"Struktur islahatları gələn il də davam edəcək" - YAP-dan açıqlama

"Struktur islahatları gələn il də davam edəcək" - YAP-dan açıqlama
  10 Dekabr 2017    Oxunub:2206
İslahatlar hər zaman aktual olan mövzudur. Bu il aparılan struktur islahatlarının növbəti ildə də davam etdirilməsi nəzərdə tutulub.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə AzVision.az-a bildirib ki, ölkəmizdə müxtəlif sahələrdə islahatlar uğurla davam etdirilir. 2018-ci ildə də islahatların aparılması əsas istiqamət olacaq:
“2016-cı ilin sentyabr ayında Konstitusiyaya dəyişiklik və islahatlarla bağlı referendumdan sonra struktur islahatları keyfiyyətcə yeni mərhələyə keçdi. Hökumət strukturunda dəyişiklik edilməsi, eyni zamanda idarəetmə strukturunun daha optimal vəziyyətə çatdırılması, islahatların əsas hissəsi idi. Həmçinin iqtisadi, hüquqi sahədə islahatların aparılması qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün daha əlverişli şərait yaratdı. İslahatçılıq dövlət başçısı İlham Əliyevin fəaliyyətinin tərkib hissəsidir. Bir qayda olaraq günün tələblərinə cavab verməyən strukturlar zamanı gəldikdə dəyişir. Bu, Azərbaycanda dövlət quruculuğu işinin sürətləndirilməsi, iqtisadi sahədə sürətli inkişafa nail olunması və son nəticədə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması kimi vəzifələri nəzərdə tutulur”.

Milli Məclisin üzvü qeyd edib ki, gələn il struktur islahatları davam edəcək: “Ümumiyyətlə, cəmiyyətdə hər zaman islahatçılıq ruhu olmalıdır. Yenilənmə, digər ölkələrdə özünü doğruldan təcrübələrin Azərbaycana gətirilməsi, inkişafdan irəli gələnən məsələlərə vaxtında reaksiya verilməsi gələn il də inkişafımızı xarakterizə edəcək. Heç bir şübhə yoxdur ki, islahatçılıq 2018-ci ildən sonra da əsas istiqamət olacaq. İslahatlar dövlətçiliyimizin möhkəmlənməsi, stabilliyin və təhlükəsizliyin qorunması, vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsi, sosial vəziyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutulur”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: YAP   Aydın-Mirzəzadə  





Xəbər lenti