`QHT-lər üçün yeni imkanlar yaranacaq` - AƏF
Avrasiya Əməkdaşlıq Fondu (AƏF) edilmiş yeni dəyişikliklərin xarici donorlar tərəfindən respublika ərazisində qrant verilməsi prosedurunu asanlaşdırdığına və yerli QHT-lər üçün yeni maliyyə imkanları yaradacağına inanır.
AƏF bildirir ki, bu dəyişikliklərin gətirdiyi yeni imkanlar, xüsusilə, qrantın maliyyə-iqtisadi məqsədə müvafiqliyinə dair rəyin alınması üçün yerli resipiyentin də müraciət edə bilməsi imkanı və həmin rəyin və beləliklə də, qrantın əldə edilməsi üçün eyni vaxtda Ədliyyə Nazirliyinə müraciət edə bilmək imkanı yerli QHT-lərin xarici donorlardan maliyyə dəstəyi almaq potensialını artırır. Bununla yanaşı, bir sıra prosedural məsələlər sadələşdirilmişdir. Qrantın maliyyə-iqtisadi məqsədə müvafiqliyinə dair rəyin əldə edilməsi üçün ərizəyə əlavə olaraq xarici dildə tərtib olunan sənədlərin tərcüməsinin notarial qaydada təsdiq edilməsi barədə tələb artıq ləğv olunub. Qrantın maliyyə-iqtisadi məqsədə müvafiqliyinə dair rəyin verilməsi üçün müəyyən olunmuş müddət 15 gündən 7 günədək azaldılıb.
Həmçinin, sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda əvvəlki halda müddət 15 günədək uzadıla bilərdisə, indiki halda bu müddət 7 günə endirilmişdir. Avrasiya Əməkdaşlıq Fondu ümid edir ki, müvafiq qanunvericilik aktlarına olan müsbət dəyişikliklər önümüzdəki aylarda da davam etdiriləcək və atılmış bu cür addımlar xarici donorların qrant vermək hüququnu əldə edə bilməsi ilə bağlı bürokratik maneələrin aradan qaldrılmasına xidmət edəcək.
AƏF son aylarda Azərbaycan Respublikası hökuməti tərəfindən bu istiqamətdə atılmış addımları müsbət qiymətləndirir və inanır ki, bütün bu addımlar ölkədəki vətəndaş cəmiyyətinin güclənməsinə və ölkənin inkişafına xidmət edəcək
AzVision.az
Teqlər: