Hüquq müdafiəçiləri bəyanat yaydı: “Bu cinayətə görə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır”

Hüquq müdafiəçiləri bəyanat yaydı: “Bu cinayətə görə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır”
  06 İyul 2017    Oxunub:1692
Azərbaycanın hüquq müdafiəçiləri iki yaşlı Zəhranın və onun nənəsinin Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsilə bağlı bəyanat yaylblar.
Bəyanatda deyilir ki, 2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Füzuli rayonunun çoxsaylı mülki əhalinin yaşadığı Alxanlı kəndi qəsdən, məqsədyönlü şəkildə minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Nəticədə 1 yaş 5 aylıq uşaq Zəhra Quliyeva və onun 51 yaşlı nənəsi Sahibə Allahverdiyeva qətlə yetirilib. Daha bir mülki şəxs - 52 yaşlı qadın Səlminaz Quliyeva isə ağır yaralanıb.

“Biz, Azərbaycanın hüquq müdafiəçiləri bəyan edirik ki, bu vəhşilik Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Ermənistan Respublikası və onun rəhbərliyi törətdiyi bu beynəlxalq cinayətlərə görə tam məsuliyyət daşıyır”,- deyə sənəddə bildirilir.

Bəyanat müəllifləri daha sonra qeyd edirlər ki, 1988-ci ildən bəri Ermənistan Azərbaycan ərazisinin 20 faizini – Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edib, nəticədə 1 milyondan çox əhali öz doğma torpağından məcburən köçkün düşüb. Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olub, 5 min nəfərdən çox insan isə əsir və itkin düşüb.1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs barədə razılıq əldə olunsa da, bu dövr ərzində Ermənistan Silahlı Qüvvələrinin hücumları və təxribatları nəticəsində Azərbaycan Respublikasının yüzlərlə hərbi qulluqçusu və dinc sakini həlak olub.

Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinə görə bu günə qədər beynəlxalq məsuliyyətə cəlb olunmaması onun cinayətkar əməllərini davam etdirməsinə şərait yaradır.

“Buna görə də, biz beynəlxalq birliyi, xüsusilə BMT və digər beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən törədilən beynəlxalq humanitar hüququn ciddi pozuntularına hüquqi-siyasi qiymət verməyə, Ermənistan barəsində müvafiq sanksiyalar tətbiq etməyə, Ermənistanın təcavüzünə son qoyulması ilə bağlı zəruri addımlar atmağa, dinc sakinlərin, xüsusilə yaşlı insanların və uşaqların məqsədyönlü şəkildə öldürülməsinə laqeyd qalmamağa çağırırıq”,- deyə, sənəddə vurğulanır.


Teqlər: #Hüquq-müdafiəçiləri   #Zəhra   #Alxanlı  





Xəbər lenti