Azərbaycan yeni silahlar alır: “Əsas məqsəd düşməni döyüşə girmədən məhv etməkdir”

  11 Yanvar 2018    Oxunub : 14728
Azərbaycan yeni silahlar alır: “Əsas məqsəd düşməni döyüşə girmədən məhv etməkdir”

Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib ki, Azərbaycan hərbi gücünü artırır, beynəlxalq reytinqə görə ordumuz dünyanın ən güclü ordularından biridir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan dövlət başçısı deyib ki, bu münaqişənin həllində Azərbaycanın mövqeyi ədalətli və beynəlxalq hüquqa əsaslanır.

Ali Baş Komandan, həmçinin qeyd edib ki, növbəti illərdə bu sahədə tədbirlər görüləcək və Azərbaycan Ordusu üçün yeni silahlar alınacaq.

Hərbi ekspert Rəşad Süleymanov AzVision.az-a bildirib ki, 2016-2017-ci ildə dünyada baş verən iqtisadi problemlərə baxmayaraq, Azərbaycan Ordusu silahlanma proqramlarını davam etdirib.



Ekspertin fikrincə, ötən il kifayət qədər yeni silahlar qoşunların istifadəsinə verilib: “Azərbaycan əvvəlki illərdə qarşıya qoyduğu planları yerinə yetirib. Bu, bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmayana qədər, silahlanma prosesi dayandırılmayacaq. Bu proses daha müsair silahlar hesabına bundan sonra da davam etdiriləcək. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin silah və texnika parkı MDB məkanında modernləşməyə görə ilk yerdədir”.



R.Süleymanov əlavə edib ki, 2018-ci ildə alınacaq yeni silahların müqavilələri əsasən, 2016-2017-ci və ondan əvvəlki illərdə bağlanan müqavilələr üzrə həyata keçiriləcək:

“2018-ci ildə ordumuzun silahlanmasında yeni döyüş və təlim təyyarələri yer alacaq. Eləcə də yeni raket-artileriya komplekslərinin bir qismini ordumuzun 100 illiyi ərəfəsində görəcəyik. Həmçinin yerli hərbi sənayenin yeni məhsulları istifadəyə veriləcək. Bu gün yeni müharibələrdə düşmənin cəbhənin dərinliyində, uzaq məsafədə olan strateji hədəflərini məhv edə biləcək silahlara daha çox ehtiyac var. Bizim əsas məqsədlərimizdən biri də düşməni döyüşə girmədən məhv etməkdir. Bu baxımdan ordumuzun daha dəqiq silahlarla təmin edilməsi vacibdir. Düşünürəm ki, 2018-ci ildə daha çox strateji və dəqiq silahlara üstünlük veriləcək. Eləcə də Hərbi Dəniz Qüvvələrinin yenilənməsi istiqamətində işlər olacaq. Bura yeni gəmilərin sifariş verilməsi və s. məsələlər daxildir”.



Qeyd edək ki, son illər Azərbaycan ordusu ən müasir silahlarla təmin edilib. Silahlanma strategiyasında alınan texnikanın müasirliyi və keyfiyyəti əsas rol oynayır. Azərbaycan 20-dən çox ölkədən silah-sursat alır. Alınan ən müasir silah və texnikalar arsenalımızın daha da zənginləşməsini təmin edib. Hazırda bir sıra ölkələrdən müasir silahların alınması istiqamətində işlər davam etdirilir.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev isə bildirmişdi ki, Azərbaycan Ordusunun malik olduğu silah və texnikanın 80 faizindən çoxu yenilənib.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Silah   Ekspert   Ordu