyi bu mövqe ATƏT Parlament Assambleyası tərəfindən məmnuniyyətlə qarşılandı. Bəzi fikirlər və narahatlıqlar da oldu ki, biz də həmin qeydləri apardıq. Bundan sonrakı mərhələdə ATƏT Parlament Assambleyası ilə Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq qurulacaq və biz əməkdaşlığın qurulmasında çox maraqlıyıq. Bu əməkdaşlıqda tək məqsədimiz Türkiyə dövlətinə, parlamentinə, xalqına və demokratiyasına dəstək verməkdir”.

A. Quliyev ümumilikdə səfəri çox müsbət qiymətləndirib: “Beynəlxalq təşkilatlar arasında bu, Türkiyəyə ilk ən yüksək səviyyəli səfər oldu. Türkiyə xalqı və dövləti ilə həmrəyliyimizi bildirdik. Bu, Türkiyənin, demokratiyanın və ATƏT-in maraqları baxımından təsirli və faydalı səfər oldu. Bizim səfərimiz davam edəcək. QHT-lərlə, universitetlərin rəhbərləri ilə görüşlər keçiriləcək. Biz bu görüşlərdə onları da dinləyəcək və ATƏT Parlament Assambleyasının mövqeyini bir daha onlara çatdıracağıq”.

AzVision.az



Teqlər:  





Xəbər lenti