Azərbaycan “ADEX-2018” müdafiə sərgisinə hazırlaşır

  17 Dekabr 2017    Oxunub : 1717
Azərbaycan “ADEX-2018” müdafiə sərgisinə hazırlaşır
2014-cü ildə keçirilən “ADEX” sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən 168 adda məmulat nümayiş etdirildiyi halda, 2016-cı ildə bu rəqəm 260 təşkil edib.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov deyib. Onun sözlərinə görə, sərginin keçirildiyi günlərdə hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə razılıqlar əldə olunub, bir sıra layihələrin reallaşdırılması ilə bağlı fikir mübadilələri aparılıb. Eyni zamanda, məmulatların ixracı üzrə memorandum və niyyət protokolları imzalanıb.

Nazir bildirib ki, hazırda 2018-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan “ADEX” III Beynəlxalq müdafiə sərgisinin 2014-cü və 2016-cı illərdə keçirilmiş sərgilərdən daha yüksək səviyyədə təşkil olunması üçün hazırlıq işləri aparılır.

Y.Camalov qeyd edib ki, dövlətimizin başçısının verdiyi tapşırıqlara əsasən, 2009-cu ildən ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələrin qabaqcıl firma və şirkətlərinin təmsil olunduqları beynəlxalq müdafiə sərgilərinə qatılan MSN cari ilin mayında İstanbulda keçirilmiş “İDEF-2017” beynəlxalq müdafiə sərgisində 260 adda məmulat nümayiş etdirib.

"Bir sıra yeni məhsullar ziyarətçilərə ilk dəfə təqdim edilib və bu da böyük maraqla qarşılanıb. Sərginin keçirildiyi günlərdə tədbirə qatılan digər ölkələrin nümayəndələri ilə gələn il Bakıda keçiriləcək “ADEX-2018” üçüncü beynəlxalq müdafiə sərgisində iştirakla bağlı razılaşmalar əldə olunub".

AzVision.az

Teqlər: Yavər-Camalov   ADEX-2018