Türkiyəli hərbi ekspert: “Ermənistan açıq-aşkar terrorçuları himayə edir”
Türkiyənin terror və təhlükəsizlik üzrə tanınmış eksperti Abdullah Ağar AzVision.az-a bildirib ki, Afrində ağır məğlubiyyətə düçar olan PKK, PYD yaraqlılarını Ermənistanın himayə etməsi heç kimə sirr deyil.
Ekspertin sözlərinə görə, Ermənistanın bilavasitə terror təşkilatları ilə əlaqəsi mövcuddur: “PKK-nın Ermənistan və bu ölkədə bəzi qüvvələrlə əlaqədə olması haqda məlumatlıyıq. Ermənistan açıq-aşkar PKK-ya, terrorçulara dəstək verir. Bizim əlimizdə bununla bağlı yetərincə dəlillər mövcuddur. Ermənistandan olan PKK terrorçuları Amasiya, Ağrı dağı və Türkiyənin bu ölkə ilə sərhəd ərazisində məskən salıblar. Afrin döyüşlərində Ermənistanın PKK terrorçulara dəstək verdiyi də açıq-aşkar görünür. Ermənistan buna görə ağıllı olmalıdır. Terrora dəstək olmaq bu ölkə üçün heç də yaxşı nəticə verməyəcək”.
Türkiyəli ekspert, həmçinin vurğulayıb ki, Afrindəki əməliyyatlarla bağlı Rusiya və ABŞ mediasında təxribat xarakterli məlumatlar yayılır: “Türkiyənin Afrində həyata keçirdiyi əməliyyatın nəticələri olduqca strateji, geosiyasi əhəmiyyət daşıyacaq. Burada hər kəs Türk ordusunun, onun imkan və qabiliyyətinin, savaş əzminin şahidi olur. Bu, olduqca önəmlidir. Digər tərəfdən PKK da Türkiyəyə qarşı savaşa hazırlaşır. Onlar xain hücumlar təşkil etməyə can atırlar. Bütün bunlara baxmayaraq, Türkiyə ordusu Afrində əməliyyatları uğurla davam etdirir. Bu günədək bölgədə bir neçə kənd, strateji mövqe terrorçulardan azad edilib. Bəzi KİV-lərdə təxribat xarakterli məlumatların yayılması Türkiyə ordusuna mane ola bilməz. Biz Afrində son terrorçu məhv edilənədək əməliyyatları davam etdirəcəyik”
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Türkiyə Afrin Ermənistan